EN

Həbsdə olan blogerin həyat yoldaşı onun vəziyyətinin pisləşdiyini bildirib

15 saylı cəzaçəkmə müəssisəsində həbs cəzası çəkən bloger Rəşad Ramazanov saxlanma şəraitinin pis olmasından və ona qarşı təzyiqdən şikayət edir. Bu barədə blogerin həyat yoldaşı Könül İsmayılova ona baş çəkdikdən sonra bildirib.

"Rəşad çox gərgin və həyəcanlı idi. Cəzaçəkmə müəssisəsində məhbuslarla çox pis davranırlar. Yeməyin keyfiyyəti aşağıdır və qida qəbulu üçün çox az vaxt ayrılır, buna görə məhbuslar normal yemək yeyə bilmirlər.

Mətbəxdə, sanitar qovşaqlarda və hamamda dəhşətli antisanitariya mövcuddur. İsti su həftədə bir dəfə və qısamüddətli verilir. Həbsxana mağazasında ərzaq çox bahadır", deyə İsmayılova bildirib.

O, 15 saylı cəzaçəkmə müəssisəsindəki bu vəziyyətlə bağlı ombudsmana və ədliyyə nazirinə müraciət edib.

"Mənim həyat yoldaşımı həbsxanada normal ərzaqla təmin etmək üçün işim və gəlirim yoxdur. Rəşadın anası pensiyasının yarısını oğlunun cəzaçəkmə müəssisəsində sadəcə çörək ala bilməsi üçün xərcləyir", deyə İsmayılova bildirib.

* Rəşad Ramazanov 20 may 2022-ci il tarixində saxlanılıb, ertəsi gün CM-in 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs edilib. O, ittihamları rədd edir, hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb. 2014-cü ilin fevralında məhkəmə onu 5 il 4 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Bir müddət əvvəl, 2013-cü ilin mayında Ramazanov külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2019-cu ildə o, əfv olunub.

Yerli hüquq müdafiə təşkilatları bildiriblər ki, Ramazanovun həbsin əsl səbəbi sosial şəbəkələrdə hakimiyyətin din sahəsində siyasətini tənqid etməsidir.

Chosen
9
8
turan.az

9Sources