EN

“Təhsil müəssisələrində şagirdlərin mobil telefonlardan istifadəsinə məhdudiyyət qoyulmalıdır”- Elçin Əfəndi

“İnformasiya texnologiyalarının daha sürətli inkişafı, günü-gündən yenilənən ağıllı telefonların daha əlçatanlığı artıq ona gətirib çıxarıb ki, hətta ibtidai sinifdə təhsil alan şagirdlər belə smartfonlardan istifadə edirlər. Bu isə onların ümumi tədris prosesindən kənarlaşması ilə nəticələnir. Təsadüfi deyil ki, son illər mobil telefonlardan istifadənin neqativ halları ilə tez-tez qarşılaşırıq”.

Bunu Editor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, gün ərzində daha çox mobil telefonlardan istifadə edən şagirdlərin təhsil göstəriciləri istifadəni məhdud formada edən, yaxud da istifadə etməyənlərlə müqayisədə daha aşağıdır:

“Valideynlər bu amili nəzərə almırlar. Onlar sadəcə düşünürlər ki, dərsə gedib gələrkən övladlarından məlumat əldə etsinlər. Bu, yanlışdır. Şagirdlərə sadə telefonlar vermək lazımdır. Kiminsə övladı məktəbə bahalı telefon gətirirsə, dərhal digər bəzi valideynlər də öz övladına bahalı telefon alır. Bu artıq cəmiyyətdə tendensiya halına gəlib. Bu valideynlər öz övladlarını bilərək ya bilməyərəkdən təhsil prosesindən uzaqlaşdırır. Son dövrlər bir sıra platformalarda şagirdlər sinif otağından xoşagəlməz görüntülər çəkib paylaşırlar. Hesab edirəm ki, Elm və Təhsil Nazirliyi bununla bağlı qərar qəbul etməlidir. Təhsil müəssisələrində şagirdlərin mobil telefondan istifadəsi ya qəti şəkildə qadağan olunmalı və ya məhdudiyyətlər qoyulmalıdır. Telefonlar məktəbə gətirilsə belə məktəbin girişində yığışdırılıb dərs prosesindən sonra geri qaytarılmalıdır”.

//Gülnarə Abasova, Editor.az

Chosen
3
10
editor.az

10Sources