EN

Sadik Fofana getdi, Emiliano Buendiya gəldi

Toqo yığmasının mərkəz müdafiəçisi Sadik Fofana Almaniyanın “Bayer” klubundan ayrılaraq Avstriya təmsilçisi “Qrazer”ə keçib.

Arena.az bu barədə sözügedən klubların mətbuat xidmətlərinə istinadən xəbər verir.

21 yaşlı futbolçu Leverkuzen təmsilçisini azad agent kimi tərk edib. O, yeni klubu ilə 2027-ci ilin 30 iyununadək anlaşıb.

Almaniyada dünyaya göz açmış Sadik Fofana 2020-ci ildən “Bayer”in sıralarında idi. Amma onu Leverkuzen klubunun əsas komandasında debüt etmək qismət olmayıb. Bu üzdən də müdafiəçi “Nürnberq” və “Fortuna Sittard” kimi klublarda icarədə oynamaq məcburiyyətində qalıb.

Fofana vaxtilə Almaniyanın U-20 yığmasında oynasa da, 2024-cü ildən Toqo millisinin uğurları üçün çalışır. O, ötən ilin mart ayında debüt matçına çıxdığı bu komandanın heyətində artıq 4 oyun keçirib.

“Bayer” İngiltərənin “Aston Villa” klubunun hücumameyilli yarımmüdafiəçisi Emiliano Buendiyanı da heyətinə qatdığını açıqlayıb. Argentina millisinin də üzvü olan 28 yaşlı futbolçu bu mövsümün sonunadək icarəyə götürülüb.

Emiliano Buendiya futbola “Kadetes”də başlasa da, 2009-cu ildə Madrid “Real”ına cəlb olunub. Daha sonra “Xetafe”yə keçən yarımmüdafiəçi, “Kultural Leonesa”, “Norviç Siti” kimi klubların şərəfini qoruyub. 2021-ci ildən “Aston Villa”da çıxış edən Buendiya bu komandanın heyətində meydana çıxdığı 97 oyunda 10 qol vurub, 9 məhsuldar ötürmə verib.

İspaniyanın U-19, Argentinanın U-20 yığmalarında oynamış Buendiya 2022-ci ilin fevralında ölkəsinin əsas millisində də debüt edib. Amma ondan sonra Argentina yığmasının məşqçiləri yarımmüdafiəçiyə ehtiyac duymayıblar.

“Aston Villa” sol vingeri Lui Barrini də “Hall Siti”yə icarəyə verib. 21 yaşlı ingilis futbolçu da bu mövsümün sonunadək icarədə olacaq. 2020-ci ildən bu klubda çıxış edən Lui “Aston Villa”nın əsas komandasında cəmi 1 oyuna çıxıb, 1 qol vurub. O, daha öncə “İpsviç Taun”, “Suindon Taun”, “Milton Kins Dons”, “Salford Siti”, “Stokport Kaunti” kimi klublarda da icarədə olub.

Chosen
8
arena.az

1Sources