Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı ötən gün səhər Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Cəbrayıl şəhərinə 39 ailə – 165 nəfər köçürülüb. Artıq axşamçağı köç karvanı Cəbrayıla çatıb və onlara mənzillərin açarları təqdim edilib. Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Cəbrayıldan Milli Məclisə deputat seçilən Ceyhun Məmmədov növbəti köç prosesi ilə bağlı Medianews.az-a bildirib ki, 30 ilə yaxın Ermənistan işğalı altında qalan Qarabağ və ətraf rayonlar 2020-ci ildə azad olunduqdan sonra sürətli bərpa-quruculuq prosesinə start verilib, həmin ərazilərdə yeni yaşayış məntəqələrinin, sosial obyektlərin təməli qoyulub və ötən dörd ildə mərhələ-mərhələ keçmiş məcburi köçkünlər öz evlərinə qaytarılıb.
Millət vəkili deyib ki, bu proseslər çərçivəsində Cəbrayılda da genişmiqyaslı abadlıq, quruculuq işləri həyata keçirilib: “İşğaldan azad olunan bu rayonda da quruculuq işləri yüksək səviyyədə həyata keçirilir. Bu gün avtomobil yolları, qaz, işıq təminatı yüksək səviyyədədir. Bilavasitə dövlətimizin diqqət və qayğısı ilə bütün işlər sürətli şəkildə həyata keçirilir. Artıq Cəbrayılın mərkəzində yaşayış var və burada 33 bina inşa edilib. Mərhələli şəkildə insanların köçü həyata keçirilir. Ən müasir binalarda bizim insanlarımız məskunlaşıblar. Əhalinin iş yerləri üçün şərait yaradılıb. Cəbrayılın mərkəzində 960-1000 nəfərlik böyük bir məktəb inşa olunub. Hazırda bu məktəb də fəaliyyət göstərir. Eyni zamanda bu istiqamətdə digər addımlar atılır. Ən önəmli addımlardan, tədbirlərdən biri bu gün bu ərazilərdə yeni iş yerlərinin yaradılmasıdır. Bunun üçün də müvafiq addımlar atılır. Bu gün Araz İqtisadi Zonası fəaliyyət göstərir. Burada bir çox müəssisələr üçün hərtərəfli şərait yaradılır. Onlar hazırda orada fəaliyyət göstərirlər. “Kamaz”, “İmprotex” və sair kimi tanınmış şirkətlər bu iqtisadi zonada öz müəssisələrini yaradıblar. Bu da yerli əhalinin məşğulluğunun təmin olunmasına xidmət edəcək addımlardır”.
Deputat C.Məmmədov davamlı olaraq bölgəyə səfər etdiyini, keçmiş məcburi köçkünlərlə öz doğma şəhərlərində görüşdüyünü xatırladıb. Qeyd edib ki, insanlar onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını ifadə edirlər: “Cənab Prezidentin göstərişi ilə orada xüsusi nümayəndəlik yaradılıb. Bu nümayəndəliyin təmsilçiləri də köçürülən vətəndaşların problemlərinin həllinə çalışırlar. İnsanlarımız ümumilikdə dövlətimizdən razıdır. Yeni iş yerlərinin yaradılması üçün islahatlar aparılır, müvafiq tədbirlər həyata keçirilir. Cəbrayılın Şükürbəyli, Mahmudlu, Horovlu kəndlərində işlər demək olar ki, yekunlaşmaq üzrədir. Böyük Mərcanlı kəndinin təməli qoyulub. Bu gün digər kəndlərimizdə də o istiqamətdə fəaliyyət davam etdirilir. Hər bir yaşayış məntəqəsinin baş planının hazırlanması sadə məsələ deyil. Orada məskunlaşacaq insanlarımızın rahatlığının, təhlükəsizliyini təmin olunması üçün bütün detallar incəliyinə kimi nəzərə alınmalıdır. Bu istiqamətdə də gələcəkdə işlər görüləcək. Gələcəkdə burada ASAN xidmətin, peşə məktəbinin yaradılması planı var. Deyə bilərik ki, tezliklə Cəbrayıl bölgəmizin ən abad bölgələrindən birinə çevriləcək”.
