EN

Xronika: "Gürcüstan-Ermənistan yolunun əhəmiyyətli hissəsi Azərbaycanın nəzarətinə keçir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
"Delimitasiyanın şimaldan başlanması Azərbaycanın maraqlarına uyğundur" adlı süjetdə Azərbaycan və Ermənistan sərhəd komissiyalarının yanvarın 16-da keçirilən 11-ci iclasında əldə olunan razılaşmadan söz açılıb.
Bildirilib ki, bu razılaşma dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan və Ermənistanın İranla sərhədinə qədər başlaması ilə bağlıdır.
Qeyd olunub ki, Ermənistan parlamentində baş nazir Nikol Paşinyan və hökumətin digər üzvlərinin iştirakı ilə keçirilən iclasda bu məsələ əsas müzakirə mövzularından biri olub. Hökumətə "delimitasiya niyə şimalda davam etdirilir" sualını ünvanlayan müxalif deputatlar tənqidi çıxışlar edib və söyləyiblər ki, delimitasiyanın şimaldan başlanması Azərbaycanın maraqlarına uyğundur.
Süjetdə Ermənistan mediasının bu məsələ ilə bağlı yazdıqları da ön plana çəkilir. Belə ki, "Past.am" saytı yazır ki, aprel ayında sərhədin şimal istiqamətində delimitasiya prosesi böyük ölçüdə başa çatmalıdır, nəticədə, Əskipara (Voskepar) kəndinin əhəmiyyətli hissəsi Azərbaycanın nəzarətinə keçəcək, yeni sərhəd xətti Lori rayonunun Lorut kəndi olacaq.
"Hraparak" nəşri isə yazır ki, Ermənistan hakimiyyəti delimitasiyasının Basarkeçər (Vardenis), İstisu (Cermuk) və digər ərazilərdə davam etdirilməsini istəsə də, 16 yanvar razılaşması rəsmi Bakının istəyinə uyğundur: "Aydındır ki, belə qərarı Azərbaycan Prezidenti İlham Əliyev verib, rəsmi İrəvan da razılaşmağa məcbur olub".
Deputat Qarnik Danielyan, parlamentdə "Şərəfim var" fraksiyasının üzvü, hərbi ekspert Tiqran Abramyan bildiriblər ki, delimitasiya nəticəsində Azərbaycan ordusu İrəvana gedən yollara nəzarət edəcək: "Delimitasiyanın Tavuş istiqamətində davam etdirilməsi rəsmi Bakı üçün əhəmiyyətlidir. Çünki anklav olan üç kəndin qaytarılmasına hazırlıq gedir. Bu baş verərsə, təkcə Tavuşun mərkəzindəki kommunikasiya yox, həm də Ermənistan-Gürcüstan magistral yolunun və Gürcüstandan Ermənistana gələn qaz kəmərinin bir hissəsi Azərbaycanın nəzarətinə keçəcək".
Sonda vurğulanıb ki, sərhədin delimitasiyası ilə bağlı 16 yanvar razılaşması Azərbaycanın maraqlarına uyğundur və strateji ərazilərə nəzarəti bərpa edilməsi həm sərhəddə möhkəmlənmək, həm də Qərbi Azərbaycanın dərinliklərinə doğru addım-addım irəliləmək imkanı yaradır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
Chosen
17
2
oxu.az

3Sources