RU

Cənubi Qafqazda yeni reallıqlar: Ermənistan Qərbə yaxınlaşmaqla nə əldə edir?– ÖZƏL

Ermənistanla Avropa İttifaqı (Aİ) arasında "Ermənistanın Avropa İttifaqının böhranların idarə olunması əməliyyatlarında iştirakı haqqında" sazişi təsdiqlənib. 

Bu sazişi Ermənistanın öz təhlükəsizlik strategiyasını  Qərbə daha da yaxınlaşdırması kimi dəyərləndirmək olarmı? Əgər belədirsə, bunun regiondakı münaqişə dinamikasına təsiri nə ola bilər?

"Ermənistanın Avropa Birliyi ilə münasibətlərini tənzimləyən sənədlər təbii ki, rəsmi İrəvanın maraqları baxımından önəm daşıyır. Ancaq indiki dəyişən geopolitik proseslər şəraitində Ermənistan üçün o qədər də geniş manevr imkanları mövcud deyil. Çünki qlobal proseslər elə istiqamətdə irəliləyir ki, yaxın gələcəkdə Tramp administrasiyasının idarə etdiyi Amerika Birləşmiş Ştatları ilə Avropa Birliyi arasında ziddiyyətlərin kəskinləşəcəyi gözlənilir və bu da ilk növbədə Ermənistanın lazımsız, əhəmiyyətsiz bir dövlətə çevrilməsinə yol aça bilər".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib:

"Üstəlik, onu da nəzərə almaq lazımdır ki, İran mövzusu indi  Tramp administrasiyası üçün ön plana keçdiyinə görə, ABŞ-nin Ermənistanla deyil, Azərbaycanla strateji tərəfdaşlıq münasibətləri qurması üçün daha münbit şərait yaranmış olur. Böyük ehtimalla ABŞ Tramp administrasiyası dönəmində Azərbaycanın geopolitik və qlobal əhəmiyyətini daha ciddi şəkildə dəyərləndirəcək və Azərbaycan-ABŞ münasibətləri Tramp administrasiyası üçün prioritet xarakter daşıyacaq. Bu baxımdan Ermənistan ABŞ-nin dəstəyini itirmək təhlükəsi ilə qarşılaşmış kimi görünür. Ona görə də hesab etmək olar ki, Ermənistanın Qərbə inteqrasiyası indiki situasiyada Ermənistana elə ciddi üstünlük qazandıra bilməz. Əksinə, indi Ermənistan daha çox Azərbaycan və Türkiyədən asılı vəziyyətə düşmək istiqamətində neqativ dəyərləndirilə biləcək situasiya ilə üzləşməyə başlayıb. Bu baxımdan Ermənistanın Cənubi Qafqazdakı geopolitik proseslərdə ümidverici perspektivlərə yaxınlaşma ehtimalı o qədər də inandırıcı görünmür".

Ekspert vurğulayıb ki, Cənubi Qafqazdakı geopolitik iradə mərkəzi Azərbaycandır:

"Rəsmi Bakı artıq açıq şəkildə Cənubi Qafqazın sahibinin, yəni hegemon geopolitik iradə mərkəzinin məhz  Azərbaycan olduğunu açıq şəkildə bəyan edib. Bu da Azərbaycanın öz qlobal və geopolitik əhəmiyyətini doğru qiymətləndirməsindən qaynaqlanır. Eyni zamanda, Azərbaycan öz hərbi siyasi gücünü hamıdan yaxşı bilir və indi həm Cənubi Qafqazda maraqları olan nəhəng dövlətlər, həm də region dövlətləri Azərbaycanın geopolitik iradəsini mütləq bütün proseslərdə nəzərə almaq məcburiyyətində qalacaqlar. Bu baxımdan Ermənistanı ümidverici heç bir perspektiv gözləmir. Ermənistan yaxın gələcəkdə məhz Azərbaycan və Türkiyədən asılı vəziyyətə düşən bir dövlətə çevriləcək. Əgər Ermənistan Azərbaycanın geopolitik iradəsinə qarşı çıxmaq istəsə, buna cəsarət eləsə, bu, Ermənistan üçün daha ağır bir situasiyanın yaranmasına səbəb ola bilər".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
14
olaylar.az

1Источники