E.Cəfərli bildirib ki, dövlət yerli özünüidarəetmə orqanlarının güclənməsində maraqlıdır:
"Bu seçkidə 685 bələdiyyə formalaşdırılacaq, 8071 nəfər üzv seçiləcək. Yeri gəlmişkən seçkilərə 24 siyasi partiyanın təmsilçiləri qatılıb. Bələdiyyələrin birləşdirilməsi ilə bağlı atılan addımlar, o cümlədən son dövrdə qanunvericilikdə qəbul edilən aktlar göstərir ki, dövlət bələdiyyələrin daha nüfuzlu quruma çevrilməsində maraqlıdır".
QHT sədri deyib ki, bələdiyyələrin fəaliyyətinin genişlənməsində, nüfuzunun artmasında rəsmi qurumlar qədər ictimaiyyət də maraqlı olmalıdır.
"Əksər inkişaf etmiş ölkələrdə yerli özünüidarəetmə bələdiyyələrin əlindədir. Məsələn, qardaş Türkiyədə icra hakimiyyətləri yoxdur. Prezidentin təyin etdiyi valillər var. Onlar da yalnız rəsmi təmsilçidir, əsas hakimiyyət bələdiyyələrin əlindədir. Bütün yerli sosial-iqtisadi və məişət problemlərini bələdiyyələr həll edir.
Azərbaycanda bələdiyyələr taleyin ümidinə buraxılmayıb. Müxtəlif yerli layihələrin icrası və problemlərin həlli üçün hər il dövlət büdcəsindən bu quruma dotasiya ayrılır. Son illərdə dotasiya ilə yanaşı subvensiya da verilir. Subvensiyanin həcmi 1 milyon 550 min manatadək artırılıb. 2025-ci ildə bələdiyyələrə təqribən 6.5 milyon manat dotasiya, 1 milyon 550 min manat isə subvensiya ayrılacaq. Bələdiyyələrə dövlət tərəfindən dotasiya və subvensiyanın ayrılması inkişaf etmiş ölkələrin təcrübəsində də var. Xarici təcrübədə bələdiyyələr həm də vergilərin yığılmasını həyata keçirir".
E.Cəfərli deyib ki, ölkəmizdə bələdiyyələr perspektivi olan qurumdur:
"Çox yaxın gələcəkdə bələdiyyə seçkilərinə maraq daha da artacaq. Vaxt gələcək "İcra hakimiyyətinin başçısı" postu olmayacaq. Amma bələdiyyə sədrləri olacaq və onların cəmiyyətdə nüfuzu artacaq. Ehtimal ki, yaxın gələcəkdə keçiriləcək idarəetmə islahatlarında bütün bunları görə biləcəyik"