Beynəlxalq bazarlarda qızılın qiyməti dekabrın ortalarından bəri ilk dəfə 2700 dolları ötüb.
Marja.az xəbər verir ki, Çikaqo əmtəə birjasında (CME) qızılın fevral müqaviləsinin qiyməti 0,46% artımla 1 unsiya üçün 2703,4 dolları test edib.
Əvvəlki dəfə dekabrın 13-də 1 unsiya qızılın qiyməti 2700 dollardan yuxarı qalxmışdı. Bakı vaxtı ilə saat 11:22-də kotirovkalar bir unsiya üçün 2700,2 dollar (+0,22%) təşkil edib.
Reuters yazır ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın siyasətləri ilə bağlı qeyri-müəyyənlik qızıl külçəyə tələbatı artırıb. Bundan əlavə, investorlar FED-in uçot dərəcəsinin azaldılması perspektivlərini mühakimə etməyə kömək edəcək vacib ABŞ-ın məşğulluq hesabatını gözləyirlər.
Kənd təsərrüfatı sektoru xaric məşğulluq və əməkhaqqı ilə bağlı məlumatlar bu gün açıqlanacaq. Reuters-in sorğusuna qatılan analitiklər noyabrda 227 000-dən sonra dekabrda 160 000 məşğulluq artımı gözləyirlər. "Reliance Securities" hesab edir ki, əgər hesabatda daha nəzərəçarpacaq artım müşahidə olunarsa, o zaman qızıl qiymətləri bir qədər də düşə bilər.