EN

"Human Rights Watch"un növbəti hoqqabazlığı

Özünü insan hüquqlarının müdafiəçisi adlandıran "Human Rights Watch" beynəlxalq qeyri-hökumət təşkilatı dünyada insan hüquqlarının vəziyyətinə dair illik hesabat dərc edib. ABŞ-da fəaliyyət göstərən bu təşkilat yenə öz ənənəsinə sadiq qalaraq hesabatın Azərbaycana dair hissəsində çoxsaylı böhtanlarla yanaşı, ölkəmizdən könüllü köçüb getmiş ermənilərin qayıdışına şərait yaradılması məsələsini də qaldırılıb. Lakin hesabatın Ermənistana dair hissəsində oradan qırğınla, terrorla, hədə-qorxu  ilə zorla qovulmuş Qərbi azərbaycanlıların qayıdış hüququ barədə bir kəlmə də olsun bəhs edilmir.  Görünür, erməni diasporunun çirkli pulları "Human Rights Watch"un  gözünü  elə kor edib ki, hətta ağı qaradan seçməkdə çətinlik çəkir.  Halbuki, müharibə və postmüharibə dövrlərində dövlət qurumları və qeyri-hökümət təşkilatları tərəfindən dəfələrlə Ermənistanın beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn norma və prinsiplərinin pozulması faktları ilə bağlı bir çox hesabatlar hazırlanaraq müvafiq qaydada "Human Rights Watch" təşkilatının rəsmilərinə də çatdırılıb. Amma onların heç biri  bu təşkilatın yayımladığı hesabatda əksini tapmayıb.

Yeri gəlmişkən, sözügedən hesabatın dərc edilməsindən az əvvəl keçmiş prezident Levon Ter-Petrosyanın Ermənistanın azərbaycanlılara qarşı tətbiq etdiyi etnik təmizləmənin dövlət siyasəti olduğunu təsdiq edən çıxışı ilə bağlı Qərbi Azərbaycan İcması "Human Rights Watch"a xüsusi müraciət də ünvanlayıb.

Bütün bunlara baxmayaraq,  göründüyü kimi, "Human Rights Watch" qərəzli hesabatlar yaymaqda davam edir. Şübhəsiz, bütün bunlar “Human Rights Watch"un anti-Azərbaycan qərəzinin, həm də irqi ayrı-seçkiliyinin göstəricisidir. Bu, həm də  Ermənistanın etnik təmizləmə siyasətinə dəstək deməkdir. Təşkilatın belə bir ciddi məsələyə qeyri-obyektiv yanaşması isə çox təəssüf doğurur.

Sual olunur:  Qarabağı könüllü tərk etmiş ermənilərin qayıdışına şərait yaradılması məsələsinini qaldıran bu təşkilat niyə 30 ildə bir dəfə də olsun Ermənistandan zorla qovulmuş azərbaycanlıların hüquqlarını yada salmayıb? Olmaya, bu məsələdən xəbərsizdir?  Yeri gəlmişkən, iki il öncə bu təşkilat bildirmişdi ki, guya Azərbaycan ərazilərinin er­mənilər tərəfindən minalarla çirkləndirilməsindən “Human Rights Watch”un xəbəri yoxmuş. Hətta təşkilatın rəhbər şəxslərindən biri demişdi: “Mən bununla bağlı heç bir araşdırma tapa bilmirəm, amma həmkarlarımdan soru­şacağam”. Bu yerdə deyiblər, yalansa, səni şahmar ilan vursun. Olmaya təşkilat bu məsələdən də xəbərsizdir? Yuxarıda qeyd etdiyimiz kimi, bu təşkilat məlumatlandırılıb. Bütün bunlar bir daha sübut edir ki, “Human Rights Watch” sadəcə müəyyən dairələrin, daha doğrusu, ermənipərəst qüvvələrin əlində siyasi vasitədir.

Təkcə bir faktı xatırladaq ki, 1987-1991-ci illərdə Qərbi Azərbaycanda, indiki Ermənistanda yaşayan 300 minə yaxın azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulub, bu zaman onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirilib, 1154 nəfər isə yaralanıb. Qeyd edək ki, haylar 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü illərdə də soydaşlarımızı soyqırımı ilə müşayiət olunan deportasiyaya məruz qoyublar. Haylar azərbaycanlıları fiziki olaraq didərgin salmaqla kifayətlənməyiblər, həm də onların bir etnos kimi izlərini o torpaqlardan silməyə cəhd ediblər. Elə bu məqsədlə də azərbaycanlıların qəbiristanlıqlarını, dini ocaqlarını, mədəni və tarixi abidələrini dağıdıblar. Bütün bunları sübut edən tarixi və hüquqi sənədlər mövcuddur. Şübhəsiz, öz ərazisində yaşayan digər millətləri də sıxışdırıb çıxaran haylar yalnız ermənilərdən ibarət Ermənistan qurmaq üçün dövlət səviyyəsində belə bir etnik təmizləmə aparıblar.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Chosen
4
ikisahil.az

1Sources