EN

Qarabağ və Şərqi Zəngəzurda suvarılan əkinlərə subsidiya veriləcək

Kənd Təsərrüfatı Nazirliyində keçirilən brifinqdə  qurumun mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov fermerlərin əkin subsidiyası almaq üçün 10 hektardan artıq sahədə becərilən arpa, buğda, çəltik və qarğıdalı əkinlərini sığortalamalarının zəruriliyini bildirib.  O qeyd edib ki, azad edilmiş ərazilərdə müasir suvarma sistemləri ilə təmin olunmuş  arpa və buğda əkinlərdə hər hektara görə 400 manat, həmin ərazilərdə müasir suvarma sistemləri ilə təmin olunmamış əkinlərdə isə 140 manat əkin subsidiyasının ödənilməsi nəzərdə tutulub.

Digər ərazilərdə müasir suvarma sistemləri ilə təmin olunmuş əkinlərin hər hektarına 290 manat, müasir suvarma sistemləri ilə təmin olunmamış əkinlərə 230 manat veriləcək. Qarğıdalı üzrə müasir suvarma sistemləri ilə təmin olunmuş əkinlərdə hər hektara 290 manat, müasir suvarma sistemləri ilə təmin olunmamış əkinlərə hər hektara 230 manat, çəltik üzrə əsas əkinlərə isə hər hektara 380 manat ödənilməsi qərara alınıb.

V.Hüseynov brifinqdə intensiv meyvə bağlarına görə yeni tələbin də müəyyənləşdirildiyini qeyd edib. O, minimum sahəsi 15 hektar olan intensiv meyvə bağlarına görə birdəfəlik əkin subsidiyası almaq üçün həmin bağlarda mütləq iqlim stansiyasının quraşdırılmasının zəruriliyini vurğulayıb.  

Nazirliyin nümayəndəsinin sözlərinə görə, fermerlər müvafiq məlumatlar əsasında hava şəraitinin əvvəlcədən bilinməsi, əkin sahələrində, bağlarda, plantasiyalarda nəmlik miqdarının, atmosfer təzyiqinin dəyişməsi və s. öyrənmək üçün internet resurslarından istifadə edirdilər. Hazırda dünyada bunun üçün müasir iqlim stansiyalarından alınan məlumatların işlənilməsi və reaksiya verilməsi geniş yayılıb. İqlim stansiyalarının quraşdırılması fermerlərə dəyişkən hava şəraitinə çevik reaksiya verməyə yardım edəcək. Bu, həm bağlara dəyə biləcək zərərin minimuma endirilməsinə səbəb olacaq, həm də bağlardan əldə olunan məhsulların artırılmasına müsbət təsir göstərəcək.    

Chosen
10
xalqqazeti.az

1Sources