Qərbi Azərbaycan mövzusu son günlər həm Azərbaycan, həm də Ermənistan rəsmiləri tərəfindən tez-tez gündəmə gətirilir.
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziyalara verdiyi müsahibədə Qərbi azərbaycanlıların geri qayıdışı məsələsinə toxunmuşdu.
“Bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana, o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər”.
Prezident deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etməlidir. İlham Əliyev eyni zamanda deyib ki, “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır”.
Bundan sonra Ermənistanın Baş naziri sosial şəbəkə hesabında yazıb ki, Qərbi Azərbaycan Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilandır. Bunlardan kənarda Qərbi Azərbaycan yoxdur və ola bilməz. Paşinyan həmçinin deyib ki, Azərbaycan Ermənistanın qaçqın hüquqları məsələsini “Qərbi Azərbaycan” termini altında müzakirə etməsi beynəlxalq hüququn subyekti olan Ermənistan Respublikasının ərazi bütövlüyünü şübhə altına alır.
Qərbi Azərbaycan İcmasının Ermənistan baş naziri Nikol Paşinyana cavab bəyanatında isə qeyd olunub ki, Qərbi Azərbaycan məsələsi ərazi deyil, insan hüquqları məsələsidir.
“Biz Ermənistanın ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyimizi dəfələrlə ifadə etmişik. Qərbi Azərbaycan termininə gəldikdə vurğulayaq ki, bu, tarixi həqiqətlərə əsaslanan və bizim özünüidentifikasiya hüququ çərçivəsində istifadə etdiyimiz anlayışdır”.
Mövzu ilə bağlı tarixçi alim, Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli ASTNA-ya danışıb.
* * *
Sual: Cəmil bəy, Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziyalara verdiyi müsahibədə Qərbi azərbaycanlıların geri qayışı məsələsinə toxunmuşdu. “Bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana, o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər”. Prezident deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etməlidir. Sizcə, Prezidentin təklifi nə dərəcədə realdır?
Cavab: 44 günlük müharibədəki qələbədən sonra bu məsələ dəfələrlə müzakirəyə çıxarılıb. Qərbi Azərbaycana qayıdış, Zəngəzura dönüş ifadələri və tələbləri Azərbaycan rəhbərliyi tərəfindən tez-tez səsləndirilir. Amma bununla bağlı beynəlxalq təzyiq artanda İlham Əliyev izahat verir ki, Qərbi Azərbaycanlıların öz vətənlərinə turist kimi səyahət etməsini nəzərdə tutur. Yanvarın 7-dəki son müsahibəsində o, məsələni daha sərt formada qoydu və dedi ki, Ermənistan şərait yaratsın, Qərbi azərbaycanlılar öz dədə-baba yurdlarına qayıda bilsinlər. Sadəcə olaraq, təhlükəsizlik zəmanəti verilməlidir. Onların orada yaşama hüququ tanınmalıdır və əlbəttə ki, onların fəaliyyəti üçün şərait yaradılmalıdır. Yəni, “bizim tələbimiz bundan ibarətdir və mən ümid edirəm, gün gələcək ki, Qərbi azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar.” Eyni zamanda İlham Əliyev əlavə etdi ki, “bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər.” Məsələ, burasındadır ki, nə zaman Ermənistan rəhbərliyi Rusiyanın təsirindən çıxmaq istiqamətində addımlar atır və Qərbə inteqrasiya etmək istəyir, məhz həmin zamanlar Qərbi Azərbaycana qayıdış və Zəngəzurda məskunlaşmaq tələbləri intensiv xarakter alır və həm də bu intensivlik Rusiya ilə paralel şəkildə aparılır. Əgər diqqət yetirsəniz Ermənistan höküməti “Ermənistan Respublikasının Avropa İttifaqına üzvlük prosesinə başlanması” haqqında qanun layihəsini bəyənib parlamentin müzakirəsinə təqdim etdikdən sonra Azərbaycan tərəfindən bu tələblər yenidən aktuallıq kəsb etməyə başldadı. Məsələn, “Caliber.az” saytı 11 yanvar sayında yazdı ki, Ermənistan Avropa İttifaqına getsə, İran Ermənistanı işğal edəcək. Sayt onu da əlavə etdi ki, Azərbaycan müstəqil xarici siyasət aparır və öz ərazisini Qərb dövlətləri üçün poliqona çevirmək niyyətində deyil. Əvvəla hansı Qərb ölkəsi Azərbaycan ərazisini poliqona çevirmək istəyir? Azərbaycan ərazilərinin 20 faizi rus silahı və Rusiyanın bilavasitə iştirakı ilə işğal olunub, 30 ildən çox Rusiyanın poliqonu olub, 44 günlük müharibədən sonra 4 ilə yaxın Rus ordusu ərazimizdə yerləşməklə suverenliyimizi məhdudlaşdırıb. Və ya APA-nın Moskva müxbiri iki həftə əvvəl vurulmuş Azərbaycan təyyarəsinə Rusiya rəsmilərinin münasibətini öyrənmək əvəzinə, qapı-qapı düşüb “Avropa İttifaqında Ermənistanı ancaq ölüm gözləyə bilər” başlıqlı xəbərlər və müsahibələr hazırlayır. Zəngəzur ritorikasının yenidən “alovlandıran” amillərdən biri məhz budur.