Cəbrayıldan olan jurnalist, Modern.az saytının redaktoru Əfqan Qafarlı Medianews.az-a açıqlamasında söyləyib ki, ata-baba yurduna qayıdıb yaşamaq, doğma torpaqlarda yurd yerinin çırağını yandırmaq o yerlərdən çıxmış hər bir cəbrayıllının ən böyük arzularından biridir. Onun sözlərinə görə, 31 illik ayrılıqdan sonra Cəbrayıla üz tutan köç karvanlarını görmək, müşahidə etmək, bu haqda hardasa xəbər oxumaq əlbəttə ki, bütün cəbrayıllılarda xoş hisslər doğurur: “Doğma torpaqda yurd yerinin çırağını yandırmaq hər bir keçmiş məcburi köçkünün, o cümlədən cəbrayıllıların ümdə arzusudur. Bunu Cəbrayıldan olan bir jurnalist kimi əminliklə deyə bilərəm. Təkcə jurnalist kimi deyil, adi bir cəbrayıllı kimi tez-tez toyda, yasda, digər məclislərdə həmyerlilərlə görüşür, ünsiyyətdə oluram. 31 illik ayrılıqdan sonra Cəbrayıla üz tutan köç karvanlarını görmək, müşahidə etmək, bu haqda hardasa xəbər oxumaq əlbəttə ki, bütün cəbrayıllılarda xoş hisslər doğurur. Hamı bu günlərə şükür edir. Xüsusilə də ömrün ahıl çağını doğma torpaqlarda keçirəcək yaşlı nəsildən olan insanların sevincinin həddi-hüdudu yoxdur. Cəbrayıldan köçkün düşən elə adamlar tanıyırdım ki, məhz ata-baba torpaqlarının işğalına görə sarsılmış, stresdən, nisgildən ağır xəstəliklərə tutulmuş, vərəmləmişdilər. Amma doğma yurda qayıtmaq arzusu onları ölməyə qoymurdu. Təbii ki, yurd həsrətinə dözə bilməyib ölənlər də çox oldu, amma bu dərdi 31 il daşıyaraq həyata tutunanlar da az deyil. Heç kim əlini o torpaqlardan həmişəlik üzməmişdi, hamı geri qayıtmaq ümidi ilə yaşayır, bu arzunun bir gün gerçəkləşəcəyinə inanırdı”.
Jurnalist Ə.Qafarlı deyib ki, işğal dövründə Cəbrayıl rayonu başdan-başa viran edilib, heç bir yerdə salamat tikili qalmayıb: “Hətta ağacları belə kökündən kəsib qurudublar. Orada törədilmiş erməni vəhşiliyinin miqyasını sözlə ifadə etmək çətindir. Qəbiristanlıqlar belə yerlə-yeksan edilib. Amma Cəbrayıl bu halı ilə də oraya qayıdanlar üçün gözəldir, təki vətənə dönüş olsun. Bizim rayonumuzda qayıdış hələ ki, yalnız Cəbrayıl şəhərinin özünə olub, bu il Horovlu və Şükürbəyli kəndlərinə də köçün gercəkləşəcəyi gözlənilir. Təbii ki, oraya qayıdan insanların arzusu-istəyi iş yerlərinin açılması, məşğulluğun təmin olunmasıdır. Büdcə təşkilatlarında işləməyənlər üçün çətindir. Düzdür hökumət bəzi layihələrə start verib. Məsələn, Cəbrayıl ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı salınır. Orada yeni iş yerləri açılacaq, xeyli adamın məşğulluğu təmin olunacaq”.
Ə.Qafarlı Cəbrayılın kəndlərinə köçürüləcək sakinlərin əsas narahatlıqlarını, problemlərini də dilə gətirib: “Kəndlərə köçürüləcək sakinləri narahat edən bir məsələ var. Yəqin ki, şəkillərdən də görmüsünüz, işğaldan azad olunmuş ərazilərdə salınan kəndlərdə həyətyanı sahələr kiçikdir, orada mal-qara saxlamaq, əkin-biçinlə məşğul olmaq mümkün deyil. Kəndlinin dolanışığı isə torpaqdan çıxır. Təkliflər ondan ibarətdir ki, əkin-biçinlə məşğul olmaq, mal-qara saxlamaq üçün şərait yaradılsın, yəni kəndlərin kənarında sakinlərə pay torpaqları verilsin ki, onlar bu işləri görə bilsinlər. Keçmiş məcbur köçkünlər orada aparılan tikinti-quruculuq işlərində yaxından iştirak etmək istəyirlər. Digər bir məsələ dünyadan köçənlərin qəbiristanlıqlarda dəfn olunmasına icazələrin verilməsi ilə bağlıdır. İnsanlar istəyirlər ki, vəfat edən yaxınlarını bundan sonra ata-baba torpaqlarında dəfn etsinlər. Hamı nikbindir. Sakinlər dövlətin, hökumətin bu və digər məsələlərin həllini nəzərə alacağına inanırlar”.
Sonda qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.
Nailə QASIMOVA
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” mövzusunda hazırlanıb.