Türkiyəli futbol mütəxəssisi Fatih Terim Səudiyyə Ərəbistanının “Əl-Şabab” komandasının baş məşqçisi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Terim “Əl-Şabab”la 6 aylıq müqaviləyə imza atıb. O, bir neçə gün öncə İngiltərənin “Vulverhempton” klubuna keçmiş portuqaliyalı mütəxəssis Vitor Pereyranı əvə edib. Klubun videopaylaşımında türkcə “Mərhaba, İmperator” ifadəsi yer alıb.
Xatırladaq ki, Terimin “Əl-Şabab”dan öncəki sonuncu klubu Yunanıstan təmsilçisi “Panatinaikos” olub. 71 yaşlı mütəxəssis 2023-cü ilin dekabr ayında baş məşqçi təyin olunduğu Yunanıstan klubundan 2024-cü ilin mayında ayrılmaq məcburiyyətində qalmışdı.
Fatih Terim karyerası ərzində dörd müxtəlif dövrdə (1996-2000, 2002-2004, 2011-2013, 2017-2022-ci illər aralıqlarında) “Qalatasaray”da baş məşqçi kimi çalışıb. O, “sarı-qırmızılar”ı bütövlükdə 8 dəfə Türkiyə çempionu edib, 3 dəfə ölkə kubokunu qazandırıb. Bu komanda yeganə UEFA Kubokunu da məhz Terimin rəhbərliyi altında qazanıb. Terimin dönəmində klub 3 dəfə Super Kubokda da uğura sevinib.
Təcrübəli mütəxəssis İtaliyanın “Fiorentina” və “Milan” klublarında da baş məşqçi olub. O, məşqçilik karyerası ərzində “Ankaragücü”, “Göztəpə” klublarına, Türkiyə yığmasında (2 dəfə) və Türkiyənin U-21 yığmasında da çalışıb.
“Əl-Şabab” Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümündə 13 oyun keçirib. Komanda bu görüşlərdə 7 qələbə qazanıb, 2 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. 23 xalı olan komanda hazırda yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Çempionata 36 xalı olan “Əl-İttihad” liderlik edir.