EN

"Yəhudilər insan iradəsi və zəfərinin zirvəsidir" - Donald Tramp

 
"Hər bir insan Tanrı övladıdır və doğuşdan hörmətə layiqdir..."
 
ABŞ prezidenti ölkəsində antisemitizmə qarşı qətiyyətlə mübarizə aparacağına söz verib...
 
Yanvarın 27-də Osvensim-Birkenau ölüm düşərgəsinin azad edilməsinin 80-ci ildönümü münasibətilə dünyanın hər yerindən dövlət nümayəndə heyətləri və beynəlxalq təşkilatlar Polşaya toplaşıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "euronews.com" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, mərasimə Albaniya, Argentina, Avstraliya, Avstriya, İtaliya, İsrail, Fransa, Ukrayna, ABŞ, Böyük Britaniya və digər ölkələrdən ümumilikdə 19 prezident, 11 hökumət başçısı, 14 monarx və krallıq ailələrinin üzvləri, nazirlər və diplomatlar daxil olmaqla 60 xarici nümayəndə heyəti gəlib. Həmçinin Avropa Komissiyası, Avropa Parlamenti, Avropa Şurası, NATO, BMT və YUNESKO-nun nümayəndələri iştirak edib.
 
Ümumilikdə mərasimdə təxminən 3 min nəfər iştirak edib. Rusiya Ukraynaya qarşı təcavüzünə görə tədbirə dəvət edilməyib. İsraili
təhsil naziri Yoav Kiç təmsil edib.
 
Elə həmin gün ABŞ prezidenti Donald Tramp Osvensim-Birkenau ölüm düşərgəsinin azad edilməsinin 80 illiyinə həsr olunmuş proklamasiya dərc edib və antisemitizmə qarşı qətiyyətlə mübarizə aparacağına söz verib.
 
"Bu əlamətdar gündə Amerika yəhudi icmasına, Polşa xalqına və bütün dünyaya qoşularaq itirilmiş həyatlara, məhv edilmiş ruhlara, unudulmuş qəhrəmanlara və azadlıq uğrunda həyatlarını qurban vermiş saysız-hesabsız kişilərə və qadınlara yas tuturuq", - Tramp vurğulayıb.
 
"Osvensimdə analar və atalar öz övladlarını, qızlar və oğullar valideynlərini, həyat yoldaşları isə öz sevimli yarlarını itirib. Antisemitizmin ölümcül bəlası onların qəlblərində sağalmaz boşluq yaradıb. Biz dua edirik ki, Qadir Allah Osvensimdəki vəhşiliklərdən sağ çıxanlara, ailə üzvlərini və yaxınlarını itirənlərə təsəlli və güc bəxş etsin. Biz sizin cəsarətinizi alqışlayırıq və sizə dəyişməz sevgimizi və bitməz təşəkkürümüzü çatdırırıq. Holokostun dəhşətindən təsirlənmiş hər bir insana isə biz əbədi sədaqətimizi və tarixin o qaranlıq dövründə baş verən pislikləri unutmamaq sözümüzü veririk", - ABŞ lideri əlavə edib.
 
"Təəssüf ki, sağ qalanların paylaşdığı müdrikliyə, baş vermiş cinayətlər üzərindəki düşüncələrə və onilliklər boyunca sülh yolunda irəliləyişlərə baxmayaraq, antisemitizmin zəhəri hələ də dünyanın qaranlıq guşələrində qorxaqların damarlarında axır. Buna görə də bu gün biz bir daha vəd edirik ki, antisemitizm mədəni cəmiyyətdə, bizim xarici siyasətimizdə və Amerika Birləşmiş Ştatlarında yeri olmayan bir şeydir", - Tramp vurğulayıb.
 
"Osvensimin azad edilməsindən səksən il keçsə də, Holokost zamanı törədilmiş ağır cinayətlər və yəhudi xalqının fəryadları tarixin salonlarında əks-səda doğurur. Osvensimdə və Avropanın digər yerlərində baş vermiş zülmlərdən, təqiblərdən və haqsızlıqlardan sonra yəhudi xalqı bizim qüdrətli dostumuz olan müasir İsrail dövlətində öz vətənini yenidən qazanmaq üçün şücaətlə mübarizə aparıb. Bu gün də yəhudi xalqı insan iradəsinin və zəfərinin zirvəsi olaraq qürurla dayanır", - ABŞ Prezidenti qeyd edib.
 
O, gələcək nəsillərin Osvensimdə və digər ölüm düşərgələrində baş vermiş dəhşətlər haqqında maarifləndirilməsinə xüsusi diqqət ayıracağını vəd edib.
 
"Biz antisemitizmə və dini fanatizmin bütün formalarına son qoymaq əzmimizi bir daha təsdiq edirik. İsrail dövləti ilə möhkəm dostluq əlaqələrimizi qürurla təsdiq edirik. Və əbədi bir həqiqəti elan edirik: hər bir insan Tanrı övladıdır və doğuşdan hörmətə layiqdir", - Tramp bəyan edib.
 
"Beləliklə, mən Amerika Birləşmiş Ştatlarının prezidenti olaraq ABŞ Konstitusiyası və qanunları ilə mənə verilmiş səlahiyyətlərə əsasən, 27 yanvar 2025-ci ili Osvensimin azad edilməsinin 80 illik yubileyi münasibətilə Milli Anım Günü elan edirəm. Bu gün hər bir Amerika vətəndaşını Holokost qurbanlarını yad etmək və nasistlər tərəfindən əsir götürülənləri azad edən kişilərin və qadınların şərəfinə mərasim və dualar vasitəsilə bu günü qeyd etməyə çağırıram", - ABŞ lideri göstəriş verib.
Chosen
6
moderator.az

1Sources