RU

Xavi Martines: “Harri Keynin bu lənəti qırmasını istəyirik”

“Bayern”in ispaniyalı keçmiş yarımmüdafiəçisi Xavi Martines münhenlilərin ingilis mərkəz hücumçusu Harri Keyn barədə danışıb.

Arena.az xəbər verir ki, veteran futbolçu ingilis forvardın karyerasında tezliklə ilk komanda qənimətini qazana biləcəyinə ümidvar olduğunu bildirib:

“Bundesliqada “Bayern” qalib gəlmək üçün mübarizə aparmalıdır. Hər şey ola bilər, həmişə yüksəlişlər və enişlər olur. Görünəni budur ki, bu mövsüm Münhen komandası çempionluğa əsas namizəddir. Ümidvaram ki, bu, baş verəcək və Harri Keyn nəhayət ki, ondan qaçan qəniməti qazanacaq. Ardıcıl 11 Bundesliqa qalibiyyətindən sonra Keynin “Bayern”ə gəlməsi və “Bayer”in qalib gəlməsi inanılmazdır! Hamımız onun ilk qənimətini qazanmasını və bu lənəti qırmasını istəyirik”, deyə Xavi Martines vurğulayıb.

Xatırladaq ki, Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 20 oyuna çıxıb, 20 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib.

Harri Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 65 oyun, 64 qol və 21 məhsuldar ötürmədən ibarətdir.

Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 103 oyuna 69 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Sonda onu da əlavə edək ki, Keyn böyük futboldakı karyerası ərzində hələ, bir qənimət belə, qazana bilməyib.

Избранный
48
arena.az

1Источники