EN

3 hərbçini qətlə yetirən ömürlük məhkumun şikayətinə baxılacaq

Üç hərbi qulluqçunu qətlə yetirməkdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum olunan kiçik çavuş Elxan Əvəzli kassasiya şikayəti verib.

APA xəbər verir ki, iş Ali Məhkəmənin hakimi Nazim Mövsümovun icraatına verilib.

Məhkəmə prosesi martın 12-nə təyin olunub.

Füzuli Hərbi Məhkəməsinin hökmünə əsasən, Elxan Əvəzli ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2022-ci il yanvarın 2-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasında baş verib.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Elxan Əvəzli naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qəsdən öldürüb, daha sonra silahını ataraq hadisə yerindən qaçıb.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

1Sources