Rumıniyanın prezidentliyə namizədliyini irəli sürmüşifrat sağçı siyasətçisi Kelin Ceorcesku deyib ki, Ukrayna ərazisinin gələcəkdə qonşu ölkələr arasında bğlünməsi “qaçılmazdır”.
O, bu barədə rumıniyalı jurnalist İon Kristə müsahibəsində bildirib.
"Dünya dəyişir. Sərhədlər dəyişəcək. Üstəlik: sərhədlər dəyişsə, biz harada olacağıq?"
Ceorcesku bildirib ki, Rumıniyanın Ukraynanın qərbində yerləşən Şimali Bukovinada “öz marağı” var. Rayon 1918-ci ildən Rumıniyaya məxsus idi, lakin İkinci Dünya Müharibəsindən sonra Ukraynaya (o vaxt SSRİ-nin tərkibində) keçmişdi.
Jurnalist bunun Ukrayna ərazisinin bölünməsi ilə bağlı olub-olmamasına aydınlıq gətirib. Cavabında Kelin Ceorcesku deyib: "Yüz faiz belə olacaq. Başqa variant yoxdur! Başqa varian mövcud deyil! Buna doğru gedən yol qaçılmazdır".
Siyasətçi həmçinin bildirib ki, Ukrayna “uydurma dövlətdir”.
Rumıniya Xarici İşlər Nazirliyi Ceorceskunun bəyanatına cavab verib.
Nazirliyin bəyanatında deyilir ki, Rumıniya Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyir.
Rumıniya Xarici İşlər Nazirliyi “Azadlıq” radiosunun Rumıniya xidmətinin sorğusuna cavab olaraq vurğulayıb ki, Ceorcesku “rəsmi səlahiyyətlərə malik deyil və buna görə də Rumıniya adından danışa bilməz və danışmır, ancaq şəxsi fikrini ifadə edir”.
Ukrayna Xarici İşlər Nazirliyi rumıniyalı siyasətçinin bəyanatlarını “tamamilə qəbuledilməz” və “revizionist” adlandırıb. Kyivdə onları “Ukraynaya və onun xalqına qarşı tam hörmətsizliyin ifadəsi” hesab edirlər.
Dekabrda Rumıniya xüsusi xidmət orqanları ilk turda gözlənilmədən qalib gələn Ceorceskunun populyarlaşdırılmasında Moskvanın köməyini göstərən sənədləri dərc etdikdən sonra Rumıniya prezident seçkilərinin birinci turunun nəticələrini ləğv edib. Baş Prokurorluq onun seçki kampaniyası zamanı mümkün manipulyasiya və çirkli pulların yuyulmasını araşdırır.
Ölkənin xüsusi xidmət orqanlarının məlumatına görə, Rusiyayönlü hesab edilən siyasətçi seçki kampaniyası zamanı on minlərlə TikTok hesabı tərəfindən dəstəklənib. Sosial şəbəkə Rumıniya hakimiyyətinə seçkiqabağı kontekstdə ictimai rəyi manipulyasiya etmək üçün hərəkətlərdə iştirak edən potensial istifadəçilər şəbəkəsini, habelə Rusiyanın dövlət media orqanı Sputnik ilə əlaqəli hesablar şəbəkəsini müəyyən etdiyi barədə məlumat verib.
visiontv.az