EN

Ermənistanın Azərbaycana verdiyi mina xəritələri niyə reallığı əks etdirmir? - BMT təmsilçisi ilə MÜSAHİBƏ

Ermənistan ötən illər ərzində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud olan mina sahələrinə dair 972 xəritəni təhvil verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yayımladığı məlumatda qeyd olunub. Azərbaycan Mina Təmizləmə Agentliyinin (ANAMA) mütəxəssisləri isə qeyd edirlər ki, xəritələr qeyri-dəqiq, etibarsız və natamamdır. Məsələn, Ermənistan tərəfindən Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında basdırılan mina sahələrinə dair 2021-ci ildə verilmiş məlumatların dəqiqliyi cəmi 25 % təşkil edib.

Bəs xəritələr hansı səbəblərdən natamamdır?

Ermənistan xəritələrə dair dolğun məlumatları Azərbaycana verməkdən imtina edir, yoxsa problemin kökündə başqa səbəblər var?

“Report”un ABŞ bürosu bu sualları BMT-nin hazırda dünyanın 19 ölkəsində minatəmizləmə fəaliyyətlərinə birbaşa dəstək və yardım göstərən Minalardan Təmizləmə Xidmətinin (UNMAS) İctimaiyyətlə Əlaqələr Şöbəsinin mütəxəssisi Li Vudyeara (Lee Woodyear) ünvanlayıb.

BMT rəsmisi bildirib ki, post-müharibə dövründə UNMAS Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud olan mina sahələrinə dair xəritələrin Ermənistandan alınıb Azərbaycana verilməsində aparılan danışıqlarda xüsusi rolu olub. O, qeyd edib ki, UNMAS münaqişədən sonra minalanmış ərazilərdə qiymətləndirmə apararaq, BMT-nin İnkişaf Proqramının (BMTİP) vasitəsilə Azərbaycan hökumətinin minalarla mübarizə səylərinə dəstək verməsini tövsiyə edib və həmin vaxt mina xəritələrinin Ermənistan tərəfindən alınması üçün onlarla əlaqə yaradıb: “Təəssüf ki, həmin müzakirənin faktiki təfərrüatları məndə yoxdur. Yadımdadır, sülh planı olanda bu barədə müzakirələr gedirdi. Sonra bununla bağlı konkret addımlar atıldı. Daha sonra UNMAS bölgədən çəkildi və BMTİP-nin proqramı fəaliyyətə başladı. Həmin proses zamanı müzakirələri eşitmişəm, amma həqiqətən də xəritələrin qeyri-dəqiq, etibarsız və natamam olduğuna dair məlumatım yoxdur”.

Li Vudyear Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minatəmizləmə səylərini ləngidən xəritələrin hansı səbəblərdən qeyri-dəqiq olmasına dair fikir və düşüncələrini paylaşıb. O bildirib ki, UNMAS-ın dünyanın müxtəlif yerlərində münaqişələrdən sonra əldə etdiyi mina xəritələri ilə bağlı eyni narazılıqlar mövcuddur: “Minatəmizləmə səyləri xəritələr tələb edir. Minaları hərbçilər həmin ərazilərə yerləşdirirlər və bu mütləqdir ki, onların minaları harada yerləşdirdiyini müəyyən etmək üçün xəritələr hazırlansın. Bunu müxtəlif hərbi səbəblərə görə edirlər, ancaq əsas səbəb odur ki, döyüş əməliyyatları bitəndə, geri dönəndə minaların harada olmasına əmin olmaq istəyirlər. Buna görə də xəritələr mütləqdir.

Azərbaycanın iddia etdiyi xəritələrin dəqiqliyi ilə bağlı məsələyə gəlincə, şübhəsiz ki, həmin xəritələrin qeyri-dəqiq olması mümkündür. Müharibə şəraitində olmuş ərazidə, döyüşlərin içində, stresli şəraitdə bir tərəfdən mina basdırmaq, digər tərəfdən xəritəni düzəltmək məsələni bir qədər çətinləşdirir. Stress altında, təhlükəli partlayıcını torpağa yerləşdirən bir əsgərdən nə qədər dəqiqlik gözləmək olar və bu təbii haldır ki, onu yerini qeyd etmək o qədər də asan məsələ deyil. Bundan başqa, bəzi ehtimallar ola bilər. Məsələn: ekoloji səbəblər- yağış, sel suları, daşqınlar və ya başqa təbiət hadisələri, güçlü küləklər və buna bənzər təbii fəlakətlər torpaqda minaları hərəkət etdirə bilər.

Biz tez-tez dünyanın müxtəlif ərazilərdə daşqından sonra görürük ki, həmin ərazilərdə basdırılan minaların yerini müəyyən etmək üçün xəritənin olub-olmamasının əhəmiyyəti qalmır. Başqa məsələ insan faktorudur; müharibəni uduzmuş tərəfin digər tərəfə onun ərazilərində basdırdığı mina xəritələrinə hər hansı müdaxilənin olub-olmadığını heç kim bilə bilməz.

Təcrübəmə əsasən deyə bilərəm ki, bütün hallarda insan faktoru bu xəritələrin dəqiqliyini birbaşa formalaşdırır. Həmişə ümid edirik ki, xəritələr 100 % tam dəqiqdirlər və qorunurlar, çünki bizim marağımız mümkün olan ən az itki, eyni zamanda ən səmərəli şəkildə minanı oradan çıxarmaqdır. İndi basdırılan yeni minalarda GPS var ki, siz asanlıqla onun harada yerləşdiyinə dair dəqiq məlumata sahib olursunuz”.

Chosen
5
1
report.az

10Sources