EN

Azərbaycanın dövlət borcu açıqlanıb

Bakı, 28 yanvar, AZƏRTAC

Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2025-ci il 1 yanvar tarixinə xarici dövlət borcunun səviyyəsi 5 milyard 160 milyon dollar və ya 2024-cü il üzrə ÜDM-in 6,9 faizini təşkil edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir.

2025-ci il 1 yanvar tarixinə dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1 milyard 295,6 milyon manat məbləğində xərclər nəzərdə tutulub. 2024-cü il ərzində qeyd olunan xərclərdən daxili dövlət borcu üzrə 170,3 milyon manatın (faiz borcu üzrə), xarici dövlət borcu üzrə isə 1 milyard 125,2 milyon manatın (əsas borc üzrə 850 milyon manat, faiz borcu üzrə 275,2 milyon manat), cəmi 1 milyard 295,5 milyon manatın ödənilməsi təmin edilib.

2024-cü ilin dövlət büdcəsində nəzərdə tutulan dövlət borcuna xidmətlə əlaqədar xərclərin il ərzində qənaət olunmuş 0,1 milyon manat (bank xərci) məbləğində hissəsi isə “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanunun 13.2.4-cü maddəsinə uyğun olaraq “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”na köçürülüb.

Dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi və “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü daxili borclanma siyasətinin həyata keçirilməsi nəticəsində daxili dövlət borcunun səviyyəsi operativ məlumatlara əsasən 2025-ci il 1 yanvar tarixinə 18 milyard 659,7 milyon manat təşkil edib.

Chosen
8
29
azertag.az

10Sources