EN

Qara dəliklərlə bağlı daha bir YENİLİK

 Astronomların aparmış olduqları yeni tədqiqat onu göstərib ki, kainatda mövcud olan superkütləli qara dəliklər fərdi şəkildə özləri üçün qida mənbəyini formalaşdıra bilirlər.

Yenisabah.az NASA saytına istinadən bildirir ki, Chandra adlı rentgen teleskopu və VLT adlı optik teleskop vasitəsilə 7 ədəd qalaktika topasının müşahidəsi prosesi zamanı sübut əldə edilib ki, qara dəliklərin şüalanmaları onların qidalanaraq böyümələri üçün lazım olan qazı soyuda bilirlər. Məlumdur ki, qalaktika topalarının mərkəzlərində olan superkütləli qalaktikalar özlərində nəhəng ölçülü qara dəlikləri birləşdirirlər. Həmin qara dəliklər özlərinin akkresiya diskindəki toz və qazı udurlar.

Bu isə öz növbəsində onların güclü enerji şüalanması ifraz etmələrinə səbəb olur. Daha öncə təqdim edilmiş kompüter modelləşdirməsi ifraz edilən enerji şüalanması ilə qara dəliyə daxil olan qaz arasındakı əlaqənin mövcudluğunu güman etmişdi. Bu kompüter modelləşdirməsinə əsasən qara dəliyin ifraz etdiyi enerji şüalanması qaz və tozu qalaktikanın mərkəzindən kənara və hətta qalaktikanın sərhədlərindən o tərəfə itələyir. Təqdim edilmiş fotoda müşahidə edilmiş 7 ədəd qalaktika topasından 2-si əks olunub. Fotonun sol tərəfində Persey adlı qalaktika topası, sağ tərəfində isə Sentavr adlı qalaktika topası əks olunub.

Fotodakı bənövşəyi axınlar qara dəliklərdən ifraz olunan rentgen şüalanmasıdır. Çəhrayı-qırmızı xətlər isə soyuma prosesində olan qazdır. Əldə edilmiş məlumatların analizi onu göstərib ki, soyuq və isti qaz xətləri arasında əlaqə mövcuddur. Belə ki, onların parlaqlıqları və arxitekturaları bir-birilərinə bağlıdırlar. Qara dəlik tərəfindən ifraz edilən güclü şüalanma ətrafdakı qazda turbulentlik yaradaraq onun soyumasına səbəb olur. Daha sonra isə soyumuş qaz yeni qida mənbəyi qismində qara dəliyə geri qayıdır və bu proses davamlı şəkildə təkrarlanır. Bu yeni kəşf sözügedən mexanizmin təkcə qara dəliklər üçün deyil, həmçinin qalaktikalarda yeni ulduzların formalaşması prosesinin işə salınmasında vacibliyini ortaya qoyub./Lent.az


Telegram kanalımız
Chosen
6
2
yenisabah.az

3Sources