EN

Azərbaycan və Səudiyyə Ərəbistan Krallığı arasında hərbi əməkdaşlıq müzakirə edilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Səudiyyə Ərəbistanı Krallığı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovailinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib, iki ölkə arasında hərbi əməkdaşlıq müzakirə edilib.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Zakir Həsənov Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında münasibətlərin dostluq və qardaşlıq üzərində qurulduğunu, ölkə rəhbərliyi tərəfindən bu əlaqələrin inkişaf etdirilməsinə xüsusi önəm verildiyini və daima diqqət mərkəzində saxlanıldığını bildirib.

General Faiyad bin Hamed Al Rovaili Azərbaycana səfərindən məmnun olduğunu qeyd edərək göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Qonaq bu cür səfərlərin hərbi əlaqələrin genişlənməsində müstəsna rolu olduğunu vurğulayıb.

Görüş zamanı, həmçinin hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. Baş Qərargahda təşkil edilən rəsmi qarşılanma mərasimində fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti ilə görüşüb.
Baş Qərargahda keçirilən görüşdə tərəflər, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın daha da inkişaf edəcəyini əminliklə vurğulayıb və ölkələr arasında təcrübə mübadiləsinin əhəmiyyətini xüsusi qeyd ediblər.

Görüşdə hərbi əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb. Görüşdən sonra qonaqlara Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə orduda aparılan islahatlar və tətbiq edilən yeniliklər, Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə nəticələnən Vətən müharibəsi və digər uğurlu əməliyyatlar barədə brifinq təqdim edilib.

Səudiyyə Ərəbistanı Krallığı Silahlı Qüvvələrinin nümayəndə heyətinə, həmçinin idarəetmə məntəqələri ilə bağlı ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Chosen
4
50
report.az

10Sources