Xəbər verdiyimiz kimi, yanvarın 21-i 37 yaşlı Ceyhun Süleymanov adlı şəxs müayinə olunmaq üçün özəl klinikalardan birinə bağırsaqlarını yudurmaq üçün gedib, bir müddət sonra o dünyasını dəyişib.
Mərhumun anası Afayət Süleymanovanın iddiasına görə, oğlu həkim səhlənkarlığının qurbanı olub:
"Oğlum mədə-bağırsağını müayinə etdirməyə "Stimul" klinikasına gedib. Təzyiqi aşağı olduğu üçün ona iynə aldırıb vurublar. Ceyhun narahatlığı olar deyə narkoz almaq istədiyini deyib. Həkim Ləman Xasıyeva isə narkoz verənin işdə olmadığını söyləyib, ona "Medlife" Hospitala getməyi tövsiyə edib. "Mən gəlib səni orada müayinə edərəm" deyib".
Daha sonra anası oğlu ilə telefonda danışıb. Həmin gün Ceyhun Süleymanov deyib ki, 4 dəfə bağırsağı yuyulub və özünü yaxşı hiss edir:
"Ondan sonra qaynımgilə xəbər gəlib, klinikaya gediblər. Xəstəxanada görüblər ki, oğlum otaqda uzanır, yanında heç kim yoxdur. Onunla gedən oğlan görüb ki, həkimlər qaçırlar. Nə olduğunu soruşanda deyiblər ki, ayılda bilmirik. Övladımın ciddi problemi yox idi, ancaq müayinəyə getmişdi".
Bağırsaq yumaq nədir?
Bağırsaq yumaq (bağırsaq lavajı və ya hidroterapiyası) yoğun bağırsağın su və ya xüsusi məhlullarla yuyulması prosesidir. Bu prosedur bağırsaqların toksinlərdən, yığıntılardan və qalıq maddələrdən təmizlənməsinə kömək edir.
Bağırsaq yumaq adətən tibb müəssisələrində və ya təcrübəli mütəxəssislərin nəzarəti altında həyata keçirilir. Pasiyent xüsusi bir masada uzanır və rektumdan (anusdan) bağırsağa xüsusi bir boru vasitəsilə ilıq su və ya xüsusi təmizləyici məhlul yeridilir. Su bağırsaqları yumşaq şəkildə doldurur və qalıq maddələri yumşaldaraq bədəndən çıxmasına kömək edir. Bu proses bir neçə dəfə təkrarlanır və ümumilikdə 30-45 dəqiqə çəkə bilər.
Bağırsaq yumaq bəzi sağlamlıq problemlərinə, məsələn, qəbizlik, bağırsaq florasının pozulması və həzmlə bağlı çətinliklərə müsbət təsir göstərə bilər. Lakin prosedurun düzgün aparılmaması elektrolit balansının pozulmasına, bağırsaq mikroflorasının zədələnməsinə və bəzi hallarda iltihabi proseslərə səbəb ola bilər. Buna görə də, yalnız mütəxəssisin tövsiyəsi ilə və tibbi göstərişlər əsasında həyata keçirilməsi məsləhət görülür.