EN

Xavi Simons satıldı, Milan Şkrinyar “Fənərbağça”ya keçdi

Fransa çempionu PSJ-nin və Niderland yığmasının yarımmüdafiəçisi Xavi Simons tamhüququlu əsasla “Leypsiq”ə keçib.

Arena.az bu barədə Almaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Vurğulanır ki, Bundesliqa təmsilçisi icarəyə götürdüyü futbolçunun transfer hüquqlarını da alıb. “Leypsiq” bu keçid üçün PSJ-yə 50 milyon avro ödəyib. Amma bonuslarla bu transferin ümumi dəyəri 81 milyon avroya da yüksələ bilər.

21 yaşlı futbolçu “Leypsiq”lə müddəti 2027-ci ilin 30 iyununadək nəzərdə tutulmuş müqavilə imzalayıb.

Hücumameylli yarımmüdafiəçi Xavi Simons futbola “Tader” klubunda qədəm qoyub, ardınca “Barselona”nın futbol akademiyasına yol tapıb, daha sonra PSJ-nin futbol akademiyasına keçib və Fransa nəhənginin heyətində böyük futbolda debüt edib.

2022-ci ilin iyulunda azad agent qismində PSV-yə keçmiş Xavi Simonsu PSJ 2023-cü ilin iyulunda satın alaraq, öz heyətinə qaytarıb.

2023/2024-cü illər mövsümünü Simons “Leypsiq”də icarədə keçirib. Niderlandlı gənc yarımmüdafiəçi alman “öküzlər”inin heyətində bütün yarışlarda 43 oyun keçirib, 10 qol və 15 məhsuldar ötürmə ilə fərqlənib. Bu üzdən Bundesliqa təmsilçisi onu bu mövsümün əvvəlində yenidən icarəyə götürmüşdü. Simonsun “Leypsiq”in heyətindəki ümumi statistikası belədir: 60 oyun, 15 qol, 19 məhsuldar ötürmə.

Xavi Simons 2022-ci ilin dekabrında debüt etdiyi Niderland yığmasının heyətində 24 oyun keçirib, 3 qol vurub, 3 məhsuldar ötürmə verib.

Xavi Simonsun qənimətlər muzeyində PSJ ilə qazandığı Fransa çempionluğu və Fransa Kuboku, PSV ilə qazandığı Niderland Kuboku və Niderland Super Kuboku, “Leypsiq”lə qazandığı Almaniya Super Kuboku var.

Fərdi uğurlara gəlincə, Xavi Simons 2022/2023-cü illər mövsümü Niderland Eredivizisində 19 qolla ən sərrast futbolçu olub və 2023-cü il üçün Niderlandda mövsümün oyunçusu seçilib.

“Transfermarkt” internet-portalı 21 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Elif Elmas “Leypsiq”i tərk etdi, A Seriyasına qayıtdı

“Leypsiq” Şimali Makedoniya yığmasının hücumameylli yarımmüdafiəçisi Elif Elması da “Torino”ya icarəyə verib. Sözügedən klub bu oyunçunu 2024-cü ilin əvvəlində 24 milyon avro müqabilində “Napoli”dən transfer etmişdi. Amma Elmas “buğalar”ın heyətində cəmi 22 oyuna çıxıb və 1 assistlə yadda qalıb. Bu üzdən də o, daha çox oyun təcrübəsi əldə etmək üçün İtaliya A Seriyasına qayıdıb. “Torino” 25 yaşlı futbolçunu cari mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.

Elif Elmas Şimali Makedoniyanın “Rabotniçki” (Skopye) klubunun yetirməsidir. 2017-ci ilin iyulunda “Rabotniçki”dən “Fənərbaxça”ya keçmiş Elmas, burada səviyyəsini artırıb və 2019-cu ilin iyulunda “Napoli”yə keçib.

Elmas karyerası ərzində 2 qənimət əldə edib və bunların hər ikisi “Napoli” ilə bağlıdır. O, 2019/2020 mövsümündə İtaliya Kubokunun, 2022/2023 mövsümündə isə İtaliya A Seriyasının qalibi olub.

Elif 2017-ci ilin iyununda debüt etdiyi Şimali Makedoniya yığmasının heyətində 65 oyuna çıxıb, 13 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib. Elmas əsas yığmaya düşənə qədər Şimali Makedoniyanın U-15 yığmasında U-21 yığmasına qədər bütün mərhələrdən keçib.

“Transfermarkt” internet-portalı 25 yaşlı şimalimakedoniyalı hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

PSJ-dən “Fənərbağça”ya

Xavi Simonsu “Leypsiq”ə satmış PSJ Slovakiya milli komandasının da üzvü olan mərkəz müdafiəçisi Milan Şkrinyarı isə Türkiyənin “Fənərbağça” klubuna icarəyə verib. Bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıb.

Milan Şkrinyar 2023-cü ilin yayında İtaliyanın “İnter” klubundan azad agent kimi PSJ-yə keçmişdi. Təcrübəli futbolçu cari mövsümdə meydana çıxdığı 5 matçda fərqlənə bilməyib. Onun Paris klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayında başa çatacaq. Şkrinyar Fransa nəhənginin heyətində bütövlükdə 37 oyun keçirib, 1 qol vurub. O, ötən mövsüm PSJ ilə Fransa çempionu olub, Fransa Kubokunu və Fransa Super Kubokunu qazanıb.

Şkrinyar 2017-ci ilin yayından formasını geyindiyi “İnter”lə 5 kubok qazanıb. O, İtaliya klubu ilə 1 skudetto, 2 İtaliya Kuboku və 2 İtaliya Super Kuboku sevinci yaşayıb. Milanın 6 illik “İnter” karyerasının ümumi nəticəsi isə belədir: 246 oyun, 11 qol və 5 məhsuldar ötürmə.

Milan Şkrinyar karyerası ərzində “Jilina” (93 oyun, 13 qol, 2 assist), “Sampdoriya” (38 oyun), “ViOn” (7 oyun) kimi klublarda da forma geyinib. O, Slovakiya milli komandasında da 77 oyun keçirib, 3 qola imza atıb, 3 assist müəllifi olub.

“Transfermarkt” internet-portalı 29 yaşlı Milan Şkrinyarı 15 milyon avro məbləğində qiymətləndirir.

Chosen
2
arena.az

1Sources