EN

Bələdiyyə seçkiləri "Şərqin" gözündən -FOTOLAR

Bugün Azərbaycanda bələdiyyə seçkisi keçirilir. Əvvəlcə qeyd edək ki, səhər saat 8:00-da başlayan seçkilərdə 16 min 92 namizəd mübarizə aparır. Seçkilər zamanı respublika üzrə 685 bələdiyyəyə 8 min 71 üzv seçiləcək. Səsvermə 118 seçki dairəsi üzrə 5846 seçki məntəqəsində keçirilir. Azərbaycanda mövcud olan 125 dairədən 7-si işğaldan azad edilmiş ərazilərdə yerləşdiyi üçün bu proseslərdə iştirak etmir. Ümumilikdə 400 minə yaxın məcburi köçkün seçici bələdiyyə seçkilərində səsvermədə iştirak etmir. Bələdiyyə seçkilərində səsvermə hüququ olan seçicilərin sayı 5 milyon 961 min 987 nəfərdir. Seçicilərin azad və sərbəst səs verməsi üçün hər cür zəruri avadanlıqlarla təmin edilmiş məntəqələrə 6 milyon 52 min 721 seçki bülleteni paylanılıb. Bələdiyyə seçkilərini izləmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı isə 70 min 625 nəfərdir. Səsvermənin şəffaflığını təmin etmək üçün bütün digər vasitələrlə yanaşı, 1000 seçki məntəqəsində veb-kameralar da quraşdırılıb. Səsvermə saat 19:00-da başa çatacaq.

"Şərq" qəzetinin əməkdaşı olaraq paytaxtda bir neçə seçki məntəqəsinə yollandıq. Səsverməni izləmək və müşahidəçilərin rəylərini öyrənmək üçün üz tutduğumuz ilk ünvan Yasamal Yaşayış Kompleksində (MİDA) yerləşən 161 nömrəli orta məktəbin nəzdində təşkil olunmuş 16 saylı Yasamal II Seçki Dairəsinin 7 və 8 saylı seçki məntəqələri oldu. 

Günün erkən saatlarına, həm də qeyri-iş günü olmasına rəğmən, məntəqələrdə az da olsa aktivlik gözə çarpırdı. Xüsusən, bələdiyyə institutu ilə bağlı ictimaiyyətdəki yanaşmalara baxmayaraq, seçkilərdə namizəd sayının çoxluğunu nəzərə alsaq, əvvəlki seçkilərlə müqayisədə iştirakçı sayında artımın müşahidə olunduğunu söyləmək mümkün idi. Hər halda budəfəki seçkilər şanlı Zəfərimizdən, suverenliyimizin bərpasından sonra keçirilən ilk bələdiyyə yarışıdır və vətəndaşlar da bu tarixi reallığın, ictimai məsuliyyətin fərqindədir. 


7 saylı məntəqədə həm müşahidəçilər, həm də media təmsilçiləri üçün əlverişli şərait yaradılmışdı. Jurnalist kimi qeydiyyatdan keçərək prosesi rahatlıqla, hər hansı maneə ilə üzləşmədən izləyə bildik. Məntəqədə siyasi partiya və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri ilə yanaşı müstəqil müşahidəçilər də var idi. 

16 saylı Yasamal II seçki dairəsinin 7 saylı seçki məntəqəsinin sədri Rəna Hüseynova qəzetimizə açıqlamasında seçicilər, müşahidəçilər və jurnalistlər üçün məntəqədə hər cür şərait yaradıldığını, çatışmazlıq olmadığını dedi. Məntəqə sədri bildirdi ki, 161 saylı tam orta məktəbdə 2 seçki məntəqəsi fəaliyyət göstərir: "Bildiyiniz kimi bugün bələdiyyə seçkiləridir. Düzdür, digər seçkilərə nisbətən bələdiyyə seçkilərində fəallıq o qədər də çox olmur. Amma saat 12 üçün nəticələr hələki qənaətbəxş hesab edilir. Şükürlər olsun ki, indiyədək heç bir problem yaranmayıb. Səsvermə operativ şəkildə həyata keçirilir. Xüsusilə vurğulamaq istəyirəm ki, seçkilər şəffaf şəkildə aparılır. Məntəqə sədri olaraq hər iki seçki məntəqəsindəki prosesə nəzarət edirik". 
Məlumat üçün əlavə edək ki, Rəna Hüseynova həmçinin C.Cabbarlı adına 161 saylı tam orta məktəbin direktorudur. 


8 saylı seçki məntəqəsinin sədri Əsmər Eyvazova da bildirib ki, digər seçkilərlə müqayisədə fəallıq o qədər yüksək olmasa da, ümumi səsvermə prosesini qənaətbəxş saymaq olar. Sədr vurğulayıb ki, günün ilk saatlarına görə, səsverməyə gələnlər, öz səs hüququndan istifadə edənlər kifayət qədərdir. 

