RU

Muzeyin arxeoloji kolleksiyasının incilərindən - zərfayans qabı

Bakı, 10 yanvar, AZƏRTAC

Milli Azərbaycan Tarixi Muzeyində arxeoloji kolleksiyanın incilərindən zərfayans qabı təqdim edilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın qədim tarixini özündə əks etdirən çox sayda tapıntılar arasında qədim dövrlərdə istifadə olunmuş zərif işləməli zərfayans qablar xüsusi yer tutur. Zər naxışlı fayanslar keramikanın xüsusi bir qrupu olmaqla yanaşı, texnoloji cəhətdən çox mürəkkəb bir prosesdir. Belə qablar hazırlanma prosesində şirləndikdən və ilkin olaraq dulus sobasında bişirildikdən sonra, şir qatının üzərindən zər ilə bəzədilir və yenidən sobaya yerləşdirilir. Nəticədə bu qablar həm estetik görünüşü, həm də yüksək keyfiyyəti ilə seçilir və dövrünün sənətkarlıq incilərindən biri kimi dəyərləndirilir.

Təqdim olunan eksponat XII əsrin sonu-XIII əsrin əvvəlinə aid miniatür stildə hazırlanmış, zər ilə naxışlanmış, iki qulplu və lüləkli qabdır. Zərfayans qabının naxış kompozisiyasının əsasını suvarilər təşkil edir. Suvariləri bir-birindən rombvari formaya malik olan ağaclar ayırır. Eksponat arxeoloji tədqiqat işləri nəticəsində Örənqala-Beyləqan abidəsindən aşkar olunub.

 

Избранный
6
azertag.az

1Источники