STEAM layihəsi 4-9-cu siniflər olmaqla 398 ümumtəhsil məktəbindən 252 711 şagirdi əhatə edir. Ölkə üzrə 19 STEAM Mərkəzi fəaliyyət göstərir.
TƏHSİL.BİZ xəbər verir ki, layihəyə 2019-cu ildən start verilib. Hazırda Bakı, Xırdalan, Sumqayıt, Quba, İsmayıllı, Ağdaş, Bərdə, Tovuz, Şəmkir, Zaqatala, Qax,Sabirabad, Şirvan, Lənkəran, Mingəçevir, Gəncə STEAM mərkəzlərində şagirdlər müxtəlif proqramlar üzrə təlimlərdə iştirak edirlər.
Ölkə üzrə 3000-dən çox şagird STEAM mərkəzlərində sadalanan proqramlar əsasında müxtəlif yaş qrupları üçün nəzərdə tutulan “ArtLab”, “CodeLab”, “Mexatronika və robototexnika”, “Peyk texnologiyaları”, “Dron texnologiyaları”, “Proqramlaşdırılan sistemlər”, “Alternativ enerji mənbələri”, “ROV və AUV sistemləri”, “Pilotsuz gəmi sistemləri” üzrə təlim proqramlarından yararlanır.
Layihənin məqsədi təhsilalanlarda XXI əsr bacarıqlarını — tənqidi və yaradıcı düşüncə, əməkdaşlıq, effektiv ünsiyyət və problemlərin həllində innovativ yanaşma qabiliyyətlərini inkişaf etdirməkdir. Layihə praktiki və yaradıcı öyrənmə mühitinin qurulması vasitəsilə müxtəlif fənlərin inteqrativ yanaşma əsasında tədrisini təşviq edir. Təhsilalanlar real həyat problemlərinin həllinə yönəlmiş layihələr üzərində işləyərək nəzəri biliklərini praktikada tətbiq etməyi öyrənirlər.
Həmçinin layihə təhsilalanların müasir texnologiyalara adaptasiya olunmasını sürətləndirməyi və İKT avadanlıqları, robototexnika, 3D modelləşdirmə, mühəndislik kimi innovativ vasitələrdən istifadə bacarıqlarını təkmilləşdirməyi hədəfləyir. Bu yanaşma yalnız biliklərin ötürülməsi ilə kifayətlənmir, həm də təhsilalanların düşüncə tərzini, təşəbbüskarlığını və gələcəkdə öz cəmiyyətlərinə töhfə verə biləcək liderlik xüsusiyyətlərini inkişaf etdirməyə yönəlib.
Layihənin əhatə olunduğu ümumtəhsil məktəblərində tədris prosesi “3D çap”, "Birplatalı mikrokontroller ilə kodlaşdırma", "Micro:bit və Arduino", “Mühəndisllik” (elektrik mühəndisliyi, kimya mühəndisliyi, sənaye mühəndisliyi, gen mühəndisliyi və s.), “Biotexnologiya”, “Nanotexnologiya”, “Mexatronika və Robototexnika”, “CAD və CAM sistemləri”, (“3D modelləşdirmə, çap, CNC lazer oyma və kəsmə”), “Pilotsuz uçuş aparatları (təhsil dronları)”, AUV və ROV sistemləri (avtonom sualtı və məsafədən idarə olunan aparatlar), “Alternativ enerji”, “Sahibkarlıq” proqramları istiqamətində hazırlanmış məzmuna uyğun aparılır.
Qeyd edək ki, 2024-2025-ci tədris ilindən layihənin ibtidai siniflərdə də (4-cü siniflərdə) tətbiqinə başlanılıb. Eyni zamanda bu dərs ilindən layihə işğaldan azad edilmiş ərazilərdə və Naxçıvanda da həyata keçirilir.