Azərbaycan tərəfinin “qayıdış” tələbləri nə dərəcədə realdır? Görünür bu məsələdə yeni seçilən Amerika Prezidenti Donald Trampın Kanadanı ABŞ-nin bir ştatına çevirmək ritorikası az rol oynamayıb. Əlbəttə nəzərə almaq lazımdır ki, Ermənistanın Şərq rayonları və Zəngəzur əsrlər boyu azərbaycanlıların, türklərin dədə-baba yurdları olub. Xüsusi ilə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1993-cü ilin iyulundakı çıxışı açıqlandıqdan sonra dövlət səviyyəsində təsdiqləndi ki, Ermənistanın 3 rayonu və Zəngəzurda çoxluq təşkil edən azərbaycanlılar oradan zor gücünə qovulub və etnik təmizləmə dövlət səviyyəsində həyata keçirilib. Ancaq nəzərə almaq lazımdır ki, zor gücünə qovulmuş azərbaycanlıların öz yurdlarına qayıdış hüququnun əsaslarını onlara Azərbaycan vətəndaşı, Azərbaycan pasportu verməklə elə əliyevlər özləri sarsıdıb. Şübhəsiz bu, əliyevlərə öz hakimiyyət, seçki maraqları üçün lazım idi. Amma hakimiyyətin onları öz yurdlarına qaytarmaq niyyətləri var idisə, bu adamların qaçqın statusu ləğv edilməməli idi. Digər tərəfdən əgər bu qayıdış məsələsi real tələbdirsə, eyni tələblə Ermənistan da çıxış edə bilər. Azərbaycanlılar bugünkü Ermənistan ərazisində yaşadığı kimi ermənilər də Azərbaycan ərazisində yaşayıblar. İlham Əliyevin müsahibəsində bu tələb irəli sürülür, lakin onun doğura biləcəyi nəticələr nəzərə alınmır.
Sual: Prezidentin bu açıqlamasında sonra Ermənistanın Baş naziri sosial şəbəkə hesabında yazıb ki, Qərbi Azərbaycan Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilandır. Bunlardan kənarda Qərbi Azərbaycan yoxdur və ola bilməz. Paşinyan bu məsələdə nə dərəcədə haqlıdır?
Cavab: Paşinyan bugünkü reallıqdan çıxış edir. Hər iki tərəf açıqlamalar verir ki, sülh müqaviləsinin maddələrinin 90 faizi razılaşdırılıb. Qalan 10 faiz də ərazi məsələlərinə aid deyil. Bu halda Azərbaycanla Ermənistan arasında demarkasiya və delimitasiya yəqin ki, Qazax, Tovuz, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan rayonlarından keçəcək. Amma hələ Göyçə, Vedi, Basarkeçər, Zəngəzurun timsalında “Qərbi Azərbaycan” ifadəsi ictimai fikirdə uzun müddət qalacaq. Yəqin ermənilər də Artsax ifadəsini bir müddət unutmayacaqlar və Qarabağ reallıqlarına tezliklə adaptasiya olmayacaqlar. Lakin nəzərə almaq lazımdır ki, SSRİ dağılanda hər iki respublika hansı sərhədlərlə, hansı ərazilərlə Birləşmiş Millətlərə, ATƏT-ə daxil olublarsa beynəlxalq tanınma və beynəlxalq hüququn subyekti məhz budur. Azərbaycan torpaqlarını işğal etməklə, 30 il işğal etdikləri torpaqları nəzarətdə saxlamaqla məhz Ermənistan bu reallıqları pozub, beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və beynəlxalq münasibətlərin universal prinsiplərinə məhəl qoymayıb.
