EN

NATO-ya ərizə verən SSRİ, İstanbulu yox edəcəklərini deyən nazir


NATO-Rusiya intriqasının ömrü 76 ilə yaxınlaşır. Şimali Atlantika hərbi bloku yarandığı gündən Qərbdə “rus dövləti” kimi tanınan SSRİ-yə qarşı olub və bunun yetərli səbəbləri var.

II dünya müharibəsindən ABŞ və Böyük Britaniyanın hərbi, maddi, siyasi dəstəyi, sovet xalqlarının insan resursu və misilsiz fədakarlığı sayəsində qalib çıxan şura dövləti tezliklə bütün Avropa üçün kabusa çevrilib. Almaniyanın üçdə birini, Şərqi Avropanın böyük hissəsini işğal edən və orada özü üçün yarımüstəmləkə dövlətlər quran Kremlin iştahı daha da qabarıb. İngiltərənin sabiq baş naziri Uinston Çörçill bunu ilk duyanlardan olub və o, SSRİ-yə qarşı “soyuq müharibə”nin fitilini çəkib.

Şura dövlətinin atom bombası əldə etməsi ilə NATO-nun eyni ildə yaradılması təsadüfdürmü? Təsadüf deyil. Düzdür, NATO 1949-cu ilin aprelində, SSRİ-nin atom bombasının ilk sınağını keçirməsindən 4 ay əvvəl yaradılıb, amma 1 il öncədən maraqlı tərəflərin hamısında Stalinin qorxunc silahı əldə etməyə yaxın olduğu barədə kəşfiyyat məlumatı olub.

Ona görə də Qərb dövlətləri sovet ekspansiyasının genişlənməməsi, Avropanın bütöv şəkildə şurəviləşməməsi üçün hərbi blokda birləşmək qərarına gəliblər. SSRİ-nin hücumundan ən çox çəkinən ölkə isə Türkiyə olub. Çünki Stalinin çıxışlarında və söhbətlərində Türkiyəyə qarşı müəyyən ərazi iddiaları səslənməyə başlayıb və bu ölkənin rəhbərliyi çıxış yolunu ABŞ və onun rəhbərlik etdiyi hərbi bloka sığınmaqda görüb.

 

natto.jpg (46 KB)

Başlanğıcda NATO-ya 12 ölkə üzv olub: ABŞ, Kanada, İslandiya, Böyük Britaniya, Fransa, Belçika, Hollandiya, Lüksemburq, Norveç, Danimarka, İtaliya və Portuqaliya. Hazırda is NATO-nun 32 üzv-dövləti var. NATO-ya üzv olan sonuncu dövlət 2024-cü il martın 7-də İsveç olub.

Bundan başqa, NATO üzvlüyünə namizəd ölkələr də var. 2018-ci ilin dekabrında NATO Bosniya və Herseqovina, Gürcüstan və Ukraynanı alyansa üzvlüyə namizəd kimi tanıyıb. Sonuncu iki dövlət Rusiyanın basqısı altında olduğundan onların hərbi bloka üzvlüyü sual altndadır.

Zatən, Rusiyanın Ukraynaya qarşı başlatdığı, müdhiş qırğınlarla və dağıntılarla müşayiət olunan müharibənin əsas bəhanəsi (və ya səbəbi) rəsmi Kiyevin NATO-ya üzv olmaq perspektividir. Putin bunu ölkəsi üçün ölüm-qalım məsələsi elan edib. Qərbdə də Rusiyanın bu məsələdə necə həssas olduğunu anlayırlar, ona görə də Ukraynanın NATO üzvlüyünə qəbul etməyə tələsmirlər, hərçənd ona alyansın üzvüymüş kimi hərtərəfli yardım edirlər.

 

810750_original.jpg (106 KB)

 

Kreml NATO-nun sırf SSRİ-yə qarşı yaradıldığına əmin olmaq üçün 1954-cü ildə, Xruşovun dövründə bir test edib, NATO-ya üzv olmaq üçün ərizə verib. Bu addımla Moskva Qərb ölkələrini şoka salıb. Bu ideyanın qızğın tərəfdarı, o vaxt artıq Xarici İşlər Nazirliyi rəhbərinin birinci müavini olan, Ümumavropa Kollektiv Təhlükəsizlik Müqaviləsi sovet layihəsinin hazırlanmasında iştirak edən Andrey Qromıko olub. 5 il öncə “necə də tərs xaxoldur” deyə fəxrlə süzdüyü gənc diplomat (əslində Qrımıko belarus olub) hesab edirmiş ki, SSRİ-nin Şimali Atlantika Alyansına qoşulması barədə elan onun üzvlərini çətin vəziyyətə salacaq və bu blokun həqiqətən də müdafiə xarakterli olub-olmadığını, Moskvaya və Şərqi Avropadakı müttəfiqlərinə qarşı yönəlib-yönəlmədiyini göstərəcək.