Mərkəzi Seçki Komissiyasının 16 saylı Yasamal II Seçki dairəsinin 8 saylı məntəqəsinin üzvü Nicat Ələkbərov deyib ki, saat 11:00-a olan göstəriciyə görə, məntəqədə qeydiyyatda olan 1960 nəfərdən 247 nəfərə yaxını səsvermədə iştirak edib: "Həm səhər saatlarını, həm də bələdiyyə seçkilərini nəzərə alsaq, bu rəqəmlər normaldır. Şübhəsiz, saat irəlilədikcə seçici sayı da artacaq. Seçicilər üçün hər cür şərait yaradılıb".   


Vətəndaşların məntəqəyə azyaşlı uşaqları ilə gəlməsi də xoş təəssürat bağışlayırdı. Bəzi validenylər övladlarını seçki və səsvermə prosesinə alışdırmaq məqsədi ilə prosesə onları da cəlb edir, bulletenləri şəffaf qutulara uşaqların əli ilə atırdılar. 


Seçki məntəqəsində kövrək və bir o qədər qürurverici hadisədə yaşadıq. Vətən müharibəsi şəhidi, Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Mehman Qənbərovun və şəhid, polkovnik-leytenant Həmdəm Ağayevin övladları da səs vermək üçün 8 saylı seçki məntəqəsinə gəldilər. Qəhrəman hərbçimiz Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində fəal iştirak edib, oktyabrın 1-də Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və qəhrəmanlıq nümunəsinə görə, Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda" medalı və digər medallarla təltif olunub. 
44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəmanlardan biri də Həmdəm Ağayevdir. Birinci Qarabağ müharibəsinin də iştirakçısı olmuş Həmdəm Ağayev Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.


8 saylı seçki məntəqəsinin sədri Əsmər Eyvazova deyib ki, qəhrəman şəhidimiz Mehman Qənbərovun 18 yaşı tamam olmuş övladı - oğlu Nurlan Qənbərov və polkovnik-leytenant Həmdəm Ağayevin qızı Arzu xanım Həmdəmova ilk dəfə səsvermə hüquqlarından istifadə edəcəklər: "Vətənə, millətə xeyirli olsun. Arzu edirəm ki, hər zaman fəal olsunlar, digər gənclərimizə də örnək olsunlar". Məntəqə sədri Əsmər Eyvazova xüsusi hazırlanmış hədiyyələri şəhid övladlarına təqdim edib. 


Rəyini öyrəndiyimiz müşahidəçilər seçki məntəqəsində heç bir problemlə üzləşmədiklərini, insanların normal və rahat şəkildə səsvermədə iştirak etdiklərini söylədilər.

Yeni Azərbaycan Partiyasının təmsilçisi və “QƏSR” Mədəni İrs və Tarixi Abidələri Qoruyaq İctimai Birliyinin sədr müavini kimi seçkini müşahidə edən Pərvin Gözəlov seçkilərin normal və problemsiz keçdiyini vurğulayıb. Tarix üzrə fəlsəfə doktoru olan Pərvin Gözəlov 2018-ci ildən seçkilərdə müşahidəçi kimi iştirak etdiyini deyib: "Tələbə vaxtımdan YAP-ın üzvüyəm. Tarixçiyəm. Saat 8-ə qalmışdan məntəqədə müşahidələr aparıram. Qanunvericiliyə uyğun olaraq seçki prosesi tam şəffaf keçir və seçicilərə bütün şərait yaradılır. Hər kəsə obyektiv seçki hüququndan istifadə etməyə bütün imkanlar yaradılıb. İstirahət, yəni qeyri-iş günü olmasına baxmayaraq, vətəndaşlar səsvermə məntəqəsinə gəlirlər. Son məlumatlara görə, 71 min 209 nəfər səsverməni hazırda müşahidə edir". Qeyd edək ki, Pərvin Gözəlov həm də Beynəlxalq Muzeylər Komitəsinin (ICOM) Azərbaycan Milli Komitəsinin üzvü, Muzeylər, Hərbi Tarix və Silah Kolleksiyaları üzrə Beynəlxalq Komitənin (ICOMAM) İdarə heyətinin üzvüdür. 

Hakim partiya adından seçkini müşahidə edən digər müşahidəçi - Toğrul Rəhimli də neqativ hallara rast gəlmədiyini deyib: "Fəallıq normaldır, gələnlər var. Seçki prosesi də tam obyektiv və müstəqildir. Hər şey yaxşıdır. Arzuolunmaz hal aşkarlanmayıb. Səsvermə hüququna malik olan şəxslər öz seçki hüquqlarından sərbəst şəkildə istifadə edirlər. Ruh yüksəkliyi hiss olunur. Bütün seçkilər kimi, bələdiyyə seçkiləri də xalqımız üçün önəmlidir".

Səsverməyə gələn vətəndaşlarımızla söhbət zamanı insanların seçki əhval-ruhiyyəsinin yüksək olduğu da hiss olunurdu. Səsverməyə ilk dəfə gələnlər də var idi, bir neçə dəfə iştirak etmiş şəxslər də..
Chosen
14
38
sherg.az

10Sources