“Görüşdə Rusiya tərəfi hazırda Suriyada baş verən müsbət dəyişiklikləri dəstəklədiyini təsdiqləyib. Dialoq zamanı Rusiyanın təzminat, yenidənqurma və bərpa kimi konkret tədbirlər vasitəsilə Suriya xalqı ilə etimadın bərpasında rolu vurğulanıb”, - agentlik yazır.
Qeyd edək ki, dünən Suriyaya səfər edən Rusiya nümayəndə heyətinin tərkibinə Xarici İşlər nazirinin müavini Mixail Boqdanov və prezident Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev daxildir.
Boqdanov Dəməşqə səfərindən sonra bildirib ki, görüş zamanı tərəflər Rusiyanın Suriyadakı hərbi bazaları ilə bağlı heç nə dəyişmədiyi qənaətinə gəliblər.
- Bu məsələ əlavə danışıqlar tələb edir. Biz əməkdaşlığımızın hər bir sahəsi üzrə daha dərindən məsləhətləşmələri davam etdirmək barədə razılığa gəldik”, - rusiyalı məmur deyib.
Lakin “Bloomberg” agentliyi Rusiyanın Suriyadakı Tartus və Xmeymim hərbi bazalarının saxlanması ilə bağlı danışıqlarda çətinliklərin yarandığını iddia edib: “hakimiyyətə gəlməmişdən əvvəl suriyalı üsyançılara yardım edən Türkiyə Moskvanın ölkədə hərbi mövcudluğunu saxlamaq cəhdlərinə qarşı çıxır”.
Mənbələrin dediyinə görə, Rusiyanın Bəşər Əsəd qüvvələrinə göstərdiyi hərbi yardımı nəzərə alan Türkiyə tərəfi həmin bazaların Suriyada saxlanılması perspektivinə şübhə ilə yanaşır. Ötən ay isə Türkiyənin Xarici İşlər nazirliyi Ankaranın Suriyada hər hansı xarici hərbi bazanın olmasını dəstəkləmədiyini açıqlasa da, bu məsələni Dəməşqin həll edəcəyini vurğulayıb.
Aİ Rusiya bazalarının Suriyadan çıxarılmasını istəyir |
Nümayəndə heyətinin Suriyaya səfərinin nəticələri barədə açıqlama verən Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bunların mühüm təmas olduğunu deyib. Onun sözlərinə görə,Suriya hakimiyyəti ilə daimi dialoq qurmaq və onu davam etdirmək lazımdır ki, Moskva da bu siyasəti aparır.
“Mən bunu şərhsiz buraxıram. Suriya hakimiyyəti ilə dialoqumuzu davam etdirəcəyik”, - Peskov Suriyanın yeni hakimiyyət orqanlarının “etimadın bərpası üçün” təzminat tələbi və Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ekstradisiya edilməsi tələbi ilə bağlı sualı şərh etmək istəməyib.
Sahil İsgəndərov
AzVision.az