RU

Nəcməddin Sadıkovun "sağ əli" 42 milyonu necə almasından danışdı  

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Müdafiə Nazirliyinin sabiq zabiti, “şlyapa Zahid” ləqəbli Zahid Niftəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, o, 42 milyon manatlıq mənimsəmədə ittiham olunur. İstintaq Dövlət Təhlükəsizliyi Xidmətində aparılıb.

Prosesdə şahid qismində Solmaz Əliyeva ifadə verib. O bildirib ki, təqsirləndirilən Zahid Niftəliyevi bankda müştəri kimi görüb. Onun özü "Ata bank"da müştəri xidmətində işləyib.

Solmaz Əliyeva bildirib ki, 2004-cü ildən bankda baş mütəxəssis, daha sonra şöbə müdiri vəzifəsində xidmətdə olub: "Mənim vəzifəm müştərilərdən gələn çekləri nəzarətdən keçirmək, kreditin ayrılması üçün çekləri imzalamaq olub. Zahid müəllim kreditin ayrılması üçün bizə yaxınlaşıb, biz də sənədləri yoxlamışıq. Çekdə pulun nə qədər olduğunu xatırlamıram. Amma böyük məbləğdə vəsait idi. Çeki əməliyyatçı Aysel Həsənzadə yazmışdı".
Daha sonra təqsirləndirilən şəxsin vəkilinin suallarını cavablandıran Solmaz Əliyeva bildirib ki, Zahid Niftəliyevi bankda 2-3 dəfə görüb:

"Mən Zahid müəllimi çeki bizə təqdim edəndə görmüşəm. Qalan vaxtlarda bankda olanda kənardan görmüşəm. Bizə sənədlər təqdim olandan sonra araşdırma aparmışıq. Yoxlama aparılıb, ondan sonra kredit ayrılıb".

Zahid Niftəliyev isə bildirib ki, bankda cəmi bir dəfə olub: "Məni banka çağırdılar, müqavilələrə imza atmalı olduğumu dedilər. Ondan sonra bankda olmamışam. Mənə deyiblər ki, çeki, müqaviləni imzala, mən də həmin sənədləri imzalamışam".

Daha sonra şahid Solmaz Əliyevanın ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib. İfadədə şahid göstərib ki, "Şahin CO" şirkəti tərəfindən banka kredit ayırılması üçün müraciət olunub. Onun ifadəsinə görə, "Şahin CO" şirkəti Zahid Niftəliyevin adına olub. Şahid əlavə edib ki, 7 milyon 350 min dollar nağd çıxarılıb, 16 milyon 847 min dollar isə digər şirkətin hesabına köçürülüb: "Biz kreditin ayrılması üçün sənədləri yoxlamışıq. Sənədlərin qaydasında olduğu müəyyənləşdiriləndən sonra kredit açılıb".
Şahid əlavə edib ki, kredit ödənişi iki dəfə həyata keçirilib. Birinci dəfə 625 min dollar, ikinci dəfə isə 683 min dollar ödəniş edilib.

Zahid Niftəliyev isə bildirib ki, onun tərəfindən banka heç bir məbləğdə ödəniş edilməyib.
Şahid qismində ifadə verən Rüfət Daşdəmirov bildirib ki, "Ata bank"ın bank olmayan kredit təşkilatında işləyib, təqsirləndirilən Zahid Niftəliyevi tanımayıb. Kreditin ayrılması üçün müştərilərlə ünsiyyətdə olmayıb.

Daha sonra şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. Həmin ifadədə məlum olur ki, kreditin ayrılması üçün "Şahin CO" şirkəti yoxlanılıb: "Yoxlama zamanı məlum oldu ki, şirkətə kreditin ayrılması qaydalara cavab vermir. Çünki şirkət kredit üçün müraciət edən gün təsis edilmişdi. Amma bankın idarə heyətinin sədri Dəyanət Quliyev dedi ki, kredit komitəsində müzakirəyə çıxarın, qalan məsələ bizlikdir. Biz də müzakirə edərək sənədləri onlara göndərdik. Bankın filialında kredit komitəsində məruzə ilə çıxış etdi, sonradan kreditin verilməsi üçün qərar qəbul edildi".

Qeyd edək ki, Zahid Niftəliyev iki il əvvəl rüşvət alma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib.
Azadlığa buraxıldıqdan sonra o, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.
Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq "Ata Bank" ASC-dən götürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə Ata Bank ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub.

O, götürülmüş kreditin ləğv prosesində olan "Ata Bank" ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Qeyd edək ki, Zahid Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub.

Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

Növbəti proses fevralın 5-də davam edəcək.

E.MƏMMƏDƏLIYEV,
Musavat.com

Избранный
2
19
musavat.com

10Источники