1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Avropa İttifaqının müddəti uzadılmış missiyası Qərbi azərbaycanlıların deportasiya edildiyi ərazilərdə fəaliyyət göstərir.
Oxu.Az xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülviyyə Zülfiqar bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqının müddəti daha iki il - 2027-ci il fevralın 19-dək uzadılmış missiyası Qərbi azərbaycanlıların zorla çıxarıldığı ərazilərdə fəaliyyət göstərir.
"Missiya nümayəndələrinin binoklla Azərbaycan sərhədini müşahidə etmək üçün gəlib dayandıqları məntəqələr Qərbi azərbaycanlıların tarixi ata-baba yurdlarıdır. İnsan hüquqlarına sadiq olduğunu iddia edən Avropa İttifaqı təşkilata məxsus missiyanın üzərində dayandığı torpaqlardan zorla deportasiya edilən Qərbi azərbaycanlılarla bağlı bir dəfə də olsun, mövqe bildirməyib, açıqlama verməyib, əksinə Azərbaycan tərəfinə qarşı qıcıqlandırıcı hərəkətləri ilə yadda qalıb. Belə olan halda, bu təsisatın missiyasının nədən ibarət olması şübhə altına düşür".
Sözçü Qərbi Azərbaycan İcmasının daha əvvəl də səsləndirdiyi bəyanatlarda Aİ-nin missiyasını ədalətli olmağa, fəaliyyət göstərdiyi ərazilərdən deportasiya olunan azərbaycanlıların geri qayıdışı ilə bağlı mövqe bildirməyə çağırdığını xatırladıb:
"Biz bir daha sözügedən missiyanı regionda sabitliyin pozulmasına yönəlik hərəkətlərdən çəkinməyə və Qərbi azərbaycanlıların geri qayıdışı ilə bağlı ədalətli mövqe sərgiləməyə çağırırıq".