“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Özbəkistanlı futbolçu Umarali Rahmonəliyevin keçidi ilə bağlı Rusiyanın “Rubin” klubu ilə razılıq əldə edilib. Rahmonaliyev icarə əsasında “bayquşlar”ın uğurları üçün çalışacaq. İcarə müqviləsinin müddəti 1 ildi.
Umarali 2003-cü il avqustun 18-də Nəmənqanda dünyaya gəlib. Müdafiəyəmeyilli yarımmüdafiəçi mövqeyində çıxış edir. Futbol karyerasına “Bunyodkor”un gənclər akademiyasında başlayıb. 2021-ci ildə əsas komandada debüt edərək, həmin mövsümdə 4 oyunda 1 qol vurub. 2022-ci ildə isə 21 oyunda 7 qol ilə komandasına töhfə verib.
2023-cü ildə Umarali “Rubin”ə transfer olunub. Rusiya premyer-liqasında2023-ün iyulunda - “Lokomotiv”lə oyunda debüt edib. 2023/24 mövsümündə 11, 2024/25 mövsümündə 2 oyuna çıxıb. Özbəkistanın müxtəlif yaş qrupları üzrə yığmalarında çıxış edib. U-19-da 2 oyunda iştirak edib, fərqlənməyi bacarmasa da, U-20-nin heyətində 11 oyunda 2 dəfə rəqiblərini məyus edə bilib. 2023-cü ildən etibarən U-23 millisində 19 oyunda 3 qolla yadda qalıb. 2023-cü ildə Asiya U-20 kubokunun qalibi olub və 2022/23 mövsümündə Rusiyada çıxış etdiyi “Rubin” klubu ilə futbol üzrə ölkə çempionatının 1-ci liqasının çempionu olub.
“Transfermarkt” özbək futbolçuya 500 min avro qiymət qoyub.
ƏSƏD SEYİDOV