EN

Kəndlərdə əkinçilikdən kütləvi dönüş başlayıb- rəqəmlər dəhşətlidir...

Image

Akif Nəsirli: “Bitkiçilik sahəsinin lazımi səviyyədə olmaması su çatışmazlığı ilə bağlıdır”

Hesablama Palatası kəndlərdə əkinçiliklə məşğul olan əhali ilə bağlı hesabat açıqlayıb. Sənəddə qeyd edilir ki, kənd yerlərində əkinçilikdən imtina edən işsiz əhalinin sayı 2023-cü ildə 2015-ci ilə nisbətən 36,4% artıb.

“Məhsul əldə edən kəndli öz becərdiyini normal qiymətə satmaq üçün bazara çıxa bilmir və beləliklə əkinçiliklə məşğul olanların sayı azalır”

Mövzu ilə bağlı fikir bildirən aqrar sahə üzrə ekspert Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, kənd əhalisinin əkinçilikdən imtina etməsinin çeşidli səbəbləri var: “İlk olaraq deyim ki, bitkiçilik sahəsində problem var. Belə ki, bitkiçilik sahəsinin lazımi səviyyədə olmaması su çatışmazlığı ilə bağlıdır. Su əkinçilikdə çox vacib amillərdən biridir. Vətəndaş hər hansı bir bitkini alır, yaz aylarında suvarır və bitki halına gəlir. Daha sonra isə  fermer həmin məhsulu suvarmaq üçün su tapmır və məhsuldarlıq əldə edə bilmir. Su çatışmazlığına görə kənd əhalisi əkinçiliklə məşğul olmaq istəmir.

Bununla yanaşı, məhsul əldə edən kəndli öz becərdiyini normal qiymətə satmaq üçün bazara çıxara bilmir. Bu səbəbdən də kəndli həmin məhsulu ucuz qiymətə elə öz təsərrüfatında satır. Bu da kəndliyə sərf etmir. Onu da deyim ki, hökumət fermerlərə subsidiya verir. Subsidiya isə kəndliyə elə formada verilir ki, bunun ona heç bir xeyri olmur. Məlumdur ki, kənd təsərrüfatına verilən subsidiyaların yalnız 25 faizini fermerlər nağdlaşdıra bilir. Qalan 75 faiz hissəni isə Kənd Təsərrüfatı Nazirliyinin təyin etdiyi şirkətlərlərdən ala bilərlər. O şirkətlər də fermerlərə həm baha, həm də keyfiyyətsiz toxum çeşidləri və gübrə növləri satırlar. Məsələn, taxıl toxumu satırlar, o qədər keyfiyyətsiz toxum olur ki, fermerlər yalnız 50 faiz məhsul ala bilirlər. Həmçinin, gübrə, dərmanlar (bitki qoruma vasitələri) və s. məhsullar çox keyfiyyətsiz olur. Bu səbəblərə görə fermerlərə verilən subsidiyalar gözlənilən nəticəni vermir. 

Həmçinin, heyvandarlıq sahəsi üzrə örüş sahələri zəbt olunub. Örüş yerləri məhdudlaşdırıldığı üçün heyvandarlıqla da məşğul olanların sayı azalıb”.

Günel CƏLİLOVA 





Chosen
5
50
baki-xeber.com

10Sources