RU

Qərbi Azərbaycana qayıdış günün tələbidir

Hazırda Azərbaycan dövlətinin qarşısında dayanan əsas məsələlərdən biri də 1988-1989-cu illərdə indi Ermənistan adlanan ərazidən – tarixi yurd yerlərindən qovulan soydaşlarımızın geri qaytarılması ilə bağlıdır. Məsələ xüsusilə Vətən müharibəsinin başa çatmasından sonra, yəni son 4 ildə aktiv şəkildə gündəmə gətirilir və bu istiqamətdə fəal siyasi-diplomatik iş aparılır. Bu da təsadüfi deyil. Çünki Qarabağ və Şərqi Zəngəzur erməni tapdağı altında olduğu dövrdə ölkəmizin əsas gücü, potensialı və fəaliyyəti işğal faktının aradan qaldırılmasına yönəlmişdi.

Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra əsas hədəflərimizdən biri Qarabağda hələ də qalmaqda olan separatçı xunta rejiminin varlığına son qoymaq, dövlət suverenliyini bərpa etmək idi. 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri sayəsində bu məqsədimizə də nail olduq. Bundan sonra Qazax rayonunun işğal altındakı kəndlərimizin qaytarılması prioritet məsələyə çevrildi. Məlumdur ki, Azərbaycan Prezidentinin ötən ilin fevralında Ermənistan baş naziri qarşısında qoyduğu tələbdən sonra rəsmi İrəvan 2024-cü ilin aprelin 19-da həmin kəndləri qaytarmağa məcbur oldu. Bundan sonra Qərbi Azərbaycan məsələsinin aktiv şəkildə gündəliyə gətirilməsinə başlanıldı.

Əlbəttə, bu istiqamətdə proseslərin 2020-ci ildən sonra, yaxud elə 2024-cü ildə başlandığını iddia etmək ciddi yanlışlıq olardı. Qərbi Azərbaycanla bağlı ideoloji xəttin formalaşmasının 10-15 illik tarixçəsi var. Hələ 2011-ci il iyulun 5-də keçirilən Dünya azərbaycanlılarının III qurultayında Prezident İlham Əliyev demişdir: “Tarix tarixdir. 1978-ci ildə Qarabağda məskunlaşmalarının 150 illiyini qeyd edən ermənilər yaxşı bilirlər ki, onlar bu torpaqlara qonaq kimi gəlmişlər. Nəinki Qarabağ, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında formalaşıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi ərazimizdir. Xəritəyə baxsaq görərik ki, vaxtilə Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermək nəticəsində böyük türk dünyası coğrafi cəhətdən parçalandı. Yəni, Zəngəzurun Ermənistana verilməsinin çox böyük mənfi mənası var idi. Biz indi iddia etmirik ki, bu torpaqlar Azərbaycana birləşsin. Halbuki hər bir azərbaycanlı, hər bir vətəndaş, hər bir uşaq öz tarixini bilməlidir. Bilməlidir ki, bu bölgələr tarixi Azərbaycan torpaqlarıdır. Məsələnin həlli üçün, əlbəttə, bütün amillər nəzərdən keçirilməlidir. Tarix bəllidir. Bu bizim torpağımızdır, nəinki Dağlıq Qarabağ və digər bölgələr. Beynəlxalq hüquq normaları tam şəkildə bizim mövqeyimizi müdafiə edir...”

Prezident İlham Əliyevin qurultaydakı çıxışı ilə bu mövzu artıq siyasi gündəliyə gətirilmiş oldu. Dövlətimizin başçısının tapşırığına əsasən elə həmin illərdə Qərbi Azərbaycana qayıdış məsələsi ilə bağlı ideoloji xəttin formalaşmasına, məsələnin elmi əsasları üzərində iş aparılmasına başlanıldı. Cənab İlham Əliyevin tövsiyəsi ilə o vaxt Azərbaycan alimləri elmi əsərlər ərsəyə gətirməyə başladılar. İrəvan xanlığı haqqında böyük elmi əsər yaradıldı. Qərbi azərbaycanlıların keçmişdəki yaşayışı, orada məskunlaşması araşdırıldı, tarixi xəritələr çap etdirildi. Amma bunlar hələ belə deyək, nəzəri fəaliyyətlər idi. Daha ciddi şəkildə praktik işlərin görülməsinə isə son illərdə start verilib. İlk növbədə, ölkəmizdə fəaliyyət göstərən, Qərbi Azərbaycandan olan bir neçə ictimai qurum vahid təşkilat çərçivəsində birləşdi. Qərbi Azərbaycan İcmasının fəaliyyəti daha da təkmilləşdi.

