Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin, Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti, 42 milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin (“Şlyapa Zahid”) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib. Şahid qismində ifadə verən “Ata Bank”ın əməkdaşı olmuş Solmaz Əliyeva Zahid Niftəliyevi bankda 2-3 dəfə gördüyünü bildirib: “2004-cü ildən “Ata Bank”da çalışmışam. Hüquqi şəxslər bankda mədaxil və məxaric üçün əməliyyatçıya yaxınlaşır, sonra sənədlər mənə yönləndirilirdi. Sənədlərin dəqiqliyini yoxlayır, imzalayıb kassaya göndərirdim. Müştəri kassaya yaxınlaşaraq vəsaiti nağdlaşdırdı. Elə Zahid Niftəliyevi də bir dəfə kassada, bir neçə dəfə də bankda görmüşəm”. Təqsirləndirilən Zahid Niftəliyev şahidi görmədiyini, bankda cəmi bir dəfə olduğunu və o zaman yalnız sənədləri imzaladığını bildirib. Daha sonra məhkəmədə şahidin ibtidai istintaqa verdiyi ifadə elan edilib. Şahid ibtidai istintaqa verdiyi ifadədə bildirib ki, bank tərəfindən “Şahin CO” şirkətinin hesabına müxtəlif vaxtlarda 21 milyon 279 min, 6 milyon 663 min 288 və 39 milyon 733 min 891 dollar vəsait köçürülüb. Eyni zamanda, 16 milyon 847 min dollar digər şirkətə köçürülüb. Daha sonra 7 milyon 350 min dollar məxaric olunub. Bununla yanaşı, şahid müxtəlif vaxtlarda 625 min və 683 min dollar məbləğində kredit ödənişinin həyata keçirildiyini bildirib. Təqsirləndirilən şəxs banka kredit borcu ödəmədiyini bildirib. Daha sonra “Ata Bank”ın bank olmayan kredit təşkilatında çalışmış Rüfət Daşdəmirov şahid qismində ifadə verib. Şahid müştərilərlə ünsiyyətinin olmadığını, yalnız ona ötürülən müraciətlərə əsasən əməliyyat apardığını bildirib: “Müştərilər bankın filialına yaxınlaşır, filial müştəri ilə danışır, ödəmə qabiliyyətini yoxlayır, əməliyyat oradan bizə ötürülür. Biz əməliyyatı nəzərdən keçirir, aidiyyəti üzrə göndərirdik. Əməliyyat qərara əsasən icra olunur. “Şahin Co” şirkəti tərəfindən filiala müraciət daxil olub. Filial müraciətə baxıb, bizə göndərib və kredit ayırmışıq. Orada qərarı mən vermirdim. Mən müştəri ilə ünsiyyətdə olmurdum. Əməliyyatı icra edirdim. Müraciətə əsasən, şirkətə 20 milyon dollar kredit ayrılıb. Kredit komitəsinin iclasında iştirak etsəm də, çıxış etməmişəm. Məruzəni bankın filialı edib”. Hakimin sualına cavab olaraq şahid bildirib ki, müraciət hüquqi şəxs tərəfindən olunub: “Hüquqi şəxslərin nizamnamə kapitalı əksər hallarda 10-15 manat civarında olur. Elə müraciətin də əsas məqsədi şirkətin maliyyə dövriyyəsinin yüksəldilməsi istiqamətində olub”. Dövlət ittihamçısının bu qədər böyük məbləğdə kreditin girovsuz ayrılması barədə sualına isə şahid bu qərarı bankın rəhbərliyinin verdiyini bildirib. Şahidin indiki ifadəsi ilə ibtidai istintaqda verdiyi ifadə arasında ziddiyyət olduğu qeyd olunub. Onun ilkin ifadəsi elan olunub. Orada şahid deyib ki, şirkətə kredit ayrılması qanunsuz olub. Kredit müraciətinin edildiyi gün şirkət yaradılıb. Bununla bağlı bankın idarə heyətinin sədri Dəyanət Quliyev göstəriş verib. Deyib ki, sənədlər yoxlanılsın, müraciət kredit komitəsində müzakirəyə çıxarılsın, qalan proseslə işiniz olmasın: “Bankın filialı məruzə ilə çıxış etdi. Mən bununla bağlı heç bir sənədə imza atmamışam. Bankın rəhbərliyi razılıq verib. Bununla da kredit verilməsi barədə qərar qəbul olundu”. Proses fevralın 5-də davam etdiriləcək. Qeyd edək ki, Zahid Niftəliyev rüşvət almaqda ittiham olunaraq bir müddət əvvəl həbs olunub. Ona Tərtər Hərbi Məhkəməsinin hökmü ilə şərti cəza verilib, azadlığa buraxılıb. Daha sonra o, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib. İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib. Z.Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, Z. Niftəliyev hazırda məhkəmədə araşdırılan cinayət işi üzrə öz adına formal şirkət açaraq “ATABank”dan götürülmüş 42 milyon manat kredit vəsaiti üzrə çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə ittiham olunur.