EN

Ermənistanın qaçacaq yeri yoxdur: Naxçıvana maneəsiz keçid mütləq təmin olunmalıdır

 Azərbaycandan-Azərbaycana keçid məsələsi beynəlxalq təcrübədə də mövcuddur

Ermənistana olunan növbəti xatırlatma soyuq başlar üçün ciddi və faydalı mesajdır

Həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar əsnasında biz daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Bunu Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr edilmiş müşavirədə çıxış edərkən deyib.
Dövlət başçısı bildirib ki, heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, bizim tələbimizdir və nəzərə alsaq ki, Qərbi Zəngəzuru sovet hakimiyyəti bizim əlimizdən 1920-ci ilin noyabrında alıb və Azərbaycan xalqına qarşı cinayət törədib, bu, birinci və sonuncu cinayət deyildi. İkincisi, ondan sonra ardıcıllıqla əgər getsək, cinayət dırnaqarası “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin Azərbaycan ərazisində yaradılması idi. Ondan əvvəlki cinayət ermənilərin çar Rusiyası tərəfindən Azərbaycan ərazisinə köçürülməsi idi. Ondan əvvəlki cinayət Qarabağ xanının öldürülməsi idi, hansı ki, zəmanət verilmişdi ki, o, öz rəhbərliyini Qarabağda icra edəcək və XX əsrin digər cinayətləri də göz önündədir. Xocalı soyqırımı, 20 Yanvar və torpaqlarımızın 1990-cı illərin əvvəllərində işğalı. Yəni, biz bunu unutmamışıq, Azərbaycan xalqı bunu unutmayıb. Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq. Yenə də deyirəm, bizim Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir. 


Politoloq Natiq Miri “Sherg.az”a söyləyib ki, Azərbaycandan-Azərbaycana keçid məsələsi beynəlxalq təcrübədə də mövcuddur:

“Prezident İlham Əliyev tərəfindən həmin ərazilərin mənəvi, psixoloji və siyasi, coğrafi baxımdan Azərbaycana yad olmadığı xatırladılır. Azərbaycanın haqqı olsa belə, Ermənistana ərazi iddiası qaldırmır. Dolayısı ilə bildirilir ki, bu, Azərbaycan tərəfindən Ermənistana edilən ən böyük güzəştdir. Azərbaycanın Ermənistana qarşı iddia qaldırmağa imkanı çatır. Eyni zamanda həmin ərazinin hərbi və siyasi cəhətdən qaytarılması da mümkündür. 44 günlük Vətən savaşında və 24 saatlıq lokal xarakterli antiterror əməliyyatlarında biz bunu gördük. Əgər Azərbaycan beynəlxalq müstəvilərdə Ermənistana qarşı ərazi iddiası irəli sürmürsə, rəsmi İrəvan mütləq bunu nəzərə almalıdır. Digər tərəfdən dünyada beynəlxalq təcrübədə “Kalininqrad modeli” var. Bu gün Kalininqrad Rusiyanın tərkib hissəsi olan ərazi kimi tanınır. Litva dövləti məhz Rusiyadan Rusiyaya prinsipi çərçivəsində dəhliz yaradıb. Bütün yüklər və şəxslər maneəsiz olaraq  Rusiyanın hər hansı ərazisindən Kalininqrada və yaxud əks istiqamətə səfər edə bilir. Belə olan halda Litva dövlətinin Ermənistanın iddia etdiyi kimi suverenliyi heç bir halda aşağılanmır. Sadəcə olaraq bu Ermənistanın bəhanəsi olaraq ortaya atılıb və Azərbaycan üçün heç bir keçərliliyi yoxdur. Ona gör də Azərbaycan Prezidenti səviyyəsində növbəti dəfə xatırlatma olundu ki, Ermənistan maneəsiz keçidi təmin etməlidir”.

Ekspert qeyd edib ki, digər tərəfdən isə 2020-ci ildə imzalanan 10 noyabr bəyannaməsi mövcuddur:
“Həmin sənədin altında Ermənistan Baş naziri Nikol Paşinyanın imzası var və açıq şəkildə bəyannamədə bildirilir ki, Azərbaycanın bir hissəsində Naxçıvana maneəsiz keçid təmin olunmalıdır. Ona görə də Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən qaçacaq yeri yoxdur. Ermənistan uzun müddət regional  və qlobal layihələrdən kənarda qalmaq istəmirsə, Zəngəzur dəhlizini həmin prinsiplər çərçivəsində açmalıdır. Əks təqdirdə mövcud durum Ermənistanın gələcəyi üçün yaxşı heç nə vəd etmir. Ermənistan Rusiya münasibətlərinin korlanması fonunda rəsmi İrəvanın sığına biləcəyi yeganə ölkələr Azərbaycan və Türkiyədir. Ermənistana olunan növbəti xatırlatma soyuq başlar üçün ciddi və faydalı mesajdır”.
Chosen
3
29
sherg.az

10Sources