EN

Azərbaycandan sonra daha bir ölkə AŞPA-da fəaliyyətini dayandırdı

Gürcüstan parlamentinin nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Gürcüstan nümayəndə heyətinin rəhbəri, Gürcüstan parlamentinin vitse-spikeri Tea Tsulukianinin bəyanatında deyilir.

“Gürcüstan hakimiyyətinin əleyhdarları gürcü nümayəndə heyətinin etimadnaməsinin AŞPA-da ümumiyyətlə tanınmamasını istəyirdilər, lakin qurum etimadnamələri tanıyıb, amma müəyyən şərtlərlə, bunlardan biri də yeni parlament seçkilərinin keçirilməsi olub. Bütün qeyd olunanları nəzərə alaraq, biz, Gürcüstan parlamentinin nümayəndə heyətinin üzvləri, Strasburq və Tbilisidə müzakirələr apardıq və “Gürcü Arzusu” komandasının ümumi qərarı ilə, səlahiyyətlərimizin təsdiq olunmasına baxmayaraq, bu gündən etibarən Avropa Şurası Parlament Assambleyasında fəaliyyətimizi dayandırırıq”, – bəyanatda deyilir.

Qeyd edək ki, qısa müddət öncə AŞPA-da Gürcüstan hakimiyyətini yeni parlament seçkiləri keçirməyə çağıran qətnamə qəbul edilmişdi.

Tsulukiani qeyd edib ki, Gürcüstan nümayəndə heyəti “ölkəyə və onun xalqına qarşı şantaj dayandırıldıqdan” sonra Avropa Şurası Parlament Assambleyasında fəaliyyətini bərpa edəcək.

Qeyd edək ki, bundan 1 il öncə – 24 yanvar 2024-cü ildə Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib. Bəyanatda qeyd edilib ki, nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməkdən imtina ilə bağlı təklif bütövlükdə Avropa Şurasının etibarlılığına və qərəzsizliyinə ciddi zərbə olacaq, bunun ciddi və geri dönməz nəticələrinə görə məsuliyyət tamamilə onun təşəbbüskarlarının üzərinə düşəcək. Bildirilib ki, AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

Chosen
6
20
heftelik.az

10Sources