EN

İmmiqrasiya Fransa hökuməti daxilində fikir ayrılığına səbəb olub

Strasburq, 28 yanvar, AZƏRTAC

Fransada miqrasiya məsələləri ilə bağlı hökumət daxilində fikir ayrılıqları davam edir. Daxili işlər naziri Brüno Rötayo immiqrasiyanı ölkə üçün zərərli hesab edir və bu sahədə sərtləşdirici tədbirlərin görülməsini müdafiə edir. Bunun əksinə olaraq, iqtisadiyyat, maliyyə və vergi naziri Erik Lombard immiqrasiyanın iqtisadi faydalarını vurğulayaraq Fransanın immiqrasiya ölkəsi olaraq qalmalı olduğunu bildirir.

AZƏRTAC xəbər verir ki, Brüno Rötayo qeyri-qanuni immiqrasiyaya qarşı daha sərt yanaşmanın tətbiqinə çağıraraq sənədsiz immiqrantların qanuniləşdirilməsi meyarlarını sərtləşdirən yeni direktivlər təqdim edib. O, bununla ölkəyə qeyri-qanuni yolla gələnlərin sayını azaltmağı hədəfləyir. Nazir qeyd edib ki, yeni sirkulyar 2012-ci ildə qəbul edilmiş və yaşayış icazələrinin verilməsində prefektlərin səlahiyyətlərini genişləndirən Valls sirkulyarını sərtləşdirir.

Bununla belə, Erik Lombard immiqrasiyanın Fransa iqtisadiyyatı üçün vacib olduğunu bildirərək, “Şirkətlərdə, fabriklərdə və xəstəxanalarda iş yerlərini doldurmalıyıq”, deyə mövqeyini müdafiə edib. O, immiqrasiyanın iqtisadi inkişaf və işçi qüvvəsinin təminatı baxımından əhəmiyyətini önə çəkib.

Yeni direktivlər hökumət daxilində ziddiyyətləri daha da artırıb. İqtisadiyyat və maliyyə naziri, daxili işlər nazirinin yanaşmasını tənqid edərək, bu mövzuda hökumət daxilində fərqli baxışların olduğunu vurğulayıb.

Daxili işlər nazirinin təqdim etdiyi yeni qaydalar solçu və sağçı partiyaların, eləcə də müxtəlif siyasi qüvvələrin tənqidinə səbəb olub. “Əyilməz Fransa” partiyasından olan deputat Kler Löjön bu direktivlərin respublika dəyərlərinə zidd olduğunu və ifrat sağçı ideyalara dəstək kimi qiymətləndirildiyini bildirib.

İfrat sağçı “Milli Birlik” (RN) partiyası isə yeni qaydaları “saxta sərt” adlandıraraq sənədsiz immiqrantların qanuniləşdirilməsi prinsipindən tamamilə imtinaya çağırıb.

Milli Assambleyanın sədri Yael Braun-Pive də yeni direktivlərə qarşı çıxaraq onların inteqrasiya olunmuş və respublika dəyərlərinə uyğun yaşayan əcnəbilərin hüquqlarını məhdudlaşdıra biləcəyindən narahatlığını ifadə edib.

Qeyd edək ki, əvvəlki Valls sirkulyarı hər il təxminən 30 min insanın qanuniləşdirilməsinə imkan yaradırdı və prefektlərin səlahiyyətlərinə üstünlük verirdi. Yeni qaydalar bu mexanizmi xeyli məhdudlaşdırmağı nəzərdə tutur.

Chosen
8
azertag.az

1Sources