Sual: Paşinyan həmçinin deyib ki, Azərbaycan Ermənistanın qaçqın hüquqları məsələsini “Qərbi Azərbaycan” termini altında müzakirə edilməsi beynəlxalq hüququn subyekti olan Ermənistan Respublikasının ərazi bütövlüyünü şübhə altına alır. Həqiqətən də bir ölkənin ərazisini tarixə söykənərək Qərbi Azərbaycan adlandırmaq nə dərəcədə düzgündür?
Cavab: Bilirsiniz bu çox həssas məsələdir. Həm Ermənistandan gələn azərbaycanlı qaçqınların, həm də Azərbaycandan gedən erməni qaçqınların yurd hesab etdikləri yerlərdə doğulanların xeyli hissəsi hələ sağdır. Adamlar hər iki tərəfdən yaxınlarının məzarlarını qoyub çıxıblar. İndi bütün bunları bu tezliyə unutmaq çətindir. Amma qaçqın məsələsini ərazi iddiasına çevirmək də perspektivsizdir. Həm birinci dünya, həm ikinci dünya müharibəsindən sonra Fransa ilə Almaniya arasında buna bənzər münaqişə və mübahisələr çox olub. Məsələn, Elzas-Lotaringiya – uzun onilliklər boyu hər iki dövlət arasında “münaqişə almasına” çevrilib. Amma milli sərhədlər simvolik xarakter daşıyandan sonra zaman özü bu məsələni yoluna qoydu. Keçmişə istinadən ərazi iddiaları bir az tarix xəstəliyidir. 1919-cu ildə Versal konfransına gələn dövlətlərin çoxu geniş ərazi tələbləri ilə çıxış edirdilər. Məsələn, İran nümayəndə heyəti tələb edirdi ki, XVI -XVII əsrlərdəki Dövləti Aliyeyi Səfəviyyəyə məxsus torpaqlar – Qafqazda Dəmir qapı Dərbənddən, Orta Asiyada Sır Dərya, Amu Dəryadan aşağıda olan torpaqlar hamısı İrana qaytarılmalıdır. Ermənistan nümayəndələri isə iddia qaldırmışdılar ki, qədim erməni çarlığına məxsus torpaqlar onlara verilməlidir. Onda italyanlar dedilər ki, əgər müharibədən sonra dünya əraziləri bu meyarlarla bölünəcəksə, onda gərək Qədim Roma İmperiyasına məxsus torpaqlar da İtaliyaya verilsin.
Sual: İlham Əliyev eyni zamanda deyib ki, “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır”. Bu da insanlar arasında yenidən müharibə ehtimalını artırıb. Həqiqətənmi, Zəngəzur dəhlizinin hərbi yolla açılması reallaşa bilər?
Cavab: Şübhəsiz ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaq da. Lakin ultumativ tələblər kimi yox, münasibətlərin normallaşması fonunda. İlham Əliyev məsələni zor müstəvisinə çəkir, onu Ermənistana qarşı təzyiq vasitəsinə çevirir. Son hadisələr fonunda Ermənistanın Qərbə inteqrasiyasını pozmaq üçün bundan təzyiq vasitəsi kimi istifadə edir. Həm də yuxarıda qeyd etdiyimiz kimi bunu Rusiyanın maraqlarına uyğun ifadə edir. Məsələn, uzun müddət Azərbaycan tərəfi tələb edirdi ki, Zəngəzur dəhlizini Rusiya hərbi və sərhəd qoşunları mühafizə etməlidir. Niyə? Bu Rusiyanı regionda saxlamaq cəhdi deyildimi? Ərazi Ermənistanındır, dəhlizi kimin mühafizə etməsi də Ermənistanın müstəsna hüququdur. Nə üçün Azərbaycan bu dəhlizin Rusiya tərəfindən qorunmasında maraqlı olmalı idi? Axı bunun ağlabatan bir izahı olmalıdır. Bu məsələnin bir tərəfi. Məsələnin ikinci tərəfi onunla bağlıdır ki, Zəngəzur dəhlizi ilə bağlı ilk müharibə ritorikasından sonra İlham Əliyev dedi ki, əgər Ermənistan istəmirsə biz bu yolu İran ərazisindən çəkərik və işlər də başlandı. İndi yenidən yenə Zəngəzur dəhlizinin hərbi yolla açılması ritorikası işə düşür. Halbuki az müddət əvvəl xarici siyasət məsələləri üzrə İlham Əliyevin köməkçisi Hikmət Hacıyev bəyan etmişdi ki, Zəngəzur dəhlizi öz əhəmiyyətini itirib. Yəni məsələyə sabit, davamlı bir yanaşma yoxdur, vəziyyətə uyğun olaraq yanaşma da dəyişir.