İcma bir çox beynəlxalq təşkilatlarla təmaslar yaradıb və bu məsələ artıq beynəlxalq gündəliyə daxil edilib. Elə dünən yayılan məlumatda bildirilirdi ki, BMT katibliyi Prezident İlham Əliyevin 2024-cü il dekabrın 5-6-da Bakıda “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilmiş ikinci beynəlxalq konfransın iştirakçılarına müraciətini və konfransın yekun sənədini BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının rəsmi sənədləri kimi yayıb. Beləliklə, birmənalı şəkildə demək mümkündür ki, bu məsələ artıq həm beynəlxalq leksikona, həm də beynəlxalq gündəliyə salınıb. Bundan əlavə, 2024-cü il sentyabrın 1-də keçirilmiş növbədənkənar seçkilər əsasında formalaşmış Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu formalaşdırılıb və fəaliyyət göstərir.

Azərbaycan Prezidenti yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsi zamanı bu məsələ ilə bağlı da aydın mesajlarını verdi. Bildirdi ki, bu gün biz 300 min Qərbi azərbaycanlının o bölgələrə qayıtmalı olduğunu deyirik. Amma bütövlükdə o bölgədən çıxmış və bu gün Azərbaycanın müxtəlif bölgələrində yaşayanların və onların nəvələrinin, nəticələrinin sayı 300 mindən bir neçə dəfə çoxdur: “...Ona görə vaxt gəlib ki, Ermənistan şərait yaratsın, Qərbi azərbaycanlılar öz dədə-baba yurdlarına qayıda bilsinlər. Əlbəttə ki, biz bu məsələdə Ermənistan rəhbərliyindən çox dəqiq və beynəlxalq hüquqa uyğun mövqe gözləyirik. Onlar hələ ki, susmağa üstünlük verirlər. Halbuki biz bu məsələni dəfələrlə dilə gətirmişik və onlardan konkret cavab gözləyirik. Nə vaxt, hansı şərtlərlə azərbaycanlılar o bölgələrə qayıda bilərlər? Xüsusilə nəzərə alsaq ki, azərbaycanlıların yaşadıqları kəndlərin böyük əksəriyyəti indi tamamilə boş qalıb, orada heç kim yaşamır, ora qayıtmaq o qədər də böyük problem olmaz, yəni ki, kimisə oradan köçürtmək lazım olmayacaq. Sadəcə olaraq, təhlükəsizlik zəmanəti verilməlidir. Onların orada yaşama hüququ tanınmalıdır və əlbəttə ki, onların fəaliyyəti üçün şərait yaradılmalıdır. Yəni, bizim tələbimiz bundan ibarətdir və mən ümid edirəm, gün gələcək ki, Qərbi azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar”.

Ancaq biz Ermənistan rəhbərliyindən Qərbi azərbaycanlıların öz yurdlarına qayıda bilməsi üçün çox dəqiq və beynəlxalq hüquqa uyğun mövqe gözlədiyimiz bir zamanda baş nazir Nikol Paşinyan və onun komandasına daxil olan şəxslər məsələyə öz xislətlərinə uyğun reaksiya verdilər. Əvvəlcə, ölkənin xarici işlər naziri Ararat Mirzoyan dilə gəldi. O, yanvarın 8-də ötən ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında cəfəng fikirlər səsləndirdi. Mirzoyan erməni ictimai-siyasi çevrələrində mövcud olan narrativləri təkrarlayaraq olduqca uğursuz müqayisə apardı. Dedi ki, Qarabağdan “məcburi köçkün düşmüş” ermənilərdən fərqli olaraq, azərbaycanlılar Ermənistanı kifayət qədər sivil şəkildə (?) tərk ediblər. Ararat tipik erməni həyasızlığına salaraq iddia edib ki, guya, 100 azərbaycanlı ailəsi öz mənzilini sata bilib, 12 mindən çoxu mənzilini Azərbaycanda yaşayan ermənilərlə dəyişdirib, 160 mindən çox insan isə Ermənistan hökumətindən təzminat (?) alıb. “Buna görə də hüquqlar tükənib və azərbaycanlıların qaytarılması məsələsi bizim gündəmimizdə deyil” – deyə bildirib.

Ölkənin baş naziri N.Paşinyan isə dünən “Facebook” səhifəsində bununla bağlı paylaşım edib. Qeyd edib ki, Azərbaycan qaçqınların hüquqlarını Qərbi Azərbaycan şüarı altında (?) müzakirə etməkdə israrlıdır. Guya, Azərbaycan qaçqınlar məsələsi ilə beynəlxalq hüququn subyektindən, suveren dövlətdən, yəni Ermənistandan istifadə edərək onun ərazi bütövlüyünü şübhə altına almağa, guya, ərazi iddiaları irəli sürməyə çalışır.

