EN

“Qarabağ” uduzub e, dostum, “Qarabağ”!

FCSB-ylə “Turan Tovuz”a ardıcıl iki məğlubiyyətdən sonra “Qarabağ” ətrafında yaranan səs-küyə baxanda çaş-baş qalırsan.

Adama elə gəlir ki, rumınlara uduzan Almaniya, İspaniya, İngiltərə kimi ölkələrin çempionudur deyə, bu cür narahatlıq yaranıb.

“Qarabağ” məğlub olub e, dostum, “Qarabağ”.

Adı dünyanın “100-lüy”ündə olmayan ölkəni təmsil edən “Qarabağ”.

İştirak edən çempionatın səviyyəsi Avropanın “30-luğ”una güclə düşən “Qarabağ”.

Qarşısında Avropaya düz-əməlli bir futbolçu ixrac edən bilməyən ölkənin adını daşıyan “Qarabağ”.

Futbolçuları bir az yaxşı təklif alan kimi başını götürüb qaçan “Qarabağ”.

Çempionat görüşlərində 300-500 nəfərin qarşısında oynayan “Qarabağ”.

İndi biz bu komandadan, Qurban Qurbanovdan, Marko Veşoviçdən, Nəriman Axundzadədən, yaxud Abdullah Zubirdən nə istəyirik?

Söhbət Azərbaycan futbolundan gedirsə, adamların təsnifat mərhələlərini dəf edib Liqa mərhələsinə qədər yüksəlməsinin özü ən böyük uğur deyilmi?

Liqa mərhələsindəki 36 komandanın arasında “Qarabağ”a tay tutula biləcək iki komanda var ki, onların təmsil etdiyi ölkələr – Latviya ilə Bolqarıstan dünya və Avropa çempionatlarının final mərhələsində çıxış edəndə, bizim klublar beynəlxalq arenalarda 0:5, 0:6 hesabları ilə uduzurdu.

Sadəcə, “Qarabağ” bizi pis öyrədib. Digər Azərbaycan klubları qrup yox, adicə pley-off sevinci yaşamaqda çətinlik çəkdiyi halda, ağdamlılar hər il xalqa qrup mərhələsinin həyəcanını yaşadır. Əvvəlki 3 ildə isə qrup mərhələsini dəf etməklə futbol mövsümünün yazına çıxmağı bacarmışdı.

İndi bir az axsayır deyə, “məmə” deyəndən pəpə yeyənə hamı düşüb üstünə. Nə var ki, 7 oyunda 1 qələbə qazanıb, çempionatda “Turan”a son dəqiqələrdə vurulan qollarla uduzub.

Bəli, komandada yetərincə problemlər var. Bunu biz gördüyümüz kimi, klub rəhbərliyi ilə məşqçilər heyəti də xəbərdardır. Və əmin olun ki, çətinliklər həll olunduqdan sonra mümkün uğurlar gələcək. Yenə “Qurban Qurbanov yekdir”, “Qarabağ” qürur yetimizdir”, “Qarabağ”sız nə edərik” kimi sözlərlə təriflər yağdıracağıq.

Faciə baş verməyib. Sadəcə, bu dəfə başdan yuxarı tullanmaq mümkün olmadı. Reallığa baş əyib futbolumuzun hansı səviyyədə olduğuna diqqətlə baxsaq, “Qarabağ”ı etdiklərinə görə əlimizdə gəzdirərik. Xoş günlər uzaqda deyil.

HƏBİB / SPORTİNFO.AZ

Chosen
6
sportinfo.az

1Sources