EN

Təyyarə qəzasında xəsarət alan 2 nəfərin müalicəsi Yeni Klinikada davam edir, daha ikisi Tibbi Reabilitasiya Mərkəzinə köçürülüb

Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin ötən ilin dekabr ayının 25-də Aktau yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alanlardan 2 nəfərin (qadın) müalicəsi Yeni Klinikada davam etdirilir.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, Reanimasiya şöbəsində müalicə alan şəxsin vəziyyəti ağır stabil, Stasionar şöbədə müalicəsi davam etdirilən şəxsin vəziyyəti isə qənaətbəxş olaraq dəyərləndirilir.

Məlumata görə, Stasionar şöbədə müalicə alan Nurullah Siracov və Müslimat Siracova fizioterapevtik müalicənin davam etdirilməsi məqsədilə bu gün TƏBİB-in tabeliyindəki Tibbi Reabilitasiya Mərkəzinə köçürülüb.

Xatırladaq ki, ümumilikdə Azərbaycana təxliyə edilən 17 yaralıdan 13 nəfəri artıq ambulator müalicə üçün evə yazılıb. Onların sağlamlıq durumları yaşadıqları ərazi üzrə müvafiq sahə həkimləri tərəfindən nəzarətdə saxlanılır.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Dövlət başçısı eyni zamanda qəzada həlak olan ekipaj üzvlərini - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevanı Azərbaycanın Milli Qəhrəmanı adı, xəsarət alan ekipaj üzvləri - Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimlini isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edib.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşündə bəyan edib ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir.

Həmçinin, qəza ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

Chosen
4
50
report.az

10Sources