EN

"Anı yaşamaq keçmişi və gələcəyi düşünməkdən daha yaxşıdır" - PSİXOLOQ

"Beynimizin keçmişdə və ya gələcəkdə qalması bəzi hallarda psixoloji cəhətdən mənfi təsir göstərə bilər".

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bu tip hallarda keçmişə və ya gələcəyə fokuslanmağın həyat keyfiyyətinin aşağı düşməsi, narahatlıq, stress və depressiya kimi problemlərə səbəb olması mümkündür:

"Hətta belə hallarda beynin davamlı olaraq bu zaman çərçivələrində qalmasının müəyyən psixoloji çətinliklərə səbəb olma ehtimalı var. Lakin keçmişdə qalmaq, xüsusilə peşmanlıq və təəssüf hissi ilə bağlı düşüncələr insana emosional ağırlıq və narahatlıq gətirə bilər. 

İnsanların keçmişdə etdikləri səhvləri təkrarlamaq və ya daha fərqli qərarlar vermək barədə düşünmələri də mümkündür. Bu isə bəzən təkrarlanan "keçmişi dəyişdirmək" və "o anı düzəltmək" arzusu ilə bağlı olur. Ancaq belə düşüncələr insanı daha çox keçmişdə ilişib qalmağa vadar edir və bu da həyatdan zövq almağı çətinləşdirir". 

366772

Ekspert qeyd edib ki, keçmişdəki səhvləri və uğursuzluqları davamlı şəkildə düşünmək insanın özünə qarşı sərt tənqidi münasibət bəsləməsinə səbəb ola bilər:

"Bu da özünə inamsızlıq və özünü dəyərsiz hiss etməyə gətirib çıxara bilər. Təəssüf ki, bununla da kifayətlənmir. Çünki şüurumuz nəinki keçmişdə, eyni zamanda gələcəkdə də ilişib qalır. Gələcəyin qeyri-müəyyənliyi və planlaşdırmada yaranan çətinliklər insanı özünə nəzarətsiz və gücsüz hiss etdirə bilər. Bunun isə depressiya və ümumi narahatlıq hisslərinin artmasına səbəb olması mümkündür. 

Əslində, çox az sayda insan anı yaşamağı seçir və ya hənin anda yaşaya bilir. Yəni həmin şəxslər keçmişi və gələcəyi düşünməkdənsə, anın içində mövcud olurlar. Bu yanaşma "anlıq düşüncə" də adlandırılır. Bu, psixologiyada müəyyən dərəcədə sağlamlıq və özünü təkmilləşdirmə ilə əlaqələndirilə bilər". 

Psixoloqun sözlərinə görə, belə insanlar isə daha çox özlərindəki duyğuları və təcrübələri anında yaşamağa, qəbul etməyə və bu şəkildə həyatdan zövq almağa çalışırlar:

"Bu üsul stressin azaldılmasına, narahatlıq və depressiya simptomlarının yüngülləşdirilməsinə kömək edə bilər. Həmçinin, bəziləri bu yanaşmanı "anlıq həyat yaşamaq" olaraq qəbul edib, nəticədə uzunmüddətli planlar qurmaq və məqsədlərə çatmaqla bağlı çətinliklər yaşayırlar. Bu da psixoloji cəhətdən pozulmuş balans və həyat tərzi kimi qəbul edilə bilər.

Psixoloji problemlərin təzahürü kimi bu yanaşmanı görmək hər şəxsdə fərqli olur. Məsələn, gələcək barədə çox narahat olmaq və ya keçmişi unuda bilməmək kimi hallarda, psixoloji dəstək və ya terapiya lazım ola bilər. Lakin həyatın anlarını yaşamaq və anın dəyərini bilmək, insanın psixoloji sağlamlığına müsbət təsir edə bilər, xüsusilə də müasir dünyada çox sürətli və stressli həyat şəraitində". 

Zəhra Zahidova fikirlərini belə yekunlaşdırıb:

"Bu yanaşma hər bir fərd üçün fərqli nəticələr verə bilər. Ona görə də balanslı bir yanaşma tapmaq olduqca mühümdür. Ümumiyyətlə, keçmişi və gələcəyi düşünmək vacib olsa da, anı dəyərləndirmək və yaşamaq da önəmlidir. Hər iki yanaşma arasında sağlam bir əlaqə qurmaq isə daha müsbət nəticələr verə bilər".

Pərviz

Chosen
33
50
hit.az

10Sources