İranın hazırki Prezidenti Məsud Pezeşkian ixtisasca ürək cərrahıdır. O, bir müddət həkim kimi çalışıb, hətta daha sonra İran İslam Respublikasının səhiyyə naziri vəzifəsində işləyib.
Məsud Pezeşkian vaxtilə Azərbaycana - Bakı şəhərinə də gəlib.
Bunu Modern.az-a Bakıdakı Topçubaşov adina Elmi Cərrahiyyə Mərkəzinin Ürək cərrahlığı şöbəsinin müdiri Fazil Abbasov deyib.
O, hətta vaxtilə Məsud Pezeşkianla qısa müddət ərzində bir yerdə çalışıb.
Fazil Abbasov bildirib ki, Pezeşkian bir neçə dəfə Bakıya gəlib və onun qonağı olub:
"Məsud Pezeşkian ilk dəfə Təbriz Universitetinin rektoru işləyəndə, 1996-cı ildə Bakıya gəlmişdi. O zaman Tibb Universitetində, Səhiyyə Nazirliyində onun görüşləri olub. Bizim instituta gəlib ürək cərrahı kimi apardığımız əməliyyatlara baxmışdı. Birlikdə çörək yedik, tanışlığımız yarandı. 1997-ci ildə isə mən Təbrizə getdim. Oradakı əməliyyatlara baxdım, yeniliklərlə tanış oldum. Bakıya gələndən iki il sonra mən Pezeşkianla danışdım və əməkdaşlarımla birlikdə 10 günlüyə Təbrizə getdik. O, bizə yaxşı şərait yaratdı, Təbriz Universitetinin otelində yer ayırdı, yemək-içməyimizi təşkil etdi. İşçilərimiz orada çox şey öyrəndi və geri qayıtdıq.
Daha sonra iki dəfə də o, Azərbaycana gəldi. Axırıncı dəfə “Bakı ürək günləri” konfransında iştirak edib. Orada bir yerdə olduq. Bundan sonra bir-iki dəfə də mənim evimdə qonaq olub. Mən onu qonaq çağırırdım, çünki o da məni Təbrizdə qonaq edirdi. Məsud Pezeşkian Təbrizin müxtəlif rayonlarında 10 dənə poliklinika açıb. Hamısını da bizə göstərirdi".
Fazil Abbasov Məsud Pezeşkianın Azərbaycandan Təbrizə müalicəyə gedən xəstələri pulsuz əməliyyat etdiyini də deyib:
"Tehrandan Təbrizə gəlib Ürək Cərrahiyəsi yaratmışdılar. Professor Məsud Pezeşkian, professor Abbas və Tərvizi Riyazat o zaman Azərbaycandan gedənləri pulsuz əməliyyat edirdilər. Ən çox da Naxçıvandan ora gedirdilər".