Beləliklə, aydın olur ki, özünü Avropa demokratiyası yolu ilə gedən ölkə kimi təqdim edən Ermənistan Qərbi Azərbaycandan zor gücünə qovulmuş 300 mindən çox azərbaycanlının fundamental insan hüquqlarını həyata keçirməsinə imkan verməkdə maraqlı deyil. Paşinyan bu insanların dilindən onların problemlərini eşitmək istəmir. Bu fakt bir daha Paşinyanın demokratiya maskasını yırtır və onun Ermənistanın əvəlki faşist rəhbərliyindən fərqlənmədiyini göstərir. Paşinyan onu da bilməlidir ki, Qərbi Azərbaycana qayıdış hər hansı ərazi iddiasında olmaq demək deyil. Bu məsələyə insan hüquqları nöqteyi-nəzərindən yanaşmaq lazımdır və rəsmi Bakı bu məsələni gündəlikdən çıxarmayacaq. Eyni zamanda, ATƏT, Avropa Komissiyası da bu məsələ ilə bağlı öz mövqeyini bildirməlidir. Çünki söhbət yüz minlərlə insanın hüquqlarının bərpası məsələsindən gedir.

Politoloq Yeganə Hacıyeva XQ-yə bildirdi ki, tarixən dünyanın diqqət mərkəzində olan regionumuzda istər XIX əsrdə, istərsə də XX əsrin əvvəllərində qlobal güclərin maraqlarının təmin edilməsində könüllü maşa rolunu oynayan Ermənistan həmin proseslərdə icraçı qismində iştirak etməklə öz çirkin siyasətini həyata keçirmək üçün geniş imkanlar əldə edib. Həmin proseslər çərçivəsində Qərbi Azərbaycandan olan soydaşlarımıza qarşı bir neçə mərhələdə deportasiyalar həyata keçirilib: “Statistik və arxiv sənədləri ilə təsdiqlənən məlumatlara əsasən göstərilən dövrlərdə ümumilikdə, Qərbi Azərbaycandan olan 1,5 milyon soydaşımız deportasiyaya məruz qalıb. Ermənistanda azərbaycanlıların yaşadıqları 940 yaşayış məntəqəsindən 698-nin adı dəyişdirilib, həmin proses Qərbi Azərbaycandan olan soydaşlarımızın tam deportasiyasından sonra yekunlaşıb. Ümumilikdə isə soydaşlarımıza qarşı milli mənsubiyyət zəminində həyata keçirilən deportasiya və soyqırımı siyasəti onların məcburi köçürülməsi, milli-dövlət birləşmələrinin ləğvi, milli-ərazi sərhədlərinin və onların adlarının dəyişdirilməsi terror və zorakı üsullarla, cinayətlərlə müşayiət olunub”.

Politoloq qeyd edi ki, Azərbaycan isə Ermənistandan fərqli olaraq Vətən müharibəsindən sonra Xankəndi və ətraf ərazilərdə yaşayan erməni əsilli vətəndaşların reinteqrasiyası prosesi istiqamətində tədbirlərə başladı, həmin ərazilərdəki erməni icmalarına müraciətlər ünvanlandı, dəfələrlə dövlət səviyyəsində onların Azərbaycan vətəndaşları olduğu bildirildi. Hər zaman götürdüyü öhdəliklərə sadiq qalan Azərbaycan bu məsələdə də humanist yanaşma tətbiq edir: “Ölkəmizin erməni əsilli vətəndaşlara qarşı sərgilədiyi münasibəti Ermənistan da nümayiş etdirməli, Qərbi Azərbaycandan olan soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdıb orada yaşaması məsələsinə müsbət yanaşmalı və milli, etnik mənsubiyyətə görə ayrı-seçkilik ideologiyasını aradan qaldırmalıdır. Görünən odur ki, xəmiri riyakarlıq, vəhşilik və mənimsəmə ilə yoğrulan ermənilərin reallıqlarla barışmaq, insanpərvər yanaşma prinsiplərinə gözucu da olsa baxmaq niyyəti yoxdur. Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasına da adət edilən reaksiyanı verən ermənilər BMT-nin həmin konsepsiyanı rəsmi sənədi kimi yaymasına mane ola bilmədilər. Bunun əsasında BMT-nin Qərbi azərbaycanlıların hüquqlarının bərpa olunması, siyasi, iqtisadi, habelə mədəni və mənəvi ənənələrinə hörmət prinsipi dayanır. Bu, Qərbi azərbaycanlıların haqlarının bərpa olunması istiqamətində onların tarixinə və fəlsəfəsinə əsaslanan, xüsusən də öz torpaqlarına, ərazilərinə və sərvətlərinə olan ayrılmaz hüquqlarına hörmətlə yanaşmanın təşviq edilməsi istiqamətində bir mərhələdir”.

Səxavət HƏMİD 
XQ

 

Избранный
15
xalqqazeti.az

1Источники