SSRİ ilə birlikdə BMT-nin üzvü olan Ukrayna SSR və Belorusiya SSR də NATO-ya ərizə veriblər. Şimali Atlantika Alyansı ölkələrinin hökumətləri isə sovet tərəfdaşlarının populizm və bloku daxildən sarsıtmaq cəhdi etmələrindən şübhələnərək, bu təşəbbüsün səmimiliyinə inanmayıblar. Onlar da şərt qoyublar: əgər SSRİ doğrudan da NATO-ya üzv olmaq istəyirsə, danışıqların başlanmasının şərti olaraq öz qoşunlarını Almaniya və Avstriyadan çıxarmalı, Uzaq Şərqdəki hərbi bazalarını tərk etməlidir. Buna da SSRİ tərəfi razı olmayıb. Nəticədə məsələ həll edilməmiş qalıb və Moskvaya aydın olub ki, NATO yaradılışından etibarən ona qarşıdır.

Bəs NATO yaradılmasa nə olardı? Hipotetik olaraq onu də proqnozlaşdırmaq olar. NATO olmasa və Türkiyə ona qoşulmasa, şura hökuməti Böyük Pyotrun vəsiyyətinə uyğun olaraq ilk növbədə hansısa bəhanə ilə İstanbulu tutar, bu ölkədə güclü kommunist hərəkatı üzvlərinin əliylə Türkiyəni götürərdi, sonra qoluna daha qolay gələn İranı işğal edər, rus əsgərinə öz kirz çəkmələrini Hind okeanında yumaq imkanı yaradardı. Daha sonra Moskva onunla çəkişmədə olan, ona boyun əymək istəməyən Yuqoslaviya və Albaniyanı götürər, İtaliyaya yaxınlaşardı. Şərqdə kommunistlərin idarə etdiyi Çin, Monqolustan və Şimali Koreyaya mexaniki olaraq Əfqanıstan da qoşulardı (sonrakı illərdə bu ölkə sovetləşdirildi, bildiyiniz kimi).

Bütün bunlar sovet-rus dövlətinin dünya ağalığına iddiasının yarı-yarıya təmin edilməsi demək olardı.

Hazırda ruslar iddia edirlər ki, 1949-cu ildə SSRİ-nin atom bombası əldə etməsi III dünya müharibəsinin qarşısını alıb. Belə bir iddia var ki, SSRİ atom bombası əldə etməsə, 1950-ci illərin ortalarında Qərbin total hücumuna məruz qalacaq və dağılacaqdı. Bəlkə də doğrudan da elə olacaqdı.

SSRİ-nin yaxın qonşularına münasibətdə hansı düşüncəyə malik olduğuna şəhadət verən bir tarixi fakt da var. Ötən əsrin 70-ci illərində ABŞ-də xarici işlər naziri A.Qromıko həmsöhbətlərinə SSRİ-nin hərbi qüdrətini xatırladıb, deyib ki, hərbi güc olmadan diplomatiyanın qiyməti müqavilələrin yazıldığı mürəkkəbin qiymətinə bərabərdir. Yəni dəyərsizdir. Həmin vaxt o, amerikalı jurnalistlərə SSRİ-nin Qara dəniz donanmasının Aralıq dənizinə girmək üçün yalnız bir neçə raket zərbəsinə ehtiyac duyacağını bildirib və deyib: “Bunun nəticəsində Bosfor boğazından əlavə, Aralıq dənizinə daha iki keçid yaranacaq, amma təəssüf ki, İstanbul olmayacaq”.

Bu sözlərdən sonra Türkiyə Kremlin nə dərəcədə aqressiv düşüncədə olduğunu anlayıb və bir daha Bosfor boğazının sovet döyüş gəmilərinə bağlanması məsələsini gündəmə gətirməyib.

İndi NATO da həmin NATO-dur, Kreml də həmin Kremldir, heç vaxt olmadığı qədər ağac-ağaca dayanıblar.

Araz Altayı, Musavat.com


Chosen
5
nuh.az

1Sources