Ali Məhkəmədə mənimsəmədə təqsirləndirilən V.Hüseynovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, V.Hüseynov Gəncə şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşı olub. O, işlədiyi dövrdə qulluq mövqeyinə görə ona olan inam və etibardan istifadə edərək tanışı, zərərçəkmiş S.Şərifovanın pulunu dələduzluq yolu ilə ələ keçirib.
Belə ki, təqsirləndirilən şəxs 1995-ci il təvəllüdlü zərərçəkmiş şəxsə çalışdığı qurumun vəzifəli şəxslərinin adına Mərkəzi Bankında depozitə pul qoymaqla faiz şəklində gəlir qazandıracağını yalandan vəd verib. V.Hüseynov 2022-ci illərdə Gəncə şəhəri ərazisində S.Şərifovanın ümumilikdə 28500 manat pulunu alıb.
Gəncə Şəhər Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi hökmü məhkumun apellyasiya şikayətinə münasibətdə dəyişdirmədən saxlayıb.
Kamal Məmmədov