“2024-cü il ölkəmiz üçün kifayət qədər uğurlu il oldu”.
Bu sözləri Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında deyib. O xatırladıb ki, cari ildə prezident və parlament seçkiləri keçirildi:
“Həmçinin, bələdiyyə seçkilərinə hazırlıq başladı. Yəni 2024-cü ili seçkilər ili kimi də xarakterizə etmək olar. Gələn ilin əvvəllində - 29 yanvarda isə ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək. 2025-ci ildə siyasi proseslərin davamı həyata keçiriləcək. Bundan başqa, “Siyasi partiyalar haqqında” Qanunun 2025-ci ildə daha da təkmilləşməsini gözləyirik.
Siyasi partiyaların fəaliyyəti üçün şərtlərin bir qədər də genişlənməsini istəyərik. Partiyalar ofislə təmin olunur, maliyyə dəstəyi göstərilir və hər cür şərait təmin olunur. İndi parlament seçkilərində iştirak edən bütün partiyalara maliyyə ayrılır. Lakin orada mötərizədə bunun üçün partiyanın hesablarında müəyyən hərəkətliliyin olması ilə bağlı bir qeyd var.
Yəni hesaba pul daxil olmalı və pul çıxmalı imiş. Həmin qeyd bizi çətin vəziyyətə saldı. Hesabımızda hər hansısa maliyyə hərəkəti olmadığı üçün bu ilin iki ayını həmin yardımdan məhrum olduq. Ona görə də həmin əlavəninin ləğvini təklif edirik. Eyni zamanda, siyasi partiyalara ayrılan maliyyənin bir qədər də artırılmasını gözləyirik”.
Akif Nağının sözlərinə görə, partiyaların rayon şöbələri üçün qərargahların ayrılması da çox vacibdir:
“Partiyalarla bağlı regionlarda təşkilatlanma, insanlar arasında siyasi maarifləndirmə və dövlətçiliklə bağlı təbliğat getməlidir.
Bunlar üçün rayon şöbələri çox əhəmiyyətli rol oynayır. Əgər partiya dövlətin və millətin xeyrinə çalışırsa, anti-Azərbaycan siyasəti aparmırsa, onların fəaliyyətinə şərait yaradılmalıdır. 2025-ci ildə partiyaların rayon təşkilatlarının yaradılması ilə bağlı gözləntimiz var”.
Partiya sədri qeyd edib ki, Qarabağda aparılan yenidənqurma işləri də sürətlə davam edəcək: “Qarabağa qayıdışın böyük dönüş alacağını gözləyirik. Bununla bağlı həm sosial sifariş, həm də tələb var. İnsanlar Qarabağa qayıtmaq üçün səbirsizliklə gözləyirlər. Artıq Füzuli, Cəbrayıl, Şuşa, Zəngilan və Laçın çox gözəl görünür. Əminəm ki, insanların kütləvi şəkildə dədə-baba torpaqlarına qayıtma prosesi gələn il də davam edəcək. Ondan sonr bu proses daha sürətlə gedəcək. Hesab edirəm ki, bu prosesin sürətlənmə prosesi məhz 2025-ci ildə başlanılacaq. Ümumiyyətlə, 2025-ci il Azərbaycanın Qarabağ Zəfərinin 5 illiyi olacaq. Ötən 5 ildə Qarabağın yenidənqurulması ilə bağlı kifayət qədər böyük işlər görülüb”.
Siyasətçi hesab edir ki, 2025-ci ildə iqtisadi sahələrdə islahatlar getməlidir: “Xüsusilə insanların öz işlərini qurması ilə bağlı şərait yaradılmalıdır. İş adamlarına və öz işlərini qurmaq istəyənlərə dəstək olmaq lazımdır. Əsasən də kəndlərdə güzəştli kreditlərin verilməsi həddindən artıq vacib məsələdir. Hesab edirəm ki, yeni fabriklər və zavodlar işə salınmalıdır. Bu sahələrdə də müəyyən irəliləyişlər gözləyirik”.
Akif Nağı Zəngəzur dəhlizinin açılması ilə bağlı da danışıb:
“Zəngəzur dəhlizinin açılması üçün artıq siyasi, iqtisadi və beynəlxalq hüquqi müstəvidə baza var. Hesab edirəm ki, Zəngəzur dəhlizi Azərbaycan və Türkiyənin birgə səyi nəticəsində açılacaq.
Məncə, 2025-ci il Zəngəzur dəhlizinin açılması ilə bağlı həlledici il olacaq. Açılmasa belə, bununla bağlı çox böyük addım atılacaq”.