Sual: Ermənistandan qovulmuş azərbaycanlı qaçqınlar sizcə, yenidən Ermənistanda yaşamaq istəyirlərmi, və ya istəyəcəklərmi, yoxsa bu sadəcə siyasətdir?
Cavab: Mənim üçün o adamların əvəzinə cavab vermək çətindir. Burada məsələnin mənəvi tərəfi var. Ancaq nəzərə almaq lazımdır ki, 44 günlük müharibədən 4 ildən artıq vaxt keçir, yalnız 2649 ailə, 10381 nəfər qaçqın ölkə daxilində olan öz yurduna qayıda bilib. Yaxın illərdə bir dövlət olaraq Azərbaycanın qarşısında başlıca hədəf qaçqınları öz yurduna qaytarmaq, bütün ölkədə ötən əsrin 90-cı illərində keçirilmiş torpaq islahatını onlara şamil etmək olmalıdır. Çünki kəndlinin ayağının altındakı torpaq onun deyilsə, o kəndlidən daha çox, muzdurdur., Çünki muzdurun vətən hissi ilə kəndlinin vətən hissi arasında əsaslı fərqlər var. Qayıdış hər iki tərəf üçün arzu kimi yaxşıdır, anlaşılandır, yurd həsrətinin ifadəsidir. Lakin onun gerçəkləşmə mexanizmi elə də asan deyil. Hələ ki, bu ritorika daha çox təzyiq alətinə çevrilib. Necə ki, az əvvəl 40 milyonluq azərbaycanlının prezidenti olmaq ritorikası vardı və həmin ritorikada Güneyi azad etməkdən daha çox ondan İrana təzyiq vasitəsi kimi istifadə etməyə xidmət edirdi.
Sual: Sizcə, Ermənistandan vaxtı ilə qovulmuş azərbaycanlıların məsələsi necə həll oluna bilər?
Cavab: Möhkəm sülhə doğru getmək lazımdır. Rusiya regionda qaldıqca suyu bulandıracaq. Azərbaycanla Ermənistan arasında möhkəm sülhə imkan verməyəcək. Uzun müddət Ermənistan Rusiyanın regionda forpostu rolunu oynayırdı. İndi isə həmin funksiyanı təəssüf ki, Azərbaycan icra edir. Putinlə Əliyev bu və bununla bağlı olan digər məsələrdə həmrəydirlər. Rusiya özünün edə bilmədiklərini də Azərbaycanın əli ilə etmək istəyir. Məqsəd Qərbi, Qərbin timsalında demokratiyanı Cənubu Qafqaza buraxmamaqdır. Ermənistan Avropa Birliyinə qoşulmaq üçün əməli fəaliyyətə başlayanda Qərb Azərbaycanın sərhədlərinə gəlib dirənmiş olur. Bu da Əliyev üçün qorxulu yuxu kimi bir şeydir. Hazırda Zəngəzur hərarətinin qalxması da yurdundan didərgin düşənləri Ermənistana qaytarmaq yox, məhz bununla bağlıdır. Ermənistandan qovulmuş azərbaycanlıların (həmçinin Azərbaycandan qovulmuş ermənilərin) məsələsi ağır tarixi mərhələlərdən keçib. 1905-1906-cı illərin, 1917-1918-ci illərin qanlı faciələri var. 1948-1953-cü illərin deportasiyası, 1988-1990-cı illərin etnik təmizləmələri var. Xalqlar arasında yalnız siyasi uçurum deyil, mənəvi uçurum da çox dərindir. Bunun yoluna düşməsi üçün zamana ehtiyac var. Amma prosesi Elzas-Lotaringiyalaşmasına yol vermək olmaz. 1871-ci ildə Almaniya güclü idi oranı tutdu, Birinci dünya müharibəsində fransızlar güclü idi Elzası geri qaytardılar, 1940-cı ildə almanlar oranı yenidən işğal etdilər. Məsələyə kim güclüdür prinsipi ilə yanaşmaq uzunmüddətli qeyri-stabillik vəd edir. Azərbaycan vətəndaşına 202 dollar minimum pensiya, ondan bir qədər artıq minimum əmək haqqı verir, amma 2025-ci il üçün 5 milyard dollar həcmində hərbi büdcə qəbul edir. Bu illik büdcə xərclərini 6,6 faizi deməkdir. Halbuki, Rusiya artıq 3-cü ildir Ukraynaya, əslində isə Birləşmiş Qərbə qarşı müharibə aparır, onun 2025-ci il üçün hərbi büdcəsi ümumi büdcə xərclərinin 6,2 faizi qədərdir. İstənilən addımın ağlabatan bir izahı olmalıdır.