EN

Yabanı nanə – məlhəmdi mədənə

İndiki dövrdə yediyimiz qidaların təsiri ilə  bir çox insan mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Təbii vasitələrlə müalicə həkimləri iştah və köp problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yabanı nanəni məsləhət görürlər.

Bildirirlər ki, ilk növbədə, nanə mədədə yaranan qazın aradan qaldırılmasında və iştahın açılmasında təsirli rol oynayır. Nanə keçmiş dövrlərdə də mədə ağrılarına qarşı dərman kimi istifadə edilib. Hətta bir çox dərman satılan yerlərdə, xüsusi olaraq mədə müalicəsi üçün tövsiyə edilib.

Nanənin tərkibində uçucu yağ – tanen və acı maddə var. Bitkidə olan maddələr mədə problemi yaşayanlar üçün olduqca təsirlidir. Bununla yanaşı, nanənin kişilərdə güc artırma, ürək gücləndirmə, bədəndəki spazm ağrıları və ruhi-əsəbi narahatlıqlarını aradan qaldırmaq kimi xüsusiyyətləri də var.

Təbii dərman olan nanəni istifadə etmək üçün 1–2 çay qaşığı qurudulmuş çöl nanəsi yarpağı üzərinə 1 stəkan qaynar su tökülür. 10–15 dəqiqə dəmlənməyə qoyulur. Nanə çayı gündə üç dəfə içilə bilər. Onu çox içmək məsləhət deyil, çünki təzyiqin aşağı düşməsinə, bəzən başgicəllənməyə səbəb ola bilər. Böyrək problemi olanlar da nanədən uzaq durmalıdırlar.

Z.HÜSEYNLİ 
XQ

 

Chosen
0
xalqqazeti.az

1Sources