EN

Qarşıdakı dövrdə peşə təhsilinə maraqlı olan gənclərin sayı daha da artacaq -RƏY

"Müvafiq dövlət qurumlarının hazırladığı statistik hesabatlardan görürük ki, adətən , regionlarda orta məktəbi bitirən məzunların əksəriyyəti təhsilini davam etdirmir. Nəticədə bir neçə ildən sonra peşəsi olmayan böyük ordu yaranır.  Bu isə dövlətin üzərinə böyük məsuliyyət qoyur,  onda həmin şəxslərin məşğulluğunun təmini ilə bağlı öhdəlik yaradır".
"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Kənan Mirzəyev "Lənkəran-Astara iqtisadi rayonunun inkişafında peşə təhsilinin rolu: İmkanlar və çağırışlar" mövzusunda Lənkəran şəhərində keçirilən regional konfransda səsləndirib.
Onun sözlərinə görə, ölkədə müasir təminatlı, beynəlxalq standartlara cavab verən 8 peşə təhsili müəssisəsi tikilməlidir. Artıq onlardan bəziləri tikilib istifadəyə verilib. 2026-cı ilə qədər bəziləri də tikilib istifadəyə veriləcək:"Sevindirici hal odur  ki, 8 müəssisənin 6-sı regionların payına düşür. Bu da Elm və Təhsil Nazirliyinin region gənclərinin peşə təhsilinə cəlbi ilə bağlı apardığı strategiyaya uyğundur".
Agentliyin direktor müavininin sözlərinə görə, Salyan, Qax, Quba, Tovuz rayonlarında da peşə təhsili müəssisələri tikilib istifadəyə veriləcək: 
"Bilirik ki, peşə təhsilinin keyfiyyətli tədrisi üçün infrastruktur, maddi-texniki baza əsas məsələdir. Cəlilabad rayonunda peşə təhsili müəssisəsi 2022-ci ildə tikilib istifdəyə verilib. Həmin vaxt orada 400-ə yaxın tələbə var idi, amma cari tədris ilində tələbələrin sayı 980 nəfərə yaxınlaşıb".

Kənan Mirzəyev qeyd edib ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin prioritetlərindən biri 2026-cı ilin sonuna qədər 15 təhsil proqramının yenilənməsi və tədris olunmasıdır:
"Bu təhsil proqramları əmək bazarının tələblərinə uyğun hazırlanır, işəgötürənlərin fikirləri öyrənilir.  Peşə Təhsili üzrə Dövlət Agentliyinin fəaliyyət istiqamətlərindən digəri peşə təhsili müəssisələrində mərhələli şəkildə adambaşına maliyyələşdirmə mexanizminə keçirilmədir".


Mövzu ilə bağlı "Sherg.az"a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, peşə təhsili istiqamətində son illərdə islahatların aparıldığını görürük:

“Xüsusilə dövlət başçısının müvafiq sərəncamından və peşə təhsili üzrə Dövlət Agentliyinin yaranmasından sonra bu istiqamətdə görülən işlər demək olar ki, peşə təhsili almaqda maraqlı olan gənclərin sayında müəyyən qədər təsir edib. Ötən əsrin 90-cı illərində peşə təhsilinin ümumi tələbələrin sayı  25-30 min nəfər idisə, ondan sonrakı dövrdə, təəssüflər olsun ki, 10-15 min nəfər güclə olurdu. İndi isə demək olar ki, peşə təhsili istiqamətində yenidən marağın artması nəticəsində tələbələrin sayı 20 min nəfərə qədər çatır. Düşünürük ki, qarşıdakı dövr ərzində, məhz yeni peşə təhsili müəssisələrinin istifadəyə verilməsindən sonra peşə təhsilinə maraqlı olan gənclərin sayı daha da artacaq. Əlbəttə ki, peşə təhsili istiqamətində təkcə, öz ölkəmizin təcrübəsi deyil, eyni zamanda bir neçə ölkənin təcrübəsindən də istifadə edilir. Bu sahədə həm Azərbaycan, həm də Türkiyə Təhsil Nazirliklərinin müvafiq razılığı əsasında Türkiyə peşə təhsili təcrübəsi Azərbaycanda bəzi təhsil müəssisələrində tətbiq olunur. Eyni zamanda, qarşıdakı dövr ərzində məhz Türkiyə- Azərbaycan peşə təhsili istiqamətində müəyyən təhsil müəssisələrinin məhz Türkiyə proqramı əsasında istifadəyə verilməsi nəzərdə tutulur. Sevindirici digər məqam ondan ibarətdir ki, peşə təhsil müəssisələri azad olunmuş ərazilərimizdə də istifadəyə veriləcək. Bu isə, əlbəttə, müsbət haldır, sevindirici məqamdır. Peşə, təhsili insanlarımız tərəfindən qəbul edilmir. Peşə təhsili istiqamətində yalnız kollec və yaxud ali təhsilə daha çox maraq var. Bununla bağlı agentlik tərəfindən daha çox maarifləndirici işlər görülməlidir. İnsanlar artıq peşə təhsilinə əvvəlki kimi biganə yanaşmasınlar və düşünsünlər ki, bu təhsil, digər təhsil formaları kimi vacibdir”.’
Chosen
14
sherg.az

1Sources