RU

"Qorquda" yaşa deyirəm - Etibar Əliyev yazır...

Dünya sürətlə dəyişir. Yaxşı bir deyim var: "İnformasiya-biliyin təqdimatıdır"! Texnologiyaların sürətli inkişafı insanların müxtəlif mənbələrdən biliklər qazanmasına motivasiya yaradır. Coxcildli kağız variantda çap olunan Ensiklopediyalara maraq azalmayıb. Lakin elektron ensiklopediyalar da milyonlarla izləyici qazanıblar. Azərbaycan haqqında öz dilimizdə və digər dillərdə zəngin və məzmunlu informasiyaların hazırlanması, elektron ensiklopediyalarda yerləşdirilməsi böyük intellektual zəhmət və sözün əsl mənasında vətənpərvərlik tələb edir. 
Yeri gəlmişkən, dünyanın ən zəngin elektron ensiklopediyası olan “Vikipediya”nın yaranmasının 24 ili tamam oldu. “Vikipediya” 340 dildə mövcud olan və viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən daim inkişaf etdirilən ensiklopediyadır.

“Vikipediya” platformasının Azərbaycan dili bölməsinin zənginləşdiriməsi və informasiyaların kəmiyyət və keyfiyyətinin sürətlə artımı qarşımızda duran əsas məsələlərdən biri olmalıdır. Azərbaycanda bu platformanın bizi qane edəcək formada fəaliyyət göstərməsində sabiq Millət vəkili Elnur Allahverdiyevin misilsiz xidmətləri vardır. Ötən ilin yalnız dekabr ayında “Vikipediya”nın Azərbaycan dilindəki səhifələri 33 milyon dəfə ziyarət edilib, son bir il ərzində isə bu rəqəm 389 milyona çatıb.

 Artıq 4 ildən çoxdur ki, Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılan “Qorqud” Vikipediya Metodik Klubunun ekspert və könüllüləri uğurla fəaliyyət göstərirlər. Bu zaman kəsiyində Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri, memarlıq abidələri və coğrafiyasından bəhs edən 6 mindən artıq məqalə Azərbaycan, türk, ingilis, rus, alman və digər dillərdə yaradılıb və zənginləşdirilib. Bununla yanaşı, “Qorqud” Türkiyə, Özbəkistan, Almaniya və Gürcüstanda “viki” qruplarının yaradılmasında da fəal iştirak edib. Bu faktın özü əlbəttə ki, “Qorqud”un artıq yüksək peşəkarlıq göstəricidir. 

 “2022-ci ildə “Şuşa İli” çərçivəsində “Qorqud” klubunun könüllüləri açıq ensiklopediyanın Azərbaycan və xarici dilli seqmentlərində Şuşaya aid 270-dən çox məqalə yerləşdiriblər. Şuşanın tarixi, mədəniyyəti, memarlığı, tanınmış elm və hərbi xadimləri, ziyalıları və şəhidlərinə həsr olunmuş mövcud məqalələr yenilənib, redaktə edilib, 20-dən çox xarici dilə tərcümə olunub. Eyni zamanda adıçəkilən mövzularda yeni məqalələr yazılıb. Bu işdə əməyi olan fədakar insanlara təşəkkür düşür. 

“Qorqud” klubuna ziyalılarımızın və ensiklopediya işindən baş çıxaranların köməyi vacibdir. Ən əsası isə intellektual könüllülər ordusunun yetişdirilməsidir. Bu işin uğurla davam etdirilməsi həm də dəyişən dünyada yeni nəsil "intellektual elita"nın yaranmasına səbəb olacaq.  “Qorquda” Dədə Qorqud dualarının yetişməsini arzulayıram!

Etibar Əliyev

Избранный
3
modern.az

1Источники