RU

Gənclər süni intellektin əsirinə çevrilə bilər - təhlükə

Onların “sağ əli”, “köməkçisi” həm də düşmənləridir?

Son zamanlar gənclər arasında süni intellektin faydalarından yararlananlar çoxdur. Xüsusən də bəzi yeni proqramlar gənclərin işini asanlaşdırır. Kurs işi, diplom işi yazılması, habelə araşdırmaların hazırlanmasında bu proqramdan maksimum yararlananlar var. Amma alimlər sübut edib ki, süni intellektdən artan asılılıq tənqidi təfəkkür qabiliyyətlərinin azalmasına gətirir. 

Bu barədə isveçrəli alimlərin süni intellekt alətlərinin geniş istifadəsinin nəticələri barədə genişmiqyaslı tədqiqatlarından aydın olub. Araşdırmanın nəticələri “Societies” elmi jurnalında dərc edilib. Alimlər bu narahatedici hadisənin səbəbini koqnitiv yükün azalması ilə izah edirlər. Belə ki, süni intellektin istifadəsinin cəlbedici aspektlərindən biri neyron şəbəkələrin insanı əqli səylərdən azad etməsidir. Lakin tədqiqat göstərdi ki, bunun mənfi nəticələri ola bilər.

Tədqiqat zamanı mütəxəssislər təxminən 670 nəfəri sorğu edərək onları üç yaş qrupuna bölüblər: 17-25 yaş, 26-45 yaş, 46 yaş və yuxarı. Əldə edilmiş məlumatların statistik təhlili süni intellekt alətlərinin istifadəsi və tənqidi təfəkkür göstəriciləri arasında əhəmiyyətli mənfi korrelyasiya aşkar etdi. Süni intellektin mütəmadi istifadəçiləri məlumatı tənqidi qiymətləndirmək və refleksiv problem həllində iştirak etmək qabiliyyətinin azaldığını nümayiş etdiriblər.

Xüsusilə narahatedici görünən fakt odur ki, gənc iştirakçılar yaşlı yaş qrupları ilə müqayisədə süni intellekt alətlərindən daha yüksək asılılıq və daha aşağı tənqidi təfəkkür balları göstəriblər. Respondentlərin özləri süni intellekt alətlərinin adi istifadəsi nəticəsində tənqidi təfəkkür bacarıqlarının itirilməsindən narahatlıqlarını ifadə ediblər. Hesabatın müəlliflərinə görə, onların kəşfi təhsil, elm və aktiv əqli fəaliyyət tələb edən digər sahələrdə süni intellektin istifadəsinə yanaşmaları yenidən nəzərdən keçirmək zərurətini göstərir.

Tələbələr və şagirdlər arasında narahatlıq artıb - səbəb

Süni intellektin təsirinə dair qeyri-müəyyənlik şagirdlər arasında geniş bir narahatlıq dalğası yaradıb. Purdue politexnik orta məktəbinin baş direktoru Keeanna Warren qeyd edir ki, şagirdlər indi təhsilin praktikliyini daha çox şübhə altına alırlar. 

“Biz tələbələr arasında narahatlığın artdığını müşahidə etmişik”,- deyə Warren bildirib. “Onlar soruşurlar: ”Mənə inşa yazmağı öyrədirsiniz? Mən bunu nə vaxt istifadə edəcəyəm?" və ya “Məni təqdimat etməyə öyrədirsiniz? Mən bunu heç vaxt etməyəcəyəm”. Sonra isə daha irəli gedib düşünürlər: “Mən nə edəcəyəm?” 

Bu narahatlıq yalnız tələbələr arasında deyil. Məzunlar və bilik əsaslı işlərdə çalışan işçilər də özlərini daha az təhlükəsiz hiss edirlər. 2023-cü il “Cengage Group”un əmək bacarıqları hesabatına görə, son məzunların 46 faizi süni intellektin onların iş imkanlarını təhdid etdiyini düşünür, 52 faizi isə iş dünyasına hazırlıq səviyyələrini sorğulayır. ABŞ-da işçilər arasında aparılan “Gallup” sorğusu göstərir ki, texnologiyanın iş yerlərini əvəz edəcəyindən narahat olanların sayı 2021-ci ildən bəri 22 faiz artıb. Bu artım əsasən ali təhsilli işçilər arasında müşahidə olunur. 

Süni intellekt təhsil sistemində təcili yeniliklərə ehtiyac olduğunu nümayiş etdirir. Lakin bir çox məktəblər süni intellekti imkan deyil, təhlükə kimi qəbul edir. Bəzi məktəblilər qeyd edirlər ki, müəllimlərinin əksəriyyəti süni intellekt vasitələrindən istifadəni qadağan edir və az bir qismi tələbələri təcrübə etməyə təşviq edir. 

Bəzi yenilikçi təhsil işçiləri isə süni intellektin potensialını anlayırlar. Harvard təhsil məktəbinin müəllim heyəti üç əsas məsələni həll etməyi prioritet seçib: süni intellektdən istifadəyə dair siyasətlərin hazırlanması, süni intellektin məhsuldar şəkildə istifadə oluna biləcəyi tapşırıqların yenidən dizayn edilməsi və kursun tədris məqsədlərinin süni intellektin təsiri ilə uyğunlaşdırılması. 

“Şagirdlər süni intellektin yalnız icazə verilən deyil, eyni zamanda gözlənilən olduğu bir peşəkar dünya üçün hazırlanmalıdır”, - deyə Harvardın dekanı Martin West qeyd edir. Lakin dərs proqramlarının dəyişdirilməsi asan məsələ deyil. K-12 tarix proqramlarında və ya Kaliforniyada riyaziyyat tədrisi ilə bağlı müzakirələr bunun nə qədər çətin olduğunu göstərir. 

Şagirdləri süni intellektlə dolu gələcəyə hazırlamaq üçün məktəblər akademik təhsili real dünya təcrübəsi ilə daha sıx şəkildə əlaqələndirməlidir. Orta məktəblər “Riipen” kimi şirkətlərlə əməkdaşlıq edərək tələbələrə praktiki layihələr təqdim edə bilər.  

Süni intellektin effektiv istifadəsini öyrətmək də vacibdir. Kaliforniyalı məktəbli Sam Cheng hesab edir ki, təhsil süni intellektlə tənqidi, yaradıcı və şüurlu şəkildə qarşılıqlı əlaqə qurmağı öyrətməyə yönəlməlidir. Digər bir tələbə Beckett Miller qeyd edir ki, süni intellektdən istifadə ideyalarını daha yaxşı ifadə etmək və daha dərindən düşünmək üçün ona kömək edib. 

Süni intellektin sürətli inkişafı təhsildə paradiqmanın dəyişdirilməsini tələb edir. Məktəblər tələbələrə yalnız süni intellektdən istifadəni öyrətməklə kifayətlənməməli, həm də tənqidi düşüncə, uyğunlaşma və ömür boyu öyrənmə bacarıqlarını inkişaf etdirməlidir. 

“Bugünkü gənc nəsil üçün iki əsas təhlükə var: şagirdləri sosial mediada, xüsusilə Tiktokun mənfi təsirləri ilə, tələbələri isə mərc oyunlarının cəlbedici, amma məhvedici tələsi ilə üz-üzə qoymuşuq. Hər iki hal onların intellektual və mənəvi inkişafına böyük zərbə vurur”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov bildirib. Amma süni intellektin də ziyanları qədər faydaları var. Onun sözlərinə görə, süni intellekt əsasında çalışan platformalar, məsələn, Coursera və Khan Academy kimi sistemlər, tələbələrin öyrənmə sürətinə və bilik səviyyəsinə uyğun tədris materialları təqdim edə bilir. Bu isə fərdi yanaşmanı mümkün edir və tələbələrin daha effektiv öyrənməsinə şərait yaradır.

Dünyanın müxtəlif ölkələrində aparılan tədqiqatlar da bunu təsdiqləyir. Məsələn, 2023-cü ildə ABŞ-da keçirilən araşdırmaya görə, süni intellektdən istifadə edən tələbələr ənənəvi metodlarla öyrənənlərə nisbətən imtahan nəticələrini 15%-ə qədər yaxşılaşdırıblar.

Təhsil eksperti hesab edir ki, süni intellekt texnologiyalarından asılılıq tələbələrdə tənqidi düşünmə və yaradıcı yanaşma bacarıqlarını zəiflədə bilər. Hazır cavablar təqdim edən sistemlər tələbələri problemi özləri həll etməkdən çəkindirir.

Amma müasir texnologiya və sosial şəbəkə seqmentlərinin də ziyanları böyükdür. Belə ki, təhsil üçün vacib olan konsentrasiya və dərin düşüncə qabiliyyətlərini itirən gənclər vaxtlarını mənasız videolarla keçirirlər. Eyni zamanda TikTok vasitəsilə yayılan qeyri-sağlam məzmun onların əxlaqi dəyərlərini zəiflədir. 

Yazını hazırladı: Sevinc Telmanqızı 

Избранный
6
1
musavat.com

10Источники