RU

Makronun prezidentlik dövrünün səriştəsiz idarəçiliklə yadda qaldı - Azər Hüseynov

Yazını böyüt
Yazını kiçilt

“Fransa uzun müddət "insan hüquqları və azadlıqların beşiyi" kimi tanınsa da, ölkənin daxili və xarici siyasətində müşahidə olunan bir çox neqativ tendensiyalar bu imici ciddi şəkildə zədələyir. İslamofobiya, ksenofobiya kimi halların ölkənin siyasi sinfində geniş yayılması diqqət çəkir. Xüsusilə müsəlmanlara qarşı məhdudlaşdırıcı qanunların qəbul edilməsi, dini azadlıqlara müdaxilə və baş örtüyü qadağaları kimi addımlar, Fransa cəmiyyətində ayrımçılığı artırır”.

Bunu hafta.az-a siyasi ekspert Azər Hüseynov bildirib.

Ekspert eyni zamanda qeyd edib ki, bütün bunlarla yanaşı, antisemitizm və digər etnik qruplara qarşı nifrət halları ölkədəki inteqrasiya siyasətinin uğursuzluğunu nümayiş etdirir. Onun fikrincə, bu vəziyyət, Fransa hakimiyyətinin insan hüquqları və bərabərlik prinsiplərindən uzaqlaşdığını göstərir.

“Fransanın siyasi elitası üzərində erməni diasporunun güclü təsiri də diqqətəlayiq bir məqamdır. Bu təsir, xüsusilə Ermənistanın maraqlarının müdafiəsində, Azərbaycanın isə haqlı mövqeyinin nəzərə alınmamasında özünü göstərir. Dağlıq Qarabağ münaqişəsində Ermənistan tərəfinin dəstəklənməsi, Fransanın beynəlxalq arenada obyektiv vasitəçi kimi qəbul olunmasına maneə olur və Cənubi Qafqazda sülh səylərinə kölgə salır. Bu, Fransa siyasi dairələrinin birtərəfli yanaşmasını və obyektivlikdən uzaq siyasət yürütməsini ortaya qoyur”.

A.Hüseynov Emmanuel Makronun prezidentlik dövrünün səriştəsiz idarəçilik və intriqalarla yadda qaldığını qeyd edib. Onun qənaətinə görə, Makronun siyasi təcrübəsi əvvəlki prezidentlər, məsələn, Şarl de Qollun strateji uzaqgörənliyi və ya Fransua Mitteranın sosial bərabərlik siyasəti ilə müqayisədə zəif görünür.

“Makronun liderliyi dövründə "sarı jiletlilər" hərəkatı, iqtisadi problemlər, sosial narazılıqlar və artan ictimai inamsızlıq, onun idarəetmədə uğursuz olduğunu göstərir. Bundan əlavə, beynəlxalq arenada Fransanın intriqaçı siyasəti və uğursuzluqları da nəzərə çarpır. Daxili siyasətdə sosial qeyri-bərabərlik və iqtisadi çətinliklər dərinləşərkən, Yaxın Şərqdə və Afrikada Fransa təsirini itirməkdədir. Xüsusilə Afrika ölkələrində müstəmləkə keçmişindən qaynaqlanan narazılıqlar və Fransa qüvvələrinin çıxarılmasına dair tələblər, ölkənin bu regiondakı təsir dairəsinin zəiflədiyini göstərir və narahatlıq doğurur”.

A.Hüseynov eyni zamanda bildirib ki, Azərbaycanın işlərinə qarışmaq və Cənubi Qafqaz regionunda birbaşa təsir göstərmək cəhdləri Fransanın müdaxiləçi siyasətindən xəbər verir. Lakin Azərbaycanın bu məsələdə qəti mövqeyi aydındır: Fransanın Cənubi Qafqazdakı məsələlərə müdaxiləsinə yol verilməməli, Azərbaycanın suverenliyinə və daxili işlərinə hörmət edilməlidir.

“Azərbaycanın prinsipial mövqeyi, həm regional sabitliyin, həm də beynəlxalq hüququn qorunması baxımından əhəmiyyətlidir. Nəticə etibarilə, Fransanın həm daxili, həm də xarici siyasətindəki uğursuzluqlar ölkənin nüfuzuna ciddi zərbə vurur. Siyasi elitanın birtərəfli və qərəzli yanaşmaları, Makronun səriştəsiz rəhbərliyi və müxtəlif sahələrdəki uğursuzluqlar Fransanı hazırkı vəziyyətdə bir çox cəbhədə geri salmışdır. Bu proseslərin davam etməsi, ölkənin qlobal siyasətdəki yerini daha da zəiflədə bilər”.

Избранный
17
1
hafta.az

2Источники