EN

Bu ərazilərdə təhlükə ARTDI: Bakı sakinlərinə XƏBƏRDARLIQ

Son illərdə Bakıda çökmə hadisələri əsasən yol infrastrukturu sahəsində müşahidə olunsa da, yaşayış massivlərində də bu hadisəyə tez-tez rast gəlirik. Məsələn, 2023-cü ildə Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yerləşən körpünün üzərində asfalt-beton örtüyünün aşınması nəticəsində çökmə yaranmışdı. Bundan əlavə, 2024-cü ildə ölkə ərazisində qeyri-sabit və yağmurlu hava şəraitindən sonra bəzi bölgələrdə, o cümlədən Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu hissəsində sürüşmə və çökmə prosesləri qeydə alınıb. 

Bakıda çökmə və sürüşmə təhlükəsi təkcə Bayıl yamacı ilə məhdudlaşmır; paytaxtın bir çox əraziləri də sürüşmə baxımından aktiv zonalar hesab edilir. Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun mütəxəssislərinin apardıqları tədqiqatlara görə, hazırda Bakıda Əhmədli şosesi, Zığ şosesi, Bayıl və digər bir sıra ərazilərdə sürüşmə təhlükəsi mövcuddur. 

Bu ərazilərdə sürüşmə sahələri geniş yayılıb və həmin ərazilər yaşamaq üçün olduqca təhlükəli hesab edilir. Buna baxmayaraq, həmin sürüşmə sahələrində 150 mindən çox əhali məskunlaşıb. Sürüşmə zonaları hər zaman aktiv olmasa da, əlverişli şərait yarandığı anda problemlər ortaya çıxır.

Bəs hazırda riski ərazilər hansılardır?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Ajans.az-a bildirib ki, seysmik aktiv ərazilərdə sürüşmələrə və çökmələrə məhz su və kanalizasiya sistemlərinin düzgün qurulmaması səbəb olur:

Ekspert qeyd edib ki, Bakıda sürüşməyə meylli zonalar olsa da, həmin ərazilərdə tikinti işləri hələ də davam edir:

"Həmin ərazilərə nəzər salsaq, orada sürüşməyə meylli zonalar olsa da, yenə də tikinti işləri davam edir. Fərdi həyət evləri və çoxmənzilli binalar inşa olunur. Halbuki, istənilən seysmik aktiv bölgədə hərəkətlilik yarana bilər. Lakin bu, müəyyən tədbirlər görülməklə minimuma endirilə bilər. Əgər problem ciddi deyilsə, qarşısını almaq mümkündür. Amma təəssüf ki, təhlükəyə baxmayaraq, bu ərazilərdə yaşayış genişlənir."

Elnur Fərzəliyev bildirir ki, Bakıda köhnə çoxmənzilli binaların ətrafında yeni tikililərucaldılır. Lakin bu tikililərin kanalizasiya sistemi nəzərə alınmır:

"Yeni tikilən binaların kanalizasiya sistemi üçün ayrıca xətlər çəkilmir. Bunun əvəzinə, həmin binaların tullantı suları sovet dövründə tikilmiş köhnə sistemlərə qoşulur. Nəticədə isə bu xətlər çirkab sularını normal şəkildə ötürə bilmir. Bakı şəhərinin kanalizasiya sistemi hələ də 90-cı illərin infrastrukturuna uyğundur. Halbuki, hazırda şəhərin əhalisi dəfələrlə artıb, su istifadəsi normativdən qat-qat çoxdur."

Ekspert vurğulayır ki, Bakıda baş verən güclü yağışlardan sonra yolların su ilə dolması da məhz bu problemdən qaynaqlanır:

"Son yağışlarda tunellərdə su yığıldı və iki nəfər həyatını itirdi. Bunun əsas səbəbi Bakıda kanalizasiya sisteminin yaxşı qurulmamasıdır. Kanalizasiya sistemləri təkcə yağış sularını deyil, eyni zamanda qrunt sularını, tullantı sularını və krant sularını da qəbul etməlidir. Üstəlik, şəhərdə çox sayda avtoyuma məntəqəsi var. Bu məntəqələrdə yuyulan avtomobillərin suları birbaşa kanalizasiyalara axıdılır və xətlər daha da yüklənir. Bu səbəbdən də şəhərin bəzi yerlərində çökmə hadisələri artır."

Ekspertin sözlərinə görə, Bakıda ən ciddi problemlərdən biri də yeraltı kommunikasiya sistemlərinin qeyri-müəyyən olmasıdır:

"Şəhərdə dövlət qurumları arasında koordinasiya yoxdur. Bakı şəhərinin yeraltı xəritəsi belə mövcud deyil. Hansısa tikinti şirkəti torpaq sahəsi alır və bina tikməyə başlayır. Daha sonra isə məlum olur ki, həmin ərazinin altında qrunt suları və ya başqa maneələr var. Bu da tikinti zamanı əlavə problemlər yaradır. Nəticədə isə sürüşmə və çökmə hadisələri artır."

Elnur Fərzəliyev əlavə edib ki, təkcə Bakı-Abşeron ərazisində 500 minə yaxın fərdi yaşayış evi çıxarışsızdır. Bu evlərin əksəriyyəti tikintisi qadağan olunmuş ərazilərdə inşa edilib: "Bakı və Abşeron yarımadasında minlərlə insan sürüşmə riski olan ərazilərdə ev tikib. Halbuki, bu yerlər yaşayış üçün yararsızdır. Əgər həmin zonalarda böyük bir sürüşmə hadisəsi baş versə, nəticələri faciəvi olacaq."

Chosen
3
4
bakuinfo.net

9Sources