RU

"Təşkilatımız insan alverinə qarşı mübarizədə vacib rol oynayır" - QHT sədri

"Bizim təşkilat insan alveri ilə mübarizə sahəsində dövlət qurumları ilə birgə fəaliyyət göstərərək bu qlobal problemin həllinə töhfə verməkdədir. İnsan alveri qurbanlarının reabilitasiyası, onların hüquqi, psixoloji və sosial dəstəklə təmin edilməsi bizim əsas fəaliyyət istiqamətlərimizdəndir."

Bu sözləri "Ümid Yelkənləri" İnsan Alverinə qarşı İctimai Birliyinin sədri Fatma Allahyarova QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, 2021-ci ilin iyun ayında Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınan birlik o gündən bəri insan alveri ilə mübarizə sahəsində aktiv fəaliyyət göstərir. Təşkilatın rəhbəri vurğulayıb ki, insan alverinə qarşı mübarizədə dövlət və qeyri-hökumət təşkilatlarının əməkdaşlığı çox önəmlidir. QHT-lər, xüsusilə, qurbanların reabilitasiyası, təhlükəsizliklərinin təmin edilməsi və reinteqrasiyasına dəstək göstərməkdə xüsusi rol oynayır.

Fatma Allahyarova əlavə edib ki, insan alveri ilə mübarizə sahəsində maarifləndirmə tədbirlərinin keçirilməsi və qabaqlayıcı tədbirlərin görülməsi mühüm əhəmiyyət daşıyır. Təşkilat, gələcəkdə bu sahədə daha geniş və səmərəli layihələr həyata keçirmək niyyətindədir:

"İnsan alveri ilə mübarizə sahəsində, QHT-lər həyata keçirilən tədbirlərdə boşluqları doldurmalıdırlar. Bütün iştirakçılar (həm QHT, həm dövlət qurumları, həm də insan alveri qurbanları və ya potensial qurbanlar) arasında əməkdaşlıq vacibdir. QHT-lər insan alveri ilə mübarizə sahəsində bütün iştirakçılarla əməkdaşlıq etməlidirlər və digər iştirakçılara öz dəstəklərini təklif etməlidirlər. QHT-lər insan alverinin qurbanlarının müəyyənləşdirilməsinə və lazımi dəstəyin, o cümlədən hüquqi, psixoloji və sosial və ilkin dəstəyin göstərilməsinə və insan alverinə məruz qalmış şəxslərin təhlükəsiz şəkildə istiqamətləndirilməsinə və (re)inteqrasiyasına dəstək göstərə bilərlər".

İctimai Birliyin sədri həmçinin bildirib ki, QHT-lər, həmçinin, insan alverinə məruz qalmış şəxslərin hakimiyyət orqanları ilə əməkdaşlığa dair qərar vermələrində kömək edə, birbaşa sosial dəstək xidmətləri və insan alveri qurbanları ilə birbaşa əlaqə sayəsində QHT-lər xidmət göstərdikləri tərəflərin etimadını qazana bilərlər:

"Bu, çox vaxt qurbanların ifadə vermək istəyinin yaranmasına və məhkəmələrdə daha yaxşı şahidlərin iştirakına səbəb olur. QHT-lərin insan alverinin potensial qurbanlarına təklif edə biləcəyi xidmətlərə yaşayış yeri təminatı, tibbi xidmətlər, məsləhətlərin verilməsi, təhlükəsizlik, immiqrasiya ilə bağlı məsləhətlərin və hüquqi dəstəyin təmin edilməsi daxildir. Bu yolla QHT-lər vasitəsilə müvafiq prosedurların sadələşdirilməsinə nail olmaq üçün işlər görülməlidir. Hazırda bizim birlik müəyyən qədər bu kimi fəaliyyəti həyata keçirir və gələcəkdə bu sahədə daha səmərəli iştirak etmək üçün insan alveri qurbanları ilə daha sıx əməkdaşlıq etməyi planlaşdırır. Təşkilatımızın əsas fəaliyyət istiqamətləri bunlardır:

  • İnsan alveri sahəsində maarifləndirmə işlərinin aparılması və qabaqlayıcı tədbirlərin görülməsi,

  • İnsan alveri qurbanları ilə iş, onların psixoloji və sosioloji reabilitasiyası, habelə insan alveri qurbanlarının iştirakı ilə bu sahədə məşğul olan şəxslərin və qeyri-leqal mənbələrin araşdırılması".

Təşkilatın insan alveri ilə mübarizə sahəsində göstərdiyi fəaliyyətlər arasında qurbanlara tibbi və hüquqi yardımın təşkili, təhlükəsiz yaşayış yerlərinin təmin edilməsi, habelə qurbanların sosial reabilitasiyasına dəstək xüsusi önəm daşıyır. Fatma Allahyarova təşkilatın bu sahədə fəaliyyətini genişləndirəcəyini bildirib.

 

İnsan Bu yazı QHT.az platforması və İnsan Alverinə Qarşı Mübarizə Üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı ilə “Ölkələrdə Milli Səviyyədə İnsan Alveri Probleminin Qarşısının Alınması Aylığı” çərçivəsində hazırlanıb.

 

Pərvanə Fərhadqızı

Избранный
6
qht.az

1Источники