RU

Deputat: "Bu gün idmançılarımız ərazi bütövlüyü bərpa olunmuş qalib ölkəni qürurla təmsil edirlər"

Bu gün Azərbaycan dünya miqyasında olimpiya oyunlarının yüksək səviyyədə keçirildiyi idman ölkəsi kimi tanınır və şanlı bayrağımız beynəlxalq arenalarda da, qürurla dalğalanır. Əlbəttə, bütün bunlar, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən düzgün və uğurlu idman siyasətinin nəticəsində mümkün olub. Ulu öndər Azərbaycan idmanının dövlətimizin imicinin möhkəmlənməsində, dünyada tanınmasında müstəsna rolunu önə çəkərək deyirdi: 

"İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır".


Ulu öndər Heydər Əliyevin ölkədə bədən tərbiyəsi və idmanın inkişafı sahəsində gördüyü genişmiqyaslı tədbirlər Azərbaycanı dünyaya idman ənənələri olan ölkə kimi də tanıtdırdı. Bu istiqamətdə görülən işlərin yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən daha da genişləndirilməsi uğurlarımızı artırmaqdadır.

Dövlət başçısı bu siyasətin həm də mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin edib. "Bizim idmançılarımız göstərdilər ki, onlar həm fiziki cəhətdən, həm də mənəvi cəhətdən güclüdürlər, möhkəmdirlər və doğma Vətənin üçrəngli bayrağının dalğalanması üçün onlardan nə asılı idisə, onu etdilər. Yəni bütün bu amillər bizi idman dövləti kimi daha da gücləndirir, Azərbaycanın nüfuzu artır, Azərbaycanın idman imkanları daha da genişlənir." 

Ölkəmizin qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər Beynəlxalq Olimpiya Komitəsinin və Avropa Olimpiya Komitəsinin rəhbərliklərinin diqqətindən yayınmayıb. Məhz, beynəlxalq idman təşkilatlarının istəyi ilə Azərbaycanda onlarla olimpiya lisenziyalı beynəlxalq turnirlər, mötəbər yarışlar, dünya və Avropa çempionatları keçirilib. Artıq, Azərbaycanda keçirilən dünya çempionatları, Avropa oyunları silsilə xarakteri daşıyır. Son illərdə ölkəmizdə nüfuzlu beynəlxalq turnirlər, dünya və Avropa çempionatları təşkil edilib. İlk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 kimi mötəbər yarışların Azərbaycanda böyük uğurla təşkili bunun əyani sübutudur". 

Demokrat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, bu gün Azərbaycan uğurlu idman ölkəsi kimi günü gündən inkişaf edir. 

1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. 

Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur. Bu qərarlar müsbət nəticələr verir, Olimpiya və dünya çempionatlarında qazanılan medalların, nailiyyətlərin sayı ildən-ilə artır.  2024-cü ilin idman yekunlarına həsr olunan görüşdə dövlət başçısı ölkə idmançılarının uğurlarından danışaraq əldə edilmiş uğurlar münasibətilə onları təbrik edib. 
Ölkə rəhbəri bildirib ki,  2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olub. 

Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil ediblər, yarışlarda 1700-ə yaxın medal qazanılıb. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir.
Deputat diqqətə çatdırıb ki, bu gün ölkəmizin əksər şəhər və rayonlarında milli olimpiya kompleksləri və mərkəzləri fəaliyyət göstərir, müxtəlif sahələr üzrə idman meydançaları və təsisatları yaradılır. Bütün bunlar isə ölkədə nüfuzlu idman yarışlarının təşkilinə imkan verir. Hazırda bizim bölgələrimizdə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir və bu idman komplekslərinin bundan sonra da inşası nəzərdə tutulur.Artıq, Qarabağ bölgəsində, azad edilmiş ərazilərdə bir neçə beynəlxalq idman yarışı keçirilmişdir.  Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı, Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilmişdir. Azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur.

Dövlət başçımız bildirib ki, Bakı şəhərində ən müasir idman infrastrukturumuz vardır. Biz hələ təxminən 10 il bundan əvvəl Bakıda mötəbər Avropa Oyunlarını keçirmişdik. Ondan sonra İslam Həmrəylik Oyunlarını keçirmişdik və keçən ay Bakıda COP29 beynəlxalq iqlim konfransı da Olimpiya Stadionunun içində və onun ətrafında keçirilmişdir. Yəni, burada da vaxtilə inşa etdiyimiz idman obyektinin - Olimpiya Stadionunun böyük rolu olmuşdu. Çünki əgər vaxtilə biz bunu etməsəydik, bu boyda, bu miqyasda beynəlxalq tədbiri keçirə bilməzdik - 197 ölkə, 76 min qeydiyyatdan keçmiş iştirakçı təmsil olunurdu və qonaqların məmnunluğu xüsusi qeyd edilirdi. Cəmi 10 şikayət var idi, onlar da tezliklə öz həllini tapdı. 

K.Bayramov əlavə edib ki, xalqımızın və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır. Ölkədə həyata keçirilən uğurlu idman siyasəti bu sahədə intensiv nailiyyətlər qazanmağa imkan verir.

Lakin bu gün idmançılarımız üçün böyük stimul kimi çıxış edən daha bir vacib məqam mövcuddur. Bu stimul dörd il bundan əvvəl əldə olunmuş tarixi Qələbəmizdir. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsini möhtəşəm Zəfərlə başa vurduqdan sonra idmançılarımız da artıq bütün beynəlxalq yarışlarda məhz, qalib ölkənin təmsilçiləri, qalib xalqın nümayəndələri kimi çıxış edirlər. 

Prezident İlham Əliyev 2022-ci ilin avqustun 9-da Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edən idmançılarla görüşündə qeyd etmişdi ki, biz artıq müzəffər xalqın nümayəndələri, qalib ölkənin nümayəndələri kimi bu oyunlarda iştirak edəcəyik. Döyüş meydanlarında əldə edilmiş qələbə idman yarışlarında da özünü əks etdirəcək.

Gənclərin sağlam şəraitdə böyüməsi, pis vərdişlərdən uzaq olması, ölkədə bədən tərbiyəsinin hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür. Biz bu gün əminliklə deyə bilərik ki, ölkə rəhbərliyinin diqqət və qayğısı ilə həyata keçirilən tədbirlər bundan sonra da gənclərimiz arasında idmana olan marağı daha da artıracaqdır.


Demokrat.az
Избранный
91
12
demokrat.az